Skip to main content
A collage of eight images showing damage to schools

Müharibədən çıxarılan dərslər

Dağlıq Qarabağ müharibəsi zamanı məktəblərə edilmiş hücumlar

Photos by Dmitri Beliakov, Tanya Lokshina, and Bill Van Esveld for Human Rights Watch

 

Müharibənin birinci günündə ilk uşaqlar həlak oldu.

27 sentyabr 2020-ci il tarixində atılan mərmi Viktoria Gevorgyanı öldürdü. Onun cəmi 9 yaşı vardı. Mərmi onun yaşadığı Dağlıq Qarabağın Martuni rayonundakı evinin həyətinə düşmüşdü. Elə həmin gün digər bir mərmi Azərbaycanın Naftalan şəhərində 13 yaşlı Şəhriyar Qurbanovu və onun 14 yaşlı əmisi qızı Fidan Qurbanovanı ailənin digər üç üzvü ilə birlikdə evlərinin həyətindəcə öldürdü.

Növbəti altı həftə ərzində, xəbərlərə əsasən, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə 150-dən çox mülki vətəndaş öldürüldü. Viktoriya, Şəhriyar və Fidan ölənlər arasında tək deyildilər: müharibə zamanı daha 10 azərbaycanlı uşaq öldürülmüşdü. Münaqişə müvəqqəti də olsa on minlərlə insanı evlərindən didərgin salmışdı.

Döyüşlər zamanı və sonrasında Human Rights Watch tədqiqatçıları silahlı qüvvələrin mülki əhalini hücumdan qorumaq üçün beynəlxalq müharibə qanunları çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirib yetirmədiklərini araşdırmaq üçün Azərbaycanda və Dağlıq Qarabağın ermənilərin nəzarətində olan ərazilərində araşdırmalar aparıblar. Nəticələri qiymətləndirmək üçün biz hadisə şahidləriylə müsahibə apardıq, yerli sakinlərin mobil telefonlarla döyüşlər zamanı çəkdiklərini və eyni zamanda mediada yayımlanan fotoşəkilləri və videoları araşdırdıq və peyk görüntülərini analiz etdik. Həmçinin, biz tədqiqat dövründə Erməni, Azərbaycan və de-fakto Dağlıq Qarabağ rəsmiləri ilə görüşüb, təmaslarda olduq[1].

Bu hesabat 27 sentyabr və 9 noyabr tarixləri arasında gedən döyüşlər zamanı məktəblərə edilən hücumları araşdırır və qarşıdurma zamanı məktəb uşaqlarına dəyən zərərin nəticələrini ortaya çıxarır.

Rəsmi mənbələrə əsasən, ikisi Ermənistan Respublikasında olmaqla erməni tərəfində ən azı 71 məktəb və Azərbaycanda 54 məktəb dağıdılıb və zərər görüb. Bir sıra uşaq baxçası, incəsənət və idman məktəbləri, texnikumlar hücuma məruz qalıb.

Hər iki tərəfdə məktəblər 2020 ci ilin mart ayında Covid-19 pandemiyasına görə bağlanıb. Onlar yenidən sentyabrın ortalarında açılsa da müharibə səbəbindən yenidən bağlanmalı olub. Bir sıra məktəblər qarşıdurma zamanı qaçqınlar üçün sığınacaq olaraq fəaliyyət göstərib. Dağlıq Qarabağda bəzi məktəblər hərbi qospital və sığınacaq olaraq istifadə edilib. Bəziləri yerli sakinlər və erməni hərbi qüvvələri tərəfindən talan edilib.

Həm Ermənistan, həm də Azərbaycanda məktəblər hələ də 1988 ci ildə başlamış və 1991 ci ildə Sovetlər İttifaqının dağılmasıyla şiddətlənən silahlı qarşıdurma zamanı törədilmiş müharibə cinayətlərini memoriallaşdırır.  Sovetlər İttifaqının tərkib hissəsi olan Ermənistan və Azərbaycan bir milyondan çox mülki vətəndaşın didərgin düşməsiylə nəticələnən ərazi münaqişəsiylə ittifaqdan müstəqil dövlətlər halında ayrıldılar.

Azərbaycanın tərkibində etnik ermənilərin çoxluqda yaşadığı Dağlıq Qarabağ anklavı 1991 ci ildə müstəqilliyini elan etdi, lakin o, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlərin hər hansı bir üzv dövləti tərəfindən tanınmadı. 1994 cü il atəşkəs razılaşmasına qədər etnik etməni qüvvələri Dağlıq Qarabağ ətrafında mövcud olan yeddi Azərbaycan rayonuna nəzarəti ələ alaraq təhlükəsizlik zonası yaratmış və bununla Ermənistan Respublikasına qurudan çıxış əldə etmişdi.

Dağlıq Qarabağın mübahisəli ərazisini və ətrafını göstərən xəritə. Eurasianet, Beynəlxalq Böhran Qrupu (ICG) və BBC də daxil olmaqla müxtəlif mənbələrə əsaslanaraq münaqişə tərəflərindən hər hansı birinin nəzarəti altında olan ərazilər rəngli işarələnmişdir. Bu xəritə yalnız vizual istinad məqsədi daşıyır və heç bir halda əraziyə hüquqi və ya siyasi iddiaların tanınmasını nəzərdə tutmur. © 2021 John Emerson / Human Rights Watch

2 oktyabr

Azərbaycanın qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri döyüşlər zamanı Ermənistan tərəfindən atılan raket və ağır artilleriya zərbələrinə məruz qalıb. Şəhərin əsas küçəsində olan demək olar ki, hər vitrin hücumlar nəticəsində darmadağın olub. O vaxta aid peyk görüntüləri Tərtər şəhərinin hərbi nəqliyyat maşınları ilə dolu olduğunu və döyüşlər zamanı hərbi mövqeyə çevrildiyini göstərir.

Buna baxmayaraq, Human Rights Watch nəticəyə gəlib ki, erməni silahlı qüvvələri dəfələrlə şəhərin sıx məskunlaşmış yerlərinə qeyri-dəqiq, partlayıcı silah sistemlərindən istifadə etməsi hədəflərə fərq qoymadan baş vermişdir və, beləliklə, qanunsuz hücumdur.

Oktyabr ayının 2 -də bir sakin 1990 -cı illərdə müharibə nəticəsində didərgin düşmüş insanlar üçün nəzərdə tutulan Şıxarx məhəlləsinə aid uşaq bağçasına erməni hərbi qüvvələrinin mövqelərindən endirilən zərbələrdən bir neçə saniyə sonra qalxan toz-dumanı və nəticədə baş vermiş dağıntıları videoya çəkib. Human Rights Watch videodakı görüntüləri peyk görüntüləri ilə təsdiqləyib.

3 oktyabr

Növbəti gün Tərtər şəhərinin 1 nömrəli məktəbi artilleriya zərbələrinə məruz qalıb. Hücum nəticəsində həyətin qırmızı kərpic divarları üzərində dərin mərmi izləri qalıb, pəncərə çərçivələri və şüşələr sındırılıb, sinif otaqlarına ciddi ziyan dəyib. Dəymiş zərbədən yaxınlıqdakı uşaq bağçası da zərər görüb, pəncərə şüşələri dağılıb. Dəymiş ziyanı araşdırdığımız zaman məktəb gözətçisi məktəblər döyüşlərə görə bağlanmadan öncə 1300 şagirdin məktəbdə qeydiyyatdan keçdiyini deyib.

School No. 1 in Tartar city. © 2020 Bill Van Esveld / Human Rights Watch

Dağlıq Qarabağda (Ermənilər tərəfindən Artsax olaraq adlandırılır) yaşayan bir çox mülki vətəndaş deyib ki, Azərbaycan tərəfindən atılan silahlardan nə anklavda, nə də ətraf rayonlarda qorunacaqları və təhlükəsiz hissedəcəkləri bir yer olmayıb. Qadın və uşaqların əksəriyyəti anklavın ən böyük şəhəri və eyni zamanda paytaxtı olan Stepanakertə (Azərbaycan tərəfi Xankəndi olaraq adlandırır), daha sonra isə Ermənistanın paytaxtı Yerevana və başqa ərazilərinə evakuasiya edilib.

Azərbaycan qüvvələri tərəfindən kəndləri atəşə tutularkən 51 yaşlı Narine Xaçaturyan biri 10 yaşında olan iki qızını da götürərək Stepanakertdə daha təhlükəsiz olduğunu düşündüyü valideynlərinin mənzilinə qaçıb.

4 oktyabr

Stepanakertin döyüşlər zamanı təhlükəsiz olmadığı təsdiq edilib. Artilleriya hücumlarına görə ailələr bir müddət digər sakinlərlə birlikdə qaldıqları binaların zirzəmilərində saxlanmalı olublar. Narine sadəcə mənzillərinə valideynlərinə və uşaqlarına yemək bişirmək üçün qalxdığını deyib. O bildirib ki,[2] oktyabr ayının 4-də axşam saat 8-də mənzildə şam yeməyi hazırlarkən “anidən hər yerdə şüşələr uçuşmağa başladı.”

Eyni hücum Stepanakertdəki 10 nömrəli məktəbə ciddi ziyan vurub.

Yaxınlıqdakı əsas elektrik yarımstansiyasını hədəf alan hücumlar zamanı məktəbə ən azı altı dəfə zərbə dəyib, onlarla sinif otağı istifadədən çıxıb və məktəbin elektrik və su təchizatı kəsilib.

Biz belə bir qənaətə gəlmişik ki, Azərbaycan qeyri qanuni olaraq münaqişə zamanı fundamental dəqiq olmayan artilleriya raketləri də daxil olmaqla, genişmiqyaslı təsirə malik döyüş sursatlarından istifadə etməsi hədəflərə fərq qoymadan baş vermişdir və, beləliklə, bu qanunsuz hücumdur.

Satellite image recorded on October 8, 2020 shows at least 10 impact sites over an area of 300 meters radius from the electrical substation in Stepanakert attacked on October 4. Some of these strikes directly hit the main control building the transformers and sub transmission lines in the substation and several affected residential and commercial buildings in the vicinity. Others landed on the courtyard of School Number 10. Satellite image © 2020 Planet Labs

Tərtərin 1 nömrəli məktəbi kimi 10 saylı Stepanakertdəki məktəbin də 1300 şagird olub. 2021 -ci ilin mart ayının əvvəlindən etibarən məktəbin yalnız üçdə biri yenidən istifadəyə verilib.[3]

Bizə yerli rəsmilərin verdiyi məlumata görə, münaqişə zamanı Stepanakertdə zərər görmüş digər məktəblər arasında 12 saylı məktəb, 1 saylı uşaq bağçası, musiqi məktəbi, Erməni Evangelist Assosiasiyasının uşaq bağçası da olub.[4]

4 oktyabr hücumundan sonra Narine və onun əlillikləri olan 10 və 25 yaşlı iki qızı, yenidən Stepanakerti tərk etməli olublar. 2021 -ci ilin fevral ayından etibarən, onlar münaqişə nəticəsində didərgin düşmüş digər bir neçə ailə ilə birlikdə Yerevandakı karlar məktəbinə sığınıblar.[5]

A crater and damage to the Shikharkh secondary school on the outskirts of Tartar city. © 2020 Tanya Lokshina / Human Rights Watch

5 oktyabr

Tərtərdə 1 saylı məktəbdən bir neçə kilometr aralıda yerləşən 5 saylı məktəb hücuma məruz qalıb. Məktəb direktoru müsahibə zamanı bildirib ki, hücum nəticəsində sinif otaqları, pəncərələr və onlayn dərs vermək üçün müəllimlərin istifadə etdiyi komputerlər darmadağın edilib, elektrik naqilləri kəsilib.

Bir az aralıda yaşayan 30 yaşlı Cavid Ağayevin sözlərinə görə ən az üç artilleriyanın cəlb edildiyi digər bir hücum oktyabr ayının ortalarında baş verib və Şıxarx orta təhsil məktəbini və eyni küçədə yerləşən musiqi məktəbini dağıdıb.[6]

Noyabr ayının əvvəllərində Tərtərdə kimliyinin açıqlanmasını istəməyən yüksək vəzifəli məmurla görüşdük. O, boz və zeytun rənglərinin kamuflyajından ibarət forma geyinmişdi. O, bizi şəhərin mərkəzində regional mərkəzin altında yerləşən zirzəmiyə apardı və bizə orda müharibə zamanı dəyən ziyanla bağlı uzun bir siyahı oxudu. Onun sözlərinə görə, on dörd dövlət məktəbi, üç uşaq bağçası və bir peşə məktəbi zədələnib və ya dağıdılıb. Hadisələr zamanı 17 mülki vətəndaş öldürülüb və 114.000 sakindən 10.000 –i ərazidən evakuasiya edilməli olub.[7] Biz Tərtərdə zərər görmüş məktəbləri ziyarət etdik və 5 hücum nəticəsində dəymiş ziyanın şahidi olduq.

Smerch artillery rocket and other munition remnants, collected at the regional administrative complex in Tartar city. © 2020 Bill Van Esveld / Human Rights Watch
Map 2. Satellite imagery analysis of damaged sites and military positions established during October 2020 in the city of Tartar, as of October 23, 2020. Satellite imagery © 2020 CNES / Airbus
A military truck parked behind School No 1 in Tartar city. © 2020 Tanya Lokshina / Human Rights Watch

Biz noyabr ayının 1-də 1 saylı məktəbin arxa divarının arxasında park etmiş bir Azərbaycan hərbi yük maşınının da şahidi olduq.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə Kənd Təsərrüfatı Universitetində baytarlıq fənni üzrə dərs deyən Dr. K. Məmmədova bizə hücumun dəqiq tarixini 5 oktyabr səhər 2:37 radələrində olduğunu qeyd edib və hücum zamanı öz keçmiş məktəbi olan 4 saylı orta məktəbin dağıdıldığını vurğulayıb.[8]

A crater caused by an artillery rocket, across the road from the back entrance to School No. 4 in Ganja. © 2020 Bill Van Esveld / Human Rights Watch

Məktəbin arxa girişinin qarşısındakı küçəyə düşən artilleriya raketi Rusiya istehsalı Smerch (Tornado) olub, milli Minatəmizləmə Agentliyi bildirib. Qeyd edilib ki, Smerch 7,6 metr uzunluğunda olub 258 kiloqram yüksək partlayıcı daşımaq qabiliyyətində olub. Partlayış məktəbin arxa qanadındakı pəncərələri və qapıları, sinif otaqlarını dağıdıb və daxili həyətin qarşı tərəfindəki otaqların pəncərələrinı sındırıb.

Gözətçinin sözlərinə görə, məktəbdə 3200 şagird qeydiyyatdan keçib.

8 oktyabr

Şahidlər bildirir ki, saat 11 -də başqa bir Smerch raketi Azərbaycanın üçüncü böyük şəhəri olan Bərdədə 5 nömrəli orta məktəbin həyətinə düşüb. Məktəb 1500 şagirdə bağlı olsa da müharibə nəticəsində evlərindən didərgin düşmüş 300 nəfər üçün sığınacaq kimi fəaliyyət göstərib. Məktəb direktoru Teymur Həmidov bildirib ki, hücum zamanı 15 müəllim və digər heyət üzvləri məktəbdə olub. 5 nəfər xəsarət alıb.

Həmidovun sözlərinə görə, raket ölümcül döyüş başlığını mümkün ki, yerə dəymədən öncə sərbəst buraxıb, o, yarı yerə batmış və quyruğu “üç metr yuxarıya doğru havada” olub.[9]

14 oktyabr

Səhər saat 10-da iki ağır artilleriya raketi Tərtərin iki kilometr uzaqlığında yerləşən Düyərli kənd məktəbinin həyətinə düşüb. Üçüncü raket məktəbin damına dəyərək beş sinif otağını yararaq keçib və bütün məktəbi yandırıb.[10]

The school in Duyarli village (Tartar). © 2020 Bill Van Esveld / Human Rights Watch

Əlli yeddi yaşlı müəllimə Arzu Quliyeva hadisə zamanı yolun digər tərəfində yerləşən evində olub. Raketin qalıqları onun damına da dəyib və yanğın başlayıb. Quliyevanın həyat yoldaşı yanğınsöndürmə xidmətinə zəng vurmağa çalışıb, lakin telefon xətti hücum nəticəsində kəsilib. Onun dediklərinə görə, “o, yoldan keçən maşınlara qışqıraraq yanğınsöndürənləri köməyə çağırmasını xahiş edib”.[11]

Sakinlər və yanğınsöndürənlər alovlarla mübarizə aparmaq üçün təzəcə toplaşıblar ki, dördüncü raket atılıb. Yerli nümayəndə hücum nəticəsində yaralanan yeddi mülki vətəndaşın adını açıqlayıb.

Həyat yoldaşı məktəbin müəllimi olan 44 yaşlı Namiq Süleymanov bizə məktəbin həyətyanı ərazisində artilleriya mərmisinin yaratdığı iki krateri göstərib. Biz, eyni ərazidə hələ də qalmaqda olan mərmi parçalarının şahidi olduq. Məktəbin arxasında biz L şəkilli xəndək gördük. Süleymanovun sözlərinə görə, bu, sığınacaq olub  döyüşlər zamanı məktəbin mülki yanğınsöndürən özlərini düşən mərmilərdən qorumaq üçün qazılıb.[12] Hücumlar səbəbindən bu qorunmaq planı ləğv edilmişdi.

A bomb shelter and remnants of an artillery shell in the yard of the Duyarli school (Tartar). © 2020 Bill Van Esveld / Human Rights Watch

Azərbaycan hərbi qüvvəsinin Düyərli yaxınlığında yerləşməsi şəhərə erməni hücumlarının artmasının səbəbi olaraq göstərilir. Oktyabr ayının peyk görüntüləri də Düyərlinin cənub-şərqində, yaxınlıqdakı evdən cəmi 10 metr aralıda 10 Azərbaycan hərbi mövqeyinin olduğunu təsdiq edir. Ərazidə həmçinin 800 metr qərbdə üç ağır artilleriya silahı, 1,5 kilometr şimalda dörd raket qurğusu və 2,5 kilometr cənub -qərbdə daha iki raket qurğusu görünür.

Buna baxmayaraq, bu hərbi obyektlərin mövcudluğu məktəbin ağır artilleriya atəşinə tutulmasını nə izah edir, nə də haqq qazandırır. Bir məktəbi və ya mülki ərazini qəsdən hədəfə almaq müharibə cinayəti sayılır.

Ermənistan hakimiyyəti xəbər verir ki, Azərbaycan dronları Vardeniz yaxınlığında yerləşən erməni kəndləri olan Sotq və Kutda iki orta təhsil məktəbini dağıdıb və bizə bildiriblər ki, oktyabr ayının 14-də səhər saat 9 radələrində dron hücumu Sotq yaxınlığında digər mülki vətəndaşlarla kənd təsərrüfatı ərazisində kartof toplamağa gedən 14 yaşlı oğlanın ciddi şəkildə yaralanmasına səbəb olub.[13]

15 oktyabr

Təhsil Nazirliyinin rəsmisinin sözlərinə görə, Dağlıq Qarabağ kəndi olan Karmir Şukada (Azərbaycanca Qırmızı Bazar) olan yeganə məktəb döyüşlər zamanı “ciddi xəsarət” alıb.[14] Erməni qüvvələri oktyabr ayında məktəbi yaralı əsgərlər üçün sahə xəstəxanası olaraq istifadə etməyə başlayıb, qonşu kənddən olan tibb bacısı deyib.[15] Kənddəki “xəstəxana” işarəsi məktəbə yönləndirilmişdi. Oktyabrın 15-də kəndə edilmiş hücum ən ciddi ziyan sayıla bilər. Noyabr ayında bizim ziyarətimiz zamanı məktəbin birinci mərtəbəsi və həyətyanı sahə hərbi gödəkçələr, qanlı uniformalar, əski parçaları və xərəklə dolu idi. Biz həmçinin həyətdə çox sayda artilleriya qalıqları gördük, məktəb binasının bütün pəncərələr dağılmış və sınmışdı.

17 oktyabr

Saat 1.30 radələrində iki Scud-B ballistik raket Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni vuraraq 21 nəfərin ölümünə səbəb olub. İlk partlayış Muxtar Hacıyev küçəsindəki evləri dümdüz edərək 250 metr aralıda yerləşən 29 saylı orta təhsil məktəbini və 10 nömrəli uşaq bağçasını dağıdıb. Zərbə hətta 850 metr aralıda yerləşən 18 saylı məktəbin pəncərələrini sındırıb.[16] Hücum zamanı 10 mülki vətəndaş evlərində həlak olub. Onların dördü 29 saylı məktəbin şagirdləri olub – 11 yaşlı Orxan, onun bacısı 6 yaşlı Məryəm, həmçinin onların digər bacısı və anası; nənəsi tərəfindən himayə edilən 13 yaşlı Arturdigər 4 ailə üzvləriylə birlikdə həlak olan 14 yaşlı Nigar.[17]

Map 1. Satellite imagery analysis of the attacks documented by Human Rights Watch and potential military objects visible during October 2020, in Ganja city. Satellite imagery © 2020 Planet Labs

Məktəbin həyəti şüşə qırıntıları, dağılmış taxta pəncərələrin qalıqları və sınmış parta və oturacaqlarla dolu idi. Dağıntıları qeydə alan məktəbin rəhbərliyi bizə bildirdi ki, məktəb evləri dağılmış şagirdlərlə əlaqəni itirib; “onların indi harda olduğunu təsbit etmək asan deyil və bu səbəbdən onları distant təhsillə təmin edə bilmirik.” Məktəb digər tələbələr üçün onlayn tədris üsulu ilə təhsili davam etdirməyə cəhd edirdi.[18]

© 2020 Dmitri Beliakov for Human Rights Watch

Scud-B raketləri özləri ilə birlikdə təxminən 1000 kiloqram həcmində yüksək partlayıcı daşıya bilər. 1960 ci ildə Sovet İttifaqında istehsal edilən raketlərin təxminən 100 metrə yaxın qeyri-dəqiq radiusu var. Bu tip silahlar qeyri-dəqiq hesablamayla daha geniş ərazini dağıtmaq gücünə sahibdir. Ermənistan rəhbərliyi iddia edirlər ki, onlar Gəncədəki hərbi məntəqələri hədəfə alıblar. Ancaq bizim peyk görüntüləri ərazidə bir sıra hərbi oyektlər mövcud olduğunu təsdiq etsə də, bu tip qeyri-dəqiq və hədəfi  bəlli olmayan silahın insanların sıx məskunlaşdığı ərazidə istifadəsi qeyri-qanunidir.

19 oktyabr

1994 cü ildə başa çatan birinci Dağlıq Qarabağ müharibəsindən bu yana Ermənistan və Azərbaycan silahlı qüvvələrini ayıran “təmas xətti” Azərbaycanın Ağdam rayonundan keçirdi.

Bu xəttdən bir neçə kilometr aralıda 1990-cı illərdə didərgin düşmüş insanlar üçün salınmış Birinci Baharli qəsəbəsi yerləşir. Oktyabrın 19-da günorta saatlarında Qrad tipli artilleriya raketlərinin (Hail) hücumu nəticəsində 180 saşirdi olan lakin döyüşlərə görə bağıanan 1 nömrəli məktəbi ciddi şəkildə dağıdıb, sakinlər bu haqda bizə bildirib.[19]

Digər iki raket 2020-ci ilin əvvəlində təmir edilmiş və 35 şagirdi olan təxminən 100 metr məsafədə yerləşən məktəbin uşaq bağçasına dəyib.[20]

 

*********************

Stepanakertin 40 kilometrliyində yerləşən Martuni şəhərində 2 saylı məktəbin direktoru olan Mihran Civanyan müharibə zamanı şəhərdə qalan bir ovuc insandan biriydi. “Nə elektrik var idi, nə də bir insan, çətin idi,” o deyib.

Azərbaycan artilleriyası müxtəlif günlərdə şəhərin müxtəlif bölgələrinə atırdı, Civanyanın sözlərinə görə, hücum “gözlənilməz” olduğu üçün dəhşətli idi.[21]

Erməni rəsmiləri bizə bildirdilər ki, 2 nömrəli məktəb 1-15 oktyabr tarixlərində dəfələrlə atəşə tutulub.[22] Ən böyük dağıntı oktyabrın 19-da atılan Qrad artilleriya raketlərinin 2 saylı məktəbin qarşı tərəfində yerləşən şəhərin “Mədəniyyət Evi” ndə yerləşən musiqi və incəsənət məktəbini dağıtmasıyla baş verib. İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (İPHR) təşkilatının araşdırmaçıları hücumdan çətinliklə qurtula biliblər.[23] Civanyanın sözlərinə görə, 2 saylı məktəb yenidən noyabr ayının 8-də, atəşkəsdən iki gün öncə vurulub.

Civanyan 10 noyabr tarixində dəyən ziyanı arxivləşdirmək üçün məktəbə gedib. “Bir qrad raket dama çırpılıb və damdan içəri düşüb, digəri məktəbin həyətinə, digər biri darvazaya, digəri isə məktəbin girişinə yaxın zəmin qata dəyib”, Civanyan deyib. İkinci mərtəbə ciddi şəkildə zədələnib və biz 23 noyabr tarixində ziyarətimiz zamanı məktəb həyətində iki və ikinci mərtəbədə yerləşən sinif dəhlizində bir Qrad qalığına rastladıq. Yaxınlıqdakı bütün binaların pəncərə şüşələri dağılıb, eyni zamanda ərazidə yerləşən bağça, kitabxana və rayon idarəçilik binasına ciddi ziyan dəyib.

 

23 oktyabr

Stepanakertin 15 kilometr şimalında yerləşən Dağlıq Qarabağın mərkəzi rayonu olan Əsgəran intensiv artilleriya hücumuna məruz qaldığı üçün şəhərin yerli musiqi və incəsənət məktəbi müvəqqəti olaraq xəstəxanaya çevrilib. Həkimlər, müalicə alan yerli sakinlər, həmçinin hücumdan qorunmaq üçün məktəbə sığınan insanlar axşam 6.30 radələrində raket binanın iki metr məsafəsində maşına çırpıldığı zaman orada olublar, yerli təhsil nümayəndəsi deyib.[24]

Məktəb binasında ciddi xəsarətlər var idi. Təəccüblü şəkildə, binanın zəmin qatına sığınmış heç kim yaralanmayıb.

2 noyabr

Ermənistanla təmas xəttindən bir neçə kilometr məsafədə yerləşən Azərbaycanın Ağdam rayonunun Məhrizli kəndində raket səhər saat 6 radələrində kəndin yeganə məktəbinin sinif otaqlarını vurub. Hücum zamanı məktəbin divarları, qapısı, pəncərələri və ləvazimatlar dağılıb. Oktyabrın 10-da baş vermis digər bir artilleriya hücumu artıq məktəbin həyətini vurub ziyan yetirmişdi.[25] Məktəbin 300 şagird və 35 müəllim heyəti var idi.

Mahrizli village school (Aghdam). © 2020 Tanya Lokshina / Human Rights Watch

Atəşkəsdən sonra

Noyabrın 9-da Azərbaycan hərbi qüvvələri Şuşa (Ermənicə Şuşi adlanan bu şəhər 1990-cı illərin əvvəlindən başlayaraq ermənilərin nəzarətində olub) şəhərinə nəzarəti ələ aldıqdan sonra Azərbaycan prezidenti və Ermənistan baş naziri Rusiyanın vasitəçiliyi ilə atəşkəs müqaviləsi imzalayıb və bununla döyüşlərə son qoyulub.

Atəşkəsin müddəalarına uyğun olaraq Azərbaycan Dağlıq Qarabağın 15 faizinə və işğal edilmiş digər yeddi rayonun tamamına nəzarəti ələ alıb.

Növbəti beş il ərzində xidmət üçün ən az 2000 Rus əsgəri sülhməramlı qismində Dağlıq Qarabağa ezam edilib.

Azərbaycana keçmiş ərazilərdə yaşayan sakinlər torpaqlardan çıxmalı olublar. Bəzi şəhərlərdə sakinlər evlərini və digər infrastrukturları tərk etmədən yandırıblar. Dağlıq Qarabağ/Ermənistan ordusu və yerli hakimiyyət nümayəndələrinin də yanğınları törətmədə iştirak etməsi bildirilir.

Noyabrın 22-də biz Kəlbəcər rayonundakı Yeghegnut kəndini ziyarət etdik. Orada məktəblər hələ də yanırdı. Hərbi maşınlar digər yandırılan binanın önündə park etmişdi və dörd xidməti şəxs erməni ordusuna məxsus ərzaq məhsullarıyla kirlədilmiş məktəb həyətindən hərbi geyimlərini götürürdülər. Biz həmçinin Knaravan və Çarektar kəndlərində yandırılmış məktəblər gördük.

2020 ci ilin sentyabrında Dağlıq Qarabağda 220 məktəb və 24,000 şagird olub.[26] Noyabr ayında 6,834 şagirdi olan 107 məktəb, həmçinin 1750 şagirdi olan 4 incəsənət və 4 idman məktəbi artıq Azərbaycanın nəzarətində idi.[27]

Atəşkəsdən sonra təhlükəsizlik baxımından evlərini tərk edən mülki vətəndaşlar Dağlıq Qarabağın Ermənistanın nəzarətində qalan ərazilərinə qayıtmağa başladı. Azərbaycanın nəzarətinə keçmiş Dağlıq Qarabağın ərazilərində yaşamış Erməni vətəndaşlar ya Ermənistanda qaçqın olaraq qalmağı seçdilər, ya da Qarabağın ermənilərin nəzarətində olan ərazilərinə köçdülər. Bu ərazilərdə məktəblərin açılması bir sıra problemlerlə üzləşmişdi. Məktəblər qaçqınlar üçün müvəqqəti sığınacaq və ya hərbi qüvvə üçün barak rolunu oynayırdı. Bəzi məktəblər yarı da olsa təmir edilmişdi. Ancaq bəzi məktəblər təhlükəsizlik səbəbindən demək olar ki, boş qalmışdı. Geri qayıdan müəllim heyəti məktəb otaqlarının yağmalandığının şahidi olmuşdu.

Ermənilərin nəzarətində olan Martunidə, heyətin sözlərinə görə, qrad raketləri noyabr ayının əvvəlində 1 saylı məktəbi 5 dəfə vurmuşdu. Pəncərələr, məktəbin damı dağılmış, sinif otaqları tamamən sıradan çıxmışdı. İclas otağında tavan dağılmış və döşəmədə qrad raketinin qalıqları var idi. Təmir işləri başlamadan öncə müharibə zamanı Martunidən kənarda yerləşən İkinci Artsax (Azərbaycanca Dağlıq Qarabağ) Müdafiə Bölümünün əsgərləri noyabrın 10-da məktəbə yerləşib.

Noyabr ayında baş tutmuş ziyarətimiz zamanı biz əsgərlərin sinif otaqlarında və yaxınlıqdakı baxçada yerləşdirildiyini gördük, və məktəbin həyətində hərbi maşınların və silahların şahidi olduq. Onlar dekabr ayının 19-a qədər məktəbdən çıxarıldılar.[28]

“Onlar otaqdan çıxar çıxmaz biz otağa girib oranı təmizlədik. Biz onları təmizləyici vasitələrimizlə qovmağa çalışırdıq, biz məktəb olaraq açılmaq istəyirdik,” çünkü 200 şagird artıq şəhərə qayıtmışdı, məktəb heyətindən bir nəfər bizə bildirib. Beş həftə kazarma olaraq istifadə edildikdən sonra “bina təsəvvür etdiyiniz kimi acınacaqlı vəziyyətdə idi. Bütün təmizlik və kiçik təmir işlərini özümüz etdik,” o əlavə edib.

İşçilər naməlum şəxslərin məktəbi qarət etdiyini aşkarlayıb. “Komputerlərimiz hamısı oğurlanmışdı,” heyət üzvü bildirib. “O cümlədən yeni gəlmiş və hələ də qutularında olan səkkiz tablet və iki noutbuk oğurlandı,” o əlavə edib. “Kimya laboratoriyasındakı avadanlıqlar oğurlandı. Xerox maşınlarımız və telefonlarımız oğurlandı”.

Bütün bunlara baxmayaraq, 1 saylı məktəb 21 dekabrda yenidən açılıb. Fevralın ortalarına qədər 544 keçmiş şagirddən 464-ü geri dönüb, o cümlədən keçmiş icmaları Azərbaycanın nəzarətində olan 93 yeni şagird də məktəbdə təhsilə başlayıb.[29]

2 nömrəli məktəb də kompüter və idman avadanlığı olmadan yenidən fəaliyyətə başlayıb. Keçmiş direktor Mihran Civanyana görə, 430 şagirdin demək olar ki, hamısı geri dönüb və yeni köçmüş tələbələrin əlavə olacağı gözlənilir. “Müharibədən əvvəllə müqayisədə daha çox tələbəmiz olacaq” o deyib.[30]

Children returned to School No. 2 in Martuni by January 2021. © 2021 Tanya Lokshina / Human Rights Watch

Ermənistan silahlı qüvvələri tərəfindən yaralanan döyüşçülər üçün xəstəxanaya çevrilən Karmir Şukadakı məktəb yanvar ayında yenidən açılıb.

Ermənistan hakimiyyəti iddia edir ki, “Azərbaycan Silahlı Qüvvələrinin hədəf aldığı ərazilərdə və ya yaxınlığında heç bir hərbi obyekt olmayıb. Məktəblər və uşaq bağçaları da daxil olmaqla ... nə onlar, nə də mülkləri hərbi məqsədlər üçün istifadə edilməyib”.[31] Karmir Şuka ilə əlaqədar olaraq bütün xəstəxanalar beynəlxalq qanunlar çərçivəsində qorunur və hərbi hədəf ola bilməz, ancaq qarşıdurma əsnasında məktəb mülklərindən istifadə edilmədiyini söyləmək yanıldıcıdır.

Atəşkəsdən sonra məktəblərin hərbi istifadəsi ilə bağlı bir neçə problemli vəziyyət yaranıb. Noyabrın sonunda dağlıq Berdzor şəhərinə (Azərbaycanda Laçın adlanır) səfər etdiyimizdə, məsələn, 1 saylı məktəb kazarma kimi istifadə olunurdu. Noyabrın 8 -də gecə saatlarında kazarma raket hücumu nəticəsində zədələnib, evi Azərbaycanın nəzarətə götürdüyü ərazilərdə olan xidməti işçi belə deyib. Bir təhsil işçisinin bizə dediyinə görə, Azərbaycan qüvvələri “yolun hər iki tərəfində” olduğuna görə şəhər boşaldılıb.[32] Atəşkəs razılaşmasına əsasən, Azərbaycan dekabr ayında əraziyə nəzarəti yenidən ələ keçirib.

Ermənilərin əlində qalan bəzi məktəblər Azərbaycan qüvvələrinə yaxın olduqları üçün bağlanıb, digərləri isə yenidən açılıb, ancaq valideynlər uşaqlarını məktəbə göndərmək istəmədikləri üçün demək olar ki, boş qalıblar.[33]

Müharibədən sonrakı reallığın hər iki aspekti əvvəllər Ermənistanın nəzarətində olan dağlıq ərazidəki Tağavard kəndində açıq görsənir. Kəndin yuxarı hissəsində əvvəllər 600 sakin yaşayırdı və kəndin öz məktəbi var idi, lakin sakinlər hərbi əməliyyatlar zamanı ərazini tərk etməli olub. İndi ərazi Azərbaycanın nəzarətindədir və məktəb fəaliyyət göstərmir. Aşağı Tağavarda gedən yolun yarısında bir yığın daş bir -birindən 50-60 metr aralıda olan Azərbaycan və Ermənistan hərbi mövqelərini bölməyə xidmət edir, ərazidə rus sülhməramlıları yoxdur.

The Tahgavard schoolyard. © 2021 Tanya Lokshina / Human Rights Watch

Aşağı Tağavard ermənilərin nəzarətindədir, ancaq 700 sakindən çox az adam geri dönüb və 52 şagirddən yalnız dördü məktəbə qayıdıb, direktor Marqarita Saakyan fevral ayında bizə deyib. “Hamı qorxur. Gecələr atəş açılır ... Bizim hərbçilər və onların hərbçiləri qışqırır, bir -birlərinin adını çəkirlər, sonra atışma başlayır.”[34] Məktəb işçilərinin dediyinə görə, oktyabrın sonu və ya noyabrın əvvəllərində olan hücum nəticəsində məktəb arxa və ön tərəfdən zədələnib. Saakyanın dediyinə görə, dam, qapı və pəncərələrdə “əsaslı” təmir işləri aparılsa da “kimsə kompüterimizi və hərbi təhsil təlimatçımızın ofisində kilidli saxladığı silahı oğurladı.” O, fevralın 20 -də məktəbə gəldiyimiz zaman məktəbin yerli rəhbərlikdən və ya Rusiya qüvvələrindən, xüsusilə də “məktəb çəpərinin ətrafındakı metal divarla bağlı uşaqlar məktəbin həyətində təhlükəsiz oynasınlar deyə kömək istədiklərini” deyib.[35] Biz həyətdə mərmi parçaları gördük.

Dağlıq Qarabağ boyunca rəsmilər məktəblərə dəymiş küllü miqdarda ziyan, uşaqların köçkün düşməsi və təhsilin aylarca yarım qalması səbəbindən bölgədə ilkin planlamaya başlayıblar. Zədələnmiş məktəblər təmir edilib yenidən istifadəyə verilsə də Əsgəran rayonunun Aygestan və Şoş kəndlərində[36] xəsarət almış baxçaların açılması üçün vəsait olmayıb. Stepanakertdə də 2 nömrəli məktəbin yalnız bir hissəsi istifadə edilir. “Biz 178 uşaq üçün nəzərdə tutulmuş məktəbəqədər sinifləri aça bilmədik”, Stepanakertdəki təhsil nazirliyindən Raya Musayelyan deyib. Digər məktəblər dəyən ziyan və məktəbləri hazırda Azərbaycanın nəzarətində olan ərazilərdən olan uşaqların yerləşdirilməsi səbəbindən səhər erkəndən axşama qədər iki növbəli dərs sisteminə keçməli olub.[37] 31 məktəbdən doqquzuna ziyan dəymiş Martakert rayonunda (Azərbaycan tərəfində Ağdərə olaraq adlandırılır) 3300 keçmiş şagirdin demək olar ki, hamısı geri dönüb, həmçinin Martuni, Əsgəran, Şuşi/a və digər bölgələrdən köçmüş uşaqlar da, yerli təhsil nazirliyinin nümayəndəsi əlavə edib.[38]

Xəstəxanalara qanuni olmayan hücumların şahidi olduğumuz Martakert şəhərində 700 şagirdi olan 1 saylı məktəb 29 oktyabr və 7 noyabr tarixlərində vurulub.[39] Bütün pəncərələr dağıdılıb, qapı və pəncərə çərçivələri uçub, divarlar və tavanlarda çatlar var. “Köhnə binadır,” məktəb direktoru Roza Harutyunyan belə deyib.[40] “Bəzi sinif otaqlarında qorxuruq ki, tavan başımıza uçacaq, bu səbəbdən biz sadəcə binanın bir hissəsində dərs keçirik. Kifayət qədər yer yoxdur və biz indi iki növbədə dərs keçirik.”

“Məktəb yağmalanıb. Bir çox şey – qab-qacaq, mebel, direl, çim biçən maşın oğurlandı” işçilərdən biri deyib. “Bəzi şeylər, əsgərlərimiz tərəfindən qərargahlarına aparıldı. Anlayıram, onlara bu şeylər lazım idi, amma heç nə geri qaytarılmadı. Və bəziləri yerli sakinlər tərəfindən oğurlandı ”.[41]

School No. 1 in Martakert. © 2021 Tanya Lokshina / Human Rights Watch

Döyüşlərdən sonra noyabrın sonunda Azərbaycana təhvil verilmiş ərazilərdən didərgin düşmüş insanlar müvəqqəti olaraq sinif otaqlarında sığınacaq tapdılar.[42] Daha sonra onlar oradan köçdülər və yanvar ayında məktəbdə uzun müddətdir planlaşdırılan təmir işləri nəhayət ki başladı. Ancaq daha bir problem var: Rusiya sülhməramlı qoşunları ən az yeddi böyük çadır yataqxanası da daxil olmaqla qonşu idman stadionunda baza qurub.

Yanvarın 20-də Rusiya sülhməramlıları Dağlıq Qarabağda hərbi təlimlər həyata keçirdi və Martakertdə onlar məktəblərə xəbərdarlıq etmədi. “Birdən dəhşətli bir səs eşidildi və uşaqlar ətrafa qışqıraraq qaçdılar ki, döyüşlər yenidən başladı” heyət üzvü dedi. “Zirehli personal məktəbin həyətinədək girdi. Əsgərlər tüfəngdən atəş açırdılar; hər yer cəhənnəmə dönmüşdü”.[43] Daha sonra zabitlər manevrlər barədə əvvəlcədən xəbərdarlıq edəcəklərini bildiriblər. Onlar döyüş zamanı azərbaycanlıların atəş açması nəticəsində qırılan pəncərələri əvəz etmək üçün məktəbə pəncərə şüşələri də hədiyyə ediblər. “Onlar qırılan pəncərələrin çoxunu əvəz etməyimiz üçün kifayət idi. Onların bu bazada öz xəstəxanaları var və deyiblər ki, ehtiyacımız olarsa biz də istifadə edə bilərik. Ancaq bilirsiniz, uşaqlar hərbi qulluqçulardan və onların silah və texnikasından qorxurlar.”[44]

Martakertdəki 2 saylı məktəb bir əsrdən çox yaşı olan üç kiçik binadan ibarətdir. Onlardan biri Çarın nəzdində hərbi çağırış məntəqəsi kimi xidmət edib. İndi onları əhatə edən qalın daş divarda Qrad raketinin səbəb olduğu boş çuxur var, həyətindən silah qırıqları tapdığını deyən təmir işçisi deyib. Partlayışdan sonra dəymiş zərər Qrad partlayıcısına uyğundur: o, bir binanın tavanının çökməsinə səbəb olub; yağış və qar içəridəki əşyaları məhv edib. Məktəb direktoru Melsida Kardumyan deyib, “Bu, bizim birinci sinif şagirdlərinə dərs dediyimiz yer idi və [binanın] kitabxanası, elm laboratoriyası və idman salonu var idi”.[45]

A shell went through the fence of School No 2 in Martakert. © 2021 Tanya Lokshina / Human Rights Watch

Birinci siniflər köçürüldü, lakin kitabxana, laboratoriya və idman zalı dağıldı. Bu məktəb də talan edilmişdi. “Laboratoriyada və idman zalında olan bütün avadanlıqlar yoxa çıxdı, oğurlandı. Artıq hətta atlama ipimiz belə yoxdur” bir işçi deyib.[46] Fevralın sonuna qədər tələbələrin əksəriyyəti və 22 yeni köçmüş uşaq qeydiyyatdan keçdi və daha 35 keçmiş şagirdin Ermənistandan qayıdacağı gözlənilir. “Onlar binaya sığmırlar, buna görə iki növbədə dərs keçməliyik. Əslində ehtiyacımız olan hücum üçün zirzəmisi olan yeni məktəbdir. Bunun möhkəmləndirilmiş zirzəmisi yoxdur,” Kardumyan deyib. Bir çox sakinlər kimi o da atəşkəsin daimi olacağına inanmır.

İrəliyə doğru

Azərbaycan 6-həftəlik müharibədən sonra nəzarətə aldığı ərazilərin yenidən bərpası üçün 2.2 milyard manat (US $1.29bn) ayırıb. İlkin 7 milyon mana dağılmış məktəblərin təmirinə ayrılıb. Azərbaycan təhsil naziri bizə bildirib ki, “uşaqlar üçün əlverişli şəhərlər”[47] tikmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcəklər. Valideynləriylə müqayisədə təhsillə daha az maraqlanan gəncliyə sahib Azərbaycanda hökumətin bu yüksək təhsil ümidlərini gerçəkləşdirə biləcəyini görmək maraqlıdır. Ərazilər basdırılmış minalarla doludur və infrastrukturun böyük hissəsi dağılıb. 1990 -cı illərdən bəri mina qurbanlarının dörddə birindən çoxu uşaqlar olub.

Azərbaycan və Ermənistan məktəblər tikdikcə və dağılmış olanları təmir etdikcə əmin olmalıdırlar ki, əlilliyi olan uşaqlar da daxil olmaqla bütün uşaqların bu il tədrisə çıxışı olsun.

ABŞ hərbi strateqləri, deyilənlərə görə, Azərbaycanın döyüş meydanında uğur qazanmasında rolu olan Türkiyə və İsrailin pilotsuz uçuş vasitələrinin - dronların oynadığı rolu öyrənirlər. Dron hücumlarının məktəbləri vurması və bir uşağı yaralamasıyla bağlı xəbərlər təhsilə bu qədər dağıdıcı təsir göstərən müharibə səhvlərinin öyrənməyin zəruriliyini göstərir.[48]

Hökumətin atəşkəs razılaşması imzalamasına görə açıq şəkildə tənqid olunduğu, lakin iyun seçkilərində qalib gəldiyi Ermənistanda hökumət məktəblərin hərbi məqsədlər  üçün istifadəsini və talan edilməsini araşdırmalı və ya ən azından etiraf etməli və bu yöndə problemlərin həlli üçün çalışmalıdır. Ermənistan silahlı toqquşmalar zamanı təhsili qorumağı nəzərdə tutan Təhlükəsiz Məktəblər Bəyannaməsini qoşulan 111 ölkədən biridir. Minlərlə məktəbin minaatan, ağır artilleriya mərmiləri, “Qrad” və “Smerch” raketləri və ballistik raketlərin hücumu ilə dağıdılması bir daha genişmiqyaslı təsirləri olan partlayıcı silahların əhalinin sıx məskunlaşmış ərazilərdə istifadəsinin məhdudlaşdırılmasının vacibliyini nəzərə çatdırır.

Azərbaycan hökuməti məktəblərin yaxınlığında onun hərbi qüvvələri hərbi hədəflərin yerləşdirməsiylə bağlı bütün iddiaları araşdırmalıdır. Əgər ordu nəzarətə götürdüyü ərazilərdə məktəb əmlakını müsadirə edirsə, bunları erməni tərəfinə təhvil verməlidir. Və, Azərbaycan Təhlükəsiz Məktəblər Bəyannaməsinə qoşulmalıdır.[49] Münaqişə və sonrakı nəticələr – o cümlədən, dəyişkən və həssas yeni təmas xətti boyunca atışmalar - təhsili silahlı hücumlardan qorumaq üçün qlobal normlara dair öhdəliklərin gücləndirilməsinin zəruriliyini bird aha göstərir.

Armenian soldier on the playground next to School #1 in Martuni, which the military used as a dormitory in November-December 2020.  © 2020 Dmitri Beliakov for Human Rights Watch

Ermənistan və Azərbaycan tərəfi 2020-ci il münaqişəsi zamanı zərər görmüş ərazilərdə insan haqları pozuntularının qeydə alınması və insan haqlarının vəziyyəti və ortaya çıxan problemlər və risklər haqda mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması üçün beynəlxalq və müstəqil insan haqları monitorinq qruplarınının ərazidə iştirakını təmin etməlidir. Ermənistan və Azərbaycanın beynəlxalq tərəfdaşları ərazidə belə bir monitorinqin təşkil olunması ilə bağlı açıq çağırış etməlidir.
 

[1] Bu hesabatda Dağlıq Qarabağdakı yerli məmurlara edilən bütün istinadlarda onların de-fakto hakimiyyəti təmsil etdiyi anlaşılmalıdır.

[2] Human Rights Watch-un apardığı müsahibə, Yerevan, Noyabr 28, 2020.

[3] Ermənistan Təhsil, Ədliyyə nazirliklərinin, Ermənistanın insan hüquqları ombudsmanının və Artsaxın insan hüquqları ombudsmanının Human Rights Watch -a göndərdiyi məktub, 1 Mart 2021.

[4] İd.

[5] Human Rights Watch-un apardığı müsahibə, Fevral 28, 2020.

[6] Human Rights Watch-un apardığı müsahibə, Şıxarx, Noyabr 8, 2020.

[7] Human Rights Watch-un apardığı müsahibə, Tərtər, Noyabr 8, 2020.

[8] Human Rights Watch-un apardığı müsahibə, Gəncə, Noyabr 7, 2020

[9] Human Rights Watch-un apardığı müsahibə, Bərdə, Noyabr 9, 2020.

[10] Human Rights Watch-un apardığı müsahibə, Quliyeva, Namiq Süleymanov və Düyərlinin yerli nümayəndəsiylə xüsusi müsahibəsi, Noyabr 8, 2020.

[11] Human Rights Watch-un apardığı müsahibə, Düyərli, Noyabr 8, 2020

[12] Human Rights Watch-un apardığı müsahibə, Düyərli, Noyabr 8, 2020

[13] Ermənistanın Təhsil, Ədliyyə nazirliklərinin, Ermənistanın insan hüquqları ombudsmanının və Artsax Respublikasının insan hüquqları ombudsmanının Human Rights Watch -a göndərdiyi məktub, 1 Mart 2021.

[14] Human Rights Watch -un Artsax Təhsil Nazirliyi, Təhsil və Elm Şöbəsinin müdiri Raya Musayelyan ilə müsahibəsi, Stepanakert, 18 fevral 2021.

[15] Human Rights Watch -un tibb bacısı ilə müsahibəsi, Noyabr 2020; Karmir Şuka ziyarətindən müşahidələr; və Artsax Təhsil Nazirliyinin Təhsil və Elm Şöbəsinin müdiri Raya Musayelyanla müsahibə, Stepanakert, 18 fevral 2021.

[16] Human Rights Watch-un 29 saylı məktəbin director müaviniylə müsahibəsi, Gəncə, Noyabr 7, 2020.

[17] İbid

[18] İbid

[19] Human Rights Watch –un sakinlər Yusif Ismayılov, Kamil Əliyev və yerli nümayəndə ilə xüsusi müsahibəsi, Birinci Baharlı, Noyabr 10, 2020.

[20] İbid

[21] Human Rights Watch-un 2 saylə məktəbin keçmiş direktoru və hazırda yerli Təhsil Nazirliy nümayəndəsi olaraq təyin edilmiş Mihran Cavanyanla müsahibəsi, Martuni, Fevral 18, 2021.

[22] Ermənistan Təhsil, Ədliyyə nazirliklərinin, Ermənistanın insan hüquqları ombudsmanının və Artsax Respublikasının insan hüquqları ombudsmanının Human Rights Watch -a göndərdiyi məktub, 1 Mart 2021.

[23] Human Rights Watch –un IPHR araşdırmaçılarıyla müsahibəsi, Noyabr 28, 2020.

[24] Human Rights Watch -un Davit Mayilyan, Grigori Martirosyan, Rusanna Israyelyan ilə müsahibəsi, Təhsil Şöbəsi, Əsgəran, Fevral 19, 2021.

[25] Tarixlər və saatlar dövlət rəsmisi Rövşən Qarayevlə müsahibəyə əsaslanır, Məhrizli, Noyabr, 2020.

[26] Ermənistan Təhsil, Ədliyyə nazirliklərinin, Ermənistanın insan hüquqları ombudsmanının və Artsax Respublikasının insan hüquqları ombudsmanının Human Rights Watch -a göndərdiyi məktub, 1 Mart 2021.

[27] Ibid.; həmçinin, Human Rights Watch-un yerli təhsil nazirliyi nümayəndəsiylə müsahibəsi, Stepanakert, Fevral 18, 2021.

[28] Ordu 1 saylı məktəbi 17-19 dekabr tarixlərində tərk edib. Human Rights Watch –un məktəb heyətiylə müsahibəsi, Martuni, Fevral 18, 2021.

[29] Human Rights Watch-un1 saylı Martuni məktəb nümayəndəsiylə müsahibəsi, Fevral 18, 2021.

[30] Human Rights Watch –un yerli Təhsil nazirliyi nümayəndəsi və keçmiş məktəb direktoru Mihran Cavanyanla müsahibəsi, Martuni, Fevral 18, 2021.

[31] Ermənistan Təhsil, Ədliyyə nazirliklərinin, Ermənistanın insan hüquqları ombudsmanının və Artsax Respublikasının insan hüquqları ombudsmanının Human Rights Watch -a göndərdiyi məktub, 1 Mart 2021.

[32] Human Rights Watch –un Artsax Təhsil Nazirliyi Təhsil və Elm Şöbəsinin direktoru Raya Musayelyanla müsahibəsi, Stepanakert, Fevral 18, 2021

[33] İbid.

[34] Human Rights Watch-un məktəb direktoru Margarita Sahakyanla müsahibəsi, Tağavard, Martuni, Fevral 20.

[35] Human Rights Watch –un məktəb nümayəndəsiylə müsahibəsi, Tağavard, Fevral 20.

[36] Human Rights Watch – un Davit Mayilyan, Grigori Martirosyan və Rusanna Israyelyanla müsahibəsi, Təhsil Şöbəsi, Əsgəran, Fevral 19, 2021.

[37] Human Rights Watch - un Raya Musayelyanla müsahibəsi, Stepanakert, Fevral 18, 2021.

[38] Human Rights Watch -un Artsax təhsil nazirliyi rəsmisi David lalayanla müsahibəsi, Martakert, Fevral 19, 2021.

[39] Ermənistan Təhsil, Ədliyyə nazirliklərinin, Ermənistanın insan hüquqları ombudsmanının və Artsax insan hüquqları ombudsmanının Human Rights Watch -a göndərdiyi məktub, 1 Mart 2021.

[40] Human Rights Watch-un 1 saylı məktəbin nümayəndəsiylə müsahibəsi, Martakert, Fevral 19, 2021.

[41] Human Rights Watch –un 1 saylı məktəb nümayəndəsiylə müsahibəsi, Martakert, Fevral 19, 2021.

[42] Human Rights Watch –un Artsax təhsil nazirliyi nümayəndəsi David lalayanla müsahibəsi, Martakert, Fevral 19, 2021.

[43] Human Rights Watch –un 1 saylı məktəb nümayəndəsiylə müsahibəsi, Martakert, Fevral 19, 2021.

[44] İbid.

[45] Human Rights Watch –un 2 saylı məktəb direktoru Melsida Kardumyanla müsahibəsi, Martakert, Fevral 19, 2021.

[46] Human Rights Watch –un 2 saylı məktəbin nümayəndəsiylə müsahibəsi, Martakert, Fevral 19, 2021.

[47] Human Rights Watch –un Azərbaycan Təhsil Naziri Emin Amrullayevlə müsahibəsi, Noyabr 5, 2020.

[48] Ermənistan Təhsil, Ədliyyə nazirliklərinin, Ermənistanın insan hüquqları ombudsmanının və Artsax Respublikasının insan hüquqları ombudsmanının Human Rights Watch -a göndərdiyi məktub, 1 Mart 2021.[49] Azərbaycan Cinayət Məcəlləsinin 116.0.8 maddəsi “heç bir hərbi zərurət olmadan... təhsil mərkəzlərinə... hücum etməyi...” hərbi cinayət olaraq qadağan edir. Azərbaycan Xarici İşlər Nazirliyinin Human Rights Watcha göndərdiyi məktub, Sentyabr 1, 2021. Təhlükəsiz Məktəblər Bəyannaməsinə qoşulan dövlətlər eyni zamanda məktəblərin və universitetlərin hərbi istifadəsini məhdudlaşdırmaq öhdəliyi götürürlər.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.