Skip to main content

Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri

Mülki əhaliyə qarşı törədilən hücumlar, yaşayış ərazilərində partlayıcı silahlardan istifadə halları araşdırılmalıdır

Qırx yeddi yaşlı Şairə Quliyeva dağıdılmış evinin önündə dayanıb 17 oktyabr tarixində ballistik raket zərbəsi nəticəsində həlak olmuş 13 yaşlı qardaşı oğlu Artur Quliyevin şəklini göstərir. © 2020 Tanya Lokshina/Human Rights Watch

(Berlin) – Human Rights Watch təşkilatının 11 dekabr tarixli məruzəsində qeyd edilib ki, 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq Azərbaycana qarşı hərbçilər və mülki əhali arasında fərq qoymadan kasetli silahlardan istifadə edib.  

Noyabr ayında hadisə yerlərini xüsusi olaraq araşdırmış Human Rights Watch Erməni silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyi 11 insidenti sənədləşdirib. Ən az dörd ayrı hadisə zamanı hərbi hədəflərin müşahidə edilmədiyi ərazilərdə mülki şəxslər və ya mülki obyektlər raket hücumuna məruz qalıb.

“Ermənistanın hərbi qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıb, ağır artilleriya zərbələri endirib,” Human Rights Watch-un Avropa və Orta Asiya üzrə rəhbəri Hugh Williamson deyib. “Altı həftəlik müharibə ərzində bu hücumlar dəfələrlə sivilləri və mülki evləri qanunsuz olaraq hədəf alıb və baş verənlər qərəzsiz şəkildə araşdırılmalıdır.”

Azərbaycanla Ermənistan arasında 27 sentyabr tarixində başlamış müharibə 10 noyabr tarixinədək davam edib; Ermənistanın baş naziri ilə Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış üçtərəfli razılaşma ilə hərbi əməliyyatlara son qoyulub.

Human Rights Watch Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərininin raket və ağır artilleriya hücumlarına məruz qalma faktını araşdırıb. Bu məruzə 40 mülki vətəndaşın öldürülməsi və bir çoxunun yaralanması ilə nəticələnən 18 hücumu hərtərəfli öyrənərək 53 hadisə şahidiylə aparılmış müsahibə, 12 telefon müsahibəsi, media xəbərləri, o cümlədən hökumətin elan etdiyi məlumatlardan əldə olunmuş informasiyalar əsasında hazırlanıb. Human Rights Watch 18 hücumdan üçünün qanuni olub olmadığını dəqiqləşdirə bilməyib.

Eyni zamanda Human Rights Watch 17 hücumdan 10-nun peyk görüntülərini, 9-nun sosyal mediada paylaşılmış foto və videolarını araşdırıb. Hücumların saat və tarixi, səbəb olduğu dağıntı miqyası müəyyənləşdirilib. Digər hücumlara növbəti məruzələrdə yer veriləcəkdir.

Peyk görüntülərinə görə, Ermənistan hərbi qüvvələrinin hücum etdiyi Gəncə və Tərtər şəhərlərində, o cümlədən Qaşaltı və Tapqaraqoyunlu kəndlərində Azərbaycanın hərbi qüvvələri mövcud olub. Azərbaycan hərbi məntəqələrini sıx məskunlaşmış ərazilərdə və ya bu tipli ərazilərə yaxın yerləşdirməklə, həmçinin mülki əhalini hərbi əməliyyatların keçirildiyi yerlərdən köçürməməklə onların həyatını gərəksiz yerə riskə atıb, Human Rights Watch bildirib. Buna baxmayaraq, hərbi məntəqələrin mövcudluğu Ermənistana məskunlaşmış ərazilərdə qeyri-dəqiq və geniş dağıdıcı radiusa malik partlayıcı silahlardan istifadə etməyə haqq qazandırmır.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 4 və 17 oktyabr tarixlərində 32 mülki vətəndaşın ölümünə səbəb olan Gəncə hücumları zamanı Smerç kaset bombalı raket və Scud-B ballistik raketlərindən istifadə edildiyi qənaətinə gəlib. 985 kiloqram yüksək partlayıcı döyüş başlığı daşıyan Scud-B raketləri nəzərdə tutulan hədəfdən ən az 500 metr yayına bilir. Dəqiq hərbi hədəfi olmayan, eyni zamanda hərbi hədəfləri mülki əhalidən və mülki obyektlərdən ayırd edə bilməyən silahlardan istifadə edilən hücumlar hədəfsiz zərbələr olduğundan müharibə qanunlarını pozur.

Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, habelə bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub. Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, silahlı qarşıdurma zamanı 98 mülki şəxs öldürülüb və 414 nəfər yaralanıb, 3000-dən çox ev və 100 yaşayış binası dağıdılıb və ya zərər görüb. Azərbaycanın dövlət rəsmiləri Human Rights Watch-a bildiriblər ki, münaqişə 40,000 insanın didərgin düşməsinə səbəb olub. Human Rights Watch təşkilatının görüşdüyü bölgə sakinləri deyib ki, bir çox insan, xüsusilə qadın və uşaqlar münaqişə zamanı daha təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıb.

Müharibə qanunlarına görə, hücum hazırlaşan tərəf şəraitin imkan verməyəcəyi halda mülki əhaliyə təsir edə biləcək hücumları haqda əhaliyə xəbərdarlıq etməlidir. Şahidlər Ermənistan və ya yerli Dağlıq Qarabağ hərbi qüvvələrinin xəbərdarlıqlarından bixəbər olduqlarını deyiblər. Oktyabrın 4-də Dağlıq Qarabağın prezidenti Arayik Harutyunyan Twitter hesabından ingilis dilində yaydığı postda mülki əhaliyə “qaçılmaz itkiyə yol verməmək üçün” hərbi qüvvələrin hədəfə alınacağı Gəncə də daxil olmaqla “böyük şəhərləri” tərk etməyə çağırıb. Az sayda azərbaycanlı mülki şəxsin oxuya biləcəyi bir dildə və dəqiq vaxtı elan edilməmiş hədəfsiz hücum təhdidi barədə xəbərdarlıq effektiv olmayıb.

Human Rights Watch bundan öncə 28 oktyabr tarixində 21 mülki vətəndaşın öldürülməsi və 70 nəfərin yaralanması ilə nəticələnən Ermənistanın Bərdəyə etdiyi hücumlar barədə məlumat verib. Təşkilat həm də  23 oktyabr tarixinə qədər Azərbaycan hərbi qüvvələrinin Dağlıq Qarabağdakı ən az dörd insident zamanı kasetli bombalardan istifadə etməsini sənədləşdirib.

Ermənistan hökuməti beynəlxalq humanitar hüquqa və ya müharibə qanunlarına zidd olan Erməni hərbi qüvvələrinin törətdiyi hücumları qərəzsiz, hərtərəfli və şəffaf şəkildə araşdırmalıdır.

Əhalinin məskunlaşdlğı ərazilərdə dağıdıcı silahlardan istifadədən çəkinmə öhdəliyini təmin edəcək siyasi saziş ilə bağlı hazırda dövlətlər arasında danışıqlar prosesi gedir. Həm Ermənistan, həm də Azərbaycan belə bir konvensiyanı dəstəkləməlidirlər, deyə Human Rights Watch qeyd edib.

“Ermənistanın hərbi qüvvələri Azərbaycanın şəhər, rayon və kəndlərini böyük dağıdıcı gücü olan silahlardan və hədəfsiz zərbələrlə atəşə tutublar,” Williamson deyib. “Əgər bölgə on illərdir davam edən bu qəddar müharibəni nəvaxtsa arxada qoyub irəliyə doğru addım atmaq istəyirsə, o zaman hər iki tərəfin müharibə qanunlarının bu və ya digər şəkildə pozulmasına görə cavabdehlilik daşıması önəmlidir.”

Hücum və müharibə qanunlarının pozulması ilə bağlı ətraflı məlumat üçün aşağıya nəzər yetirin.

Sentyabrın 27-də Naftalan rayonuna hücum

27 sentyabr tarixində axşam saat 5-6 radələrində Ermənistan hərbi qüvvələrinə məxsus artilleriya Naftalan rayonunun Qaşaltı kəndinə hücum zamanı mülki əhalinin, o cümlədən Qurbanovlar ailəsinin beş üzvünün ölümünə səbəb olan hücum zamanı bir neçə ev dağıdılıb. Üç hadisə şahidi bu barədə Human Rights Watch təşkilatına bildirib. Kəndin təxminən 1200 sakini var. Hücum zamanı Nadir Qurbanovun evi atəşə məruz qalıb və onun 69 yaşlı atası Elbrus, 64 yaşlı anası Şəfiyyət Qurbanova, 39 yaşlı həyat yoldaşı Afaq Əmirova, 14 yaşlı qardaşı qızı Fidan Qurbanova və 13 yaşlı oğlu Şəhriyar öldürülüb. Onun sağ qalan digər oğlu Bakıda orta məktəb şagirdidir.

Hərbçi olan 41 yaşlı Nadir qulluq etdiyi hərbi hissə hadisə yerindən təxminən üç kilometr məsafədə olub. “Mən bir mərminin evimin yaxınlığına düşdüyünü gördüm, digəri 1-2 dəqiqə sonra düşdü və mən ailəmi yoxlamaq üçün dərhal evə qaçdım,” o deyib.

Nadirin xalası oğlu Məhəmməd Məmmədov evə çatdığı zaman Nadirin uşaqlarının cəsədlərinin parçalarını qucaqladığını gördüyünü deyib. “Onları tanımaq mümkün deyildi,” o bildirib. “Onlar yanıb külə dönmüşdü, ətrafa səpələnmişdilər.” Human Rights Watch ciddi ziyan görmüş bu evə baxış keçirib və həyətdə iri kalibrli artilleriyanın qəlpələrinə aid olan bir partlayıcı qalıqları tapıb.

Nadirin qardaşı 44 yaşlı Nicatın sözlərinə görə, hücum zamanı Nadirin qulluq etdiyi hərbi alay kəndə ən yaxın hərbi məntəqə olub. Lakin peyk görüntülərində hərbi qüvvələrin yerləşdiyi ehtimal olunan Qaşaltının cənub sərhədindən altı kilometr cənubda Tapqaraqoyunluya gedən yolun şərq tərəfi boyunca uzanan geniş bir ərazi görünür.

Oktyabrın 8-də qeydə alınmış peyk görüntülərində bu ərazidə yaxın zamanlarda inşa edilmiş səngərlər, döyüş mövqeləri, torpaq səddlər, hərbi qüvvələrin yerləşdirilməsi  və Tapqaraqoyunlunun cənubundakı cəbhə xəttindən Qaşaltıya doğru hərbi vasitələrin hərəkəti də daxil olmaqla önəmli hərbi hərəkətlənmə müşahidə edilir.

Human Rights Watch araşdırmaları bu hücumda nəzərdə tutulan hədəfi müəyyənləşdirə bilməyib. Bununla belə, qeyri-dəqiq olması səbəbindən çox vaxt bir neçə dəfə atılan və ətraf ərazilərdə partlayışa və dağıntılara səbəb olan iri kalibrli artilleriyanın yaşayış yerlərində istifadəsi hədəfsiz hücum hesab edilir.

Oktyabr ayında Gəncəyə edilmiş hücumlar

Ermənistan hərbi qüvvələri oktyabr ayının 4, 11 və 17-də ballistik raket və ağır artilleriyadan Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni atəşə tutaraq 32 nəfərin ölümünə və bir çoxunun yaralanmasına səbəb olub. Bundan əlavə, 5 oktyabr tarixində ağır artilleriya ilə vurulan Gəncənin Böyük Bazar ticarət mərkəzində yaralanmış 3 nəfər xəstəxanaya yerləşdirilib. Oktyabr ayının 8-də Gəncə şəhər 4 nömrəli orta məktəb hücuma məruz qalsa da mülki şəxslərin ölümünə səbəb olmayıb. Qeyri-dəqiqliklə geniş əraziləri hədəf alan bu partlayıcı silahlar əhalinin məskunlaşsığı ərazilərdə hərbi qüvvələrlə mülki əhali arasında fərq qoymadan istifadə edilib.

Azərbaycan hərbi qüvvələri əhalini daha təhlükəsiz ərazilərə köçürmədən Gəncədə hərbi mərkəzlər yaradıb və bununla mülki insanları yersiz şəkildə təhlükəyə atıb. Peyk görüntülərində hücum vaxtına yaxın ən az iki hadisə zamanı şəhərdə uzunmüddətli hərbi məntəqələr və həm də yaşayış yerlərində hərbi qüvvələrin olduğu görünüb. Peyk görüntülərində həmçinin oktyabr ayında Gəncə şəhərinin cənub-şərqində yerləşən yaşayış yerlərinə bitişik olan ərazidə hərbi nəqliyyat vasitələrinin hərəkətliliyi müşahidə edilib. Hərbi məntəqənin künc hissəsi 17 oktyabr hücumu zamanı əsas yol olan Süleyman Rüstəm şosesindən 270 metr məsafədə olub.

Xəritə 1. Human Rights Watch tərəfindən sənədləşdirilmiş hücumların və 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində görünən potensial hərbi obyektlərin peyk görüntülərinin təhlili. Peyk görüntüsü Satellite imagery © 2020 Planet Labs

17 oktyabr tarixində həyata keçirilmiş iki ballistik raket hücumundan sonra bəyanatla çıxış edən Dağlıq Qarabağ Müdafiə Qoşunları Gəncədə hərbi hədəf olaraq iddia etdiyi 7 bölgənin siyahısını açıqlasa da bu məntəqələrin yerləşmə koordinatları haqda məlumat verməyib.

Gəncə sakinləri Human Rights Watch-a qeyd olunan yerlərdən birini - Silahlı Qüvvələrin Baş Qərargah Radio Texniki Batalionunu göstəriblər. Onların sözlərinə görə, bu məntəqə  son hücumlardan öncə qapadılıb. O, Erməni qüvvələrinin oktyabrın 4-də hücum etdiyi ərazilərdən bir neçə yüz metr məsafədə olub. Human Rights Watch hücum zamanı məntəqənin işlək olub olmadığını dəqiqləşdirə bilməyib; Noyabrın 7-də əraziyə səfər zamanı məntəqə fəaliyyət göstərməyib.

Siyahıda yer alan digər məntəqə 17 oktyabr hücumundan 4,5 kilometr aralıda olan Gəncə Beynəlxalq Aeroportunda yerləşdiyi qeyd olunan hərbi hava qüvvələri bazasıdır. Dağlıq Qarabağ rəsmiləri 4 oktyabr hücumunda Gəncənin hərbi aeroportunu dağıtdıqlarını bəyan etsə də, Gəncə Beynəlxalq Havalimanı hücum edilmiş ərazilərdə mövcud olan yeganə aeroport olaraq nə 4, nə də 17 oktyabr döyüşlərində zərər görüb.

BBC ilə müsahibəsində Erməni qüvvələrinin Gəncədəki sivillərə hücumu ilə bağlı sualı cavablandırmaqdan yayınan Ermənistanın sabiq Xarici İşlər Naziri Zohrab Mnatsakanyan Azərbaycan hərbi qüvvələrinin Dağlıq Qarabağın administrativ mərkəzi Stepanakertdə məskunlaşmış mülki əhaliyə qarşı başlatdığı dağıdıcı hücumlardan bəhs edib.

Mülki şəxslər və obyektlərlə hərbi hədəflər arasında fərq qoymayan silahların istifadə edildiyi və ya bir neçə fərqli və ayrı hərbi məntəqənin tək hərbi hədəf olaraq vurulduğu hücumlar hədəfsiz hücum hesab edilir.

4 oktyabr
Oktyabr ayının 4-də təxminən səhər saat 10.30-11.00-də Ermənistan hərbi qüvvələri Gəncənin yaşayış məhəllələrinə bir-biriylə bir neçə yüz metr məsafədə üç raket atıb, bunu şahidlər Human Rights Watch-a telefonla bildirib. Noyabr ayının 7-də Human Rights Watch hər üç əraziyə baş çəkib və daha doqquz şahidlə görüşüb. Human Rights Watch hücum zamanı 18 mülki şəxsin yaralanmasını sənədləşdirib.

Azərbaycanın rəsmi mənbələrinə əsasən, hücum zamanı bir mülki şəxs Tunar Əliyev öldürülüb və 32 nəfər yaralanıb. Silahların qalıqları və Human Rights Watch-un da incələdiyi dağıntılar əsasında, həmçinin şahid təsvirlərinə dayanaraq ANAMA hücumu yaşayış yerlərində istifadə edilməli olmayan Smerç reaktiv yaylım atəşi sistemi olaraq təsbit edib.

Əli Nəzmi küçəsində Human Rights Watch birdən çox mənzilin yerləşdiyi və təxminən 30 zərər görmüş evin olduğu iki yaşayış kompleksini müşahidə edib və hücumun şahidi olan iki sakinlə danışıb. Taleh Əsgərovun sözlərinə görə, hücum nəticəsində uçuşan şüşə və digər qırıntılar ailə üzvlərindən altı nəfəri yaralayıb. Onun evinə və qonşuluqda yerləşən qardaşının mənzilinə ciddi ziyan dəyib. Təqaüdçü Bəsti Xəlilova telefon görüşməsində deyib ki, o və oğlu, gəlini və 1 yaşlı nəvəsi yaralanıb. O, nəvəsinin başından aldığı zərbənin şəklini telefon vasitəsiylə Human Rights Watch-la paylaşıb.

İkinci hücum Əziz Əliyev prospektində baş verib. Human Rights Watch ciddi ziyan görmüş evlərdə təhqiqat aparıb və dörd şahidlə danışıb. Otuz bir yaşlı Gündüz Piira Tural evinin dağıldığını, uşaqlarının və qaynanasının yaralandığını və 26 yaşlı həyat yoldaşının gözlərinin kor olduğunu deyib. Altmış altı yaşlı Günəş Qasımova güclü partlayış eşitdiyini və küçəyə qaçdığını, daha sonra yaxınlıqdakı evin alovlandığını gördüyünü deyib. O, yanan evdən körpə uşaq ilə birlikdə 4 yaşlı Saranı çıxartmağa kömək edib. Saranın bibisi Sevən Əmirova Qasımovanın dediklərini təsdiqləyib. Altmış iki yaşlı Rahilə Zərgərova partlayış zamanı evdə çay içdiyini və “evinin tavanının və damının başına uçduğunu” deyib. Noyabr ayında tədqiqatçılar ondan müsahibə götürən zaman başından aldığı zərbənin şahidi olublar.

Ermənistan hərbi qüvvələrinin üçüncü hücumu Nəriman Nərimanov prospektindəki yaşayış məhəlləsinə olub. Human Rights Watch hadisə yerində olub və Abbas Həsənov və onun 31 yaşlı həyat yoldaşı Lalə Həsənovaya məxsus dağıdılmış evi və evin həyətində yaranmış kraterin şahidi olub. Təşkilat Həsənovlar ailəsi və hücum zamanı onlarla bilikdə olan Həsənovanın atası Arif Əliyevlə danışıb. Həsənova özünün və iki azyaşlı uşağının yaralandığını deyib. O, iki dəfə partlayış səsi eşidib və xəbərləri izləmək üçün televizoru açmağa getmək istəyərkən partlayışın zərbəsi onu qonaq otağına, qızını isə başqa bir otağa tullayıb. O və oğlu dağıntılar arasında qalıb. Ailənin sözlərinə görə, qızı ilə birlikdə o, bədənində yaranmış qançır və kəsiklərdən əziyyət çəkib, oğlunun qolları və barmaqları qırılıb.

11 oktyabr
Oktyabrın 11-də təxminən səhər 01:50-də Ermənistan hərbi qüvvələri Gəncə şəhərinin Ələkbər bəy Rəfibəyli və Heydər Əliyev prospektinin paralel küçələri arasında yerləşən yaşayış məhəlləsinə partlayan Scud-B ballistik raketi ilə hücum edib. Sakinlər və rəsmi mənbələrə görə, hadisə nəticəsində 10 mülki şəxs həyatını itirib, 34 nəfər yaralanıb. Human Rights Watch ərazidə yaranmış böyük ölçülü krateri, həmçinin Əliyev prospekti ilə üzbəüz olan çoxmərtəbəli ticarət binalarından bir qədər arxada yerləşən 20-dən çox dağıdılmış və zərər görmüş yaşayış binasını müşahidə edib.

Hadisə şahidlərindən 63 yaşlı Akifə Bayramova və 68 yaşlı Şərqiyə Daşdəmirovanın sözlərinə görə, partlayış nəticəsində onlar dağıntılar altından qalıblar və sonra çıxarılıblar. Bayramovanın fikrincə, dağıdılmış və zərər görmüş binalarda ən az 60 ailə yaşayıb. Daşdəmirova Human Rights Watch-a deyib ki, onun “bütün bədəni əzilib” və hücumdan 10 gün keçməsinə baxmayaraq yeriməkdə hələ də çətinlik çəkir.

Qırx üç yaşlı Səadət Ələsgərova hücum nəticəsində qaynını, onun həyat yoldaşını və onların oğlunu itirib. Hücum zamanı qurbanların ikimərtəbəli evləri dağılıb və daha yeddi nəfər həyatını itirib, Ələsgərova bildirib.

ANAMA qeyd edib ki, qurum ərazidəki Scud-B ballistik raketin qalıqlarını əldə edib. Azərbaycan rəsmisinin Twitter-də paylaşdığı fotoları əsas götürərək müstəqil silah mütəxəssisi də qalıqların Scud-B sursatına məxsus olduğunu təsdiqləyib.

9-16 oktyabr tarixləri arasında çəkilən peyk görüntülərinin Human Rights Watch tərəfindən aparılmış təhlili oktyabrın 11-də Gəncəyə hücum nəticəsində yaranmış kraterdən təxminən 700 metr və ya bir kilometr məsafədə hərbi silah və sursat olduğunu müəyyən edib; hücum zamanı heç bir hərbi sahə zərər görməyib. Peyk şəkillərində 11 oktyabr hücumundan 200 metr aralıda nəqliyyat vasitələrinin olduğu üçüncü bir sahə görünür. Human Rights Watch ərazinin və ya müşahidə edilən nəqliyyat vasitələrinin hərbi əməliyyatları dəstəkləmək üçün istifadə edilib edilmədiyini təsdiqləyə bilməyib.

17 oktyabr
Sakinlərin və rəsmi mənbələrin verdiyi məlumata görə, 17 oktyabr tarixində səhər saat 01.00 radələrində Gəncədə iki yaşayış məhəlləsinə ballistik raket atılıb. Nəticədə 6 noyabr tarixində aldığı yaralardan həyatını itirən beş nəfər də daxil olmaqla 21 mülki şəxs həlak olub.

ANAMA-nın Scud-B kimi təyin etdiyi raket yaşayış yeri olan Muxtar Hacıyev küçəsinə düşüb. Human Rights Watch hücum zamanı evdə olan 13 sakinlə görüşüb və ərazidə 10 evin dağıdıldığını və 20-dən çox evin zədələndiyini müşahidə edib. Evi raketin düşməsiylə yaranmış kraterin yanında yerləşən 47 yaşlı Şairə Quliyeva deyib:

Biz qonşumuzun ayağını mətbəximiz olan ərazidə tapdıq. Telefon xəttinin üzərində [kiminsə] bağırsaqları vardı. Qonşu evdə iki uşaq öldürülmüşdü - onların yataq otağı tamamilə dağıdılmışdı, ona görə ailə cəsədləri toplaya bilmədi.   

Quliyevanın sözlərinə görə, onun 13 yaşlı qardaşı oğlu Artur Quliyev hücumdan sonra dağıntıların altından çıxarılıb və bir həftə sonra həyatını itirib. Bacısı Gülnarə ağır yaralanıb və 6 noyabrdan etibarən xəstəxanaya yerləşdirilib. O həmçinin bildirib ki, ətrafda uçuşan qırıntılar ona və anasına xəsarət yetirib.

Evi dağılan 20 yaşlı Fəxriyyə Əliyeva deyib ki, partlayış zamanı qonşuları Züleyxa Şahnəzərova və Röyal Şahnəzərov və onların 16 aylıq qızı Mədinə Şahnəzərli öldüyündən ailənin 3 yaşlı qızı babasının və nənəsinin himayəsində qalıb. Əliyevanın sözlərinə görə, Mədinənin “cəsədi evlərinin dağıntıları altından və anasının [qopmuş] başı isə həyətdən tapılıb.”

Timur Sərkərov deyib ki, partlayışda atasının evi dağıdılıb; atası, bacısı, qardaşı və qardaşının iki qızı öldürülüb. Sərkərovun eşitmə qabiliyyətini itirən qardaşı da daxil olmaqla hadisədən sağ çıxanlar ağır fiziki və mənəvi xəsarət alıb.

Partlayış nəticəsində qızını, gəlnini, 6 və 11 yaşlarında iki nəvəsini itirən və iki mərtəbəli evi dağılan Ramiz Qəhramanov hücum zamanı evdə olub. O, hücumdan sonra ailəsini onların saçları və bədən hissələrindən tanımalı olduğunu deyib.

Əlli beş yaşlı Mahir Bağırov və 53 yaşlı Bahar Bağırova hücumda dağıdılmış evlərində qızları İlahə Həmzəyeva və onun 9, 7 və 2 yaşlı üç uşağı ilə birlikdə yaşayıblar. İyirmi doqquz yaşlı Həmzəyevanın sözlərinə görə, hücumdan sonra hər gecə o “titrəməkdən dura bilmir” və onun körpəsi “demək olar ki, heç nə yemir ... [və]“ durmadan, ana, bomba” deyir.

Muxtar Hacıyev küçəsinə edilmiş hücumla demək olar ki, eyni vaxtda Süleyman Rüstəm şosesi üzərində yerləşən Avtozavod məhəlləsinə ikinci Scud-B raketi atılıb. Hücum nəticəsində 15 ailənin evi dağıdılıb və ya yaşayış üçün yararsız hala salınıb. Sakinlərin sözlərinə görə 40-50 yaşayıq məntəqəsinə ziyan dəyib. Human Rights Watch noyabrın 7-də partlayış yerində yaranmış böyük krateri və onlarla zədələnmiş və ya dağıdılmış yaşayış binalarını və ətrafdakı silah qalıqlarını, noyabrın 4-də isə ANAMA-nın Bakıdakı mənzil qərargahında digər raket qalıqlarını müşahidə edib.

Human Rights Watch Avtozavod məhəlləsinin 9 sakini ilə görüşüb. Dağılmış evinin qapı və pəncərələrini, damını göstərən 64 yaşlı Fərhad Heydərov barmağıyla yaxınlıqdakı binaya işarət edərək orada hücum zamanı Maral adlı bir qadının və nəvəsinin öldürüldüyünü deyib. Altmış iki yaşlı Bəsti Cəfərova Maralın öldüyü xəstəxana otağında müalicə aldığını bildirib.

Evinin damını dağıdan partlayışdan sonra Cəfərovanın 10 ailə üzvünün bədəni kəsik-kəsik olub. Məmmədovlar ailəsinin iki üzvü partlayış zamanı onlarla birlikdə doqquz ailə üzvünün yaşadığı üç evin dağıdıldığını və iki qohumunun - 52 yaşlı Elman Məmmədovun və 40 yaşındakı baldızı Aybəniz Məmmədovanın öldürüldüyünü deyib. Otuz yaşlı Azad Cəfərov deyib ki, partlayışda onun evi dağıdılıb və bədəninə plastik pəncərə çərçivəsinin qırıntıları girib, “dəhşətli ağrıya” səbəb olub.

Peyk görüntülərində Gəncənin cənub-şərqindəki yaşayış yerlərinə qonşu olan və oktyabr ayı ərzində hərbi nəqliyyat vasitələrinin hərəkətliliyi ilə müşayiət olunan geniş hərbi məntəqə görünür. Hərbi məntəqə Süleyman Rüstəm şosesi üzərinə düşmüş ballistik raket zərbəsindən 270 metr məsafədə yerləşir.

Sentyabr və oktyabr aylarında Tərtər rayonuna edilmiş hücumlar

Tərtər şəhəri
Azərbaycan Tərtər şəhərində və ya bəzi hissələrinə yaxın ərazilərdə hərbi mövcudluğunu əhəmiyyətli şəkildə qoruya bilib. Münaqişə boyunca Ermənistan hərbi qüvvələri şəhəri tez-tez atəşə tutub.

Döyüşlərin ikinci günü, sentyabrın 28-də Tərtər Rayon Məhkəməsinin qarşısındakı əsas küçəyə düşən mərmi parçası təcili yardım maşınına dəyərək sürücü 52 yaşlı Qənbər Əsədovun ayağını qoparıb. Digər mərmi məhkəmə binasından təxminən 20 metr məsafədə səkidə olan 45 yaşlı mülki vətəndaş Mehman Əliyevi öldürüb. Noyabr ayının 8-də Human Rights Watch-un apardığı müşahidələr əraziyə dəymiş ziyanın artilleriya hücumları nəticəsində reallaşdırıldığı qənaətinə gəlib.

Peyk şəkillərindən görüntülərinə əsasən, Tərtər şəhərinin cənub və qərb hissələrini əhatə edən ərazidə 27 sentyabr tarixindən sonra yeni döyüş mövqeləri, səngərlər və hərbi təchizat yaradılıb.

Oktyabr ayı ərzində Tərtərdə və yaxınlıqdakı qəsəbələrdə yerləşən yaşayış sahələrinə bitişik ərazilərə yeni hərbi qüvvələr yerləşdirilib. Oktyabrın 8-dən 23-dək Tərtər şəhəri yaxınlığında yerləşən Azərbaycan artilleriya raket atıcılarının sayı birdən dördə yüksəlib.

Yaxından çəkilmiş foto 1. 3 oktyabr 2020 tarixli peyk görüntüsü Tərtər şəhərinin qərb kəsiyində yerləşən Şıxarx yaşayış məntəqəsinin iri kalibrli artilleriya hücumu zamanı ciddi zərər çəkdiyini sənədləşdirir. Hücum zamanı 10-dan artıq çox mərtəbəli yaşayış binası dağıdılıb; məskunlaşmış ərazilərdə, habelə qonşu əkin sahələrində partlayış nəticəsində yüzlərlə krater yaranıb. Peyk görüntüsü Satellite imagery © 2020 Planet Labs

23 oktyabrda qeydə alınan peyk görüntüləri oktyabr ayı boyunca Tərtər şəhərinin atəşə tutulmasından yaranmış kraterləri və dəyən ziyanı göstərib. Ağır artilleriya atəşindən yaranan yüzlərlə krater şəhərin qərb kənarında 1990-cı il döyüşləri nəticəsində köçkün düşmüş insanlar üçün nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarının yerləşdiyi Şıxarx məhəlləsində cəmləşib. Şıxarxın 3 oktyabr tarixində çəkilmiş xüsusi peyk şəkillərində artilleriya hücumunun əlamətləri görünür. Human Rights Watch-un da izlədiyi yerli sakin tərəfindən 2 oktyabr tarixində sosial mediada paylaşılan videoda həmin gün yaşayış ərazisindəki uşaq bağçasına artilleriya hücumu edildiyi görünür.

Tərtər şəhərində olarkən Human Rights Watch 8 noyabr tarixində əsas küçədə ciddi zərər görmüş evləri və dükanları, o cümlədən bir sıra hərbi maşınları müşahidə edib.

Xəritə 2. 23 oktyabr 2020 tarixindən etibarən oktyabr ayı ərzində Tərtər şəhərində dağıdılmış ərazilərin və hərbi obyektlərin peyk görüntülərinin təhlili. Peyk görüntüsü Satellite imagery © 2020 CNES / Airbus

15 oktyabrda Tərtər şəhər məzarlığına hücum
Oktyabrın ayının 15-də gündüz saat 12.45 -də Ermənistan hərbi qüvvələri Tərtərin 400 metrliyində yerləşən məzarlığı atəşə tutub. Hadisə zamanı cənazə mərasimində iştirak edən dörd mülki vətəndaş – 31 yaşlı Pərviz Orucov, 32 yaşlı Şakir Zamanov, 60 yaşlı Vasif Rüstəmov, 53 yaşlı İsgəndər Əmirov öldürülüb. Şahidlərin sözlərinə görə, daha dörd nəfər yaralanıb.

Hücum zamanı yaralanan 54 yaşlı Fizuli Məmmədov telefon müsahibəsində bildirib ki, hadisə zamanı onlar məzarlığa təbii səbəblərdən vəfat etmiş xalasını dəfn etməyə gediblər. O qeyd edib ki, məzarlığın girişində başlarının üstündə səs eşidiblər. Cənazəni yerə atıb qorunmağa qaçarkən mərmi 50 metr aralıda partlayıb və bir neçə dəqiqə sonra digər bir mərmi yaxınlıqdakı məzarlığı vurub. Məmmədov deyir ki, o, kürəyindən, ayağından və sol qolundan yaralanıb. Bu səbəbdən o tezliklə əməliyyat olunmalıdır.

Cənazə mərasimi üçün Goranboydan gələn 34 yaşlı molla Rafael Qəzənfərli telefonla Human Rights  Watcha verdiyi müsahibəsində hər iki ayağından və bir böyrəyindən 11 qəlpə yarası aldığını deyib.

Şahidlərin sözlərinə görə, hücum zamanı onlar məzarlığın yaxınlığında heç bir hərbi hədəf müşahidə etməyiblər. Human Rights Watch 8 noyabr tarixində məzarlığı ziyarət edib və dağılmış məzarları araşdırıb.

Yaxından çəkilmiş foto 2. 2020 ci il oktyabr ayının 8-də və 23-də qeydə alınmış peyk görüntülərində Tərtər, Şalabad və Duyarlı yaşayış ərazilərinə bitişik əkin sahələrinə taktiki olaraq yerləşdirilmiş hərbi birləşmələr müşahidə edilir. Oktyabrın 8-dən etibarən Tərtərin cənub qərb istiqamətində yerləşən Erməni mövqelərini hədəf alan Azerbaycana məxsus BM-21 (“Qrad”) raket atıcısı görünür. 8 Oktyabr tarixində əldə edilmiş digər bir görüntüdə raket atıcısından atəş açıldığının sübutu olan tüstü buludu görünür. Oktyabr ayının 23-də üç əlavə raket atıcısı görünür. Peyk görüntüsü (üst) © 2020 Planet Labs, Satellite imagery (aşağı sol) © 2020 Maxar Technologies. Source: Google Earth, Satellite imagery (aşağı sol) © 2020 CNES / Airbus

Bərdə rayonu

28 oktyabrda Bərdə şəhərinə edilmiş hücum
Ermənistan hərbi qüvvələri oktyabr ayının 28-də gündüz saat 01.30-da Bərdə şəhərini raketlə hədəfə alıb. Bərdə Müalicə və Diaqnostika Mərkəzinin direktoru və baş cərrahı 40 yaşlı həkim Vüsal Məmmədov deyir ki, o, mərkəzdə çalışarkən “[birdən] hər şey toz-torpağa büründü və bütün pəncərələr sındı.” İkinci partlayışdan yayılan qəlpələr tibb bacısı Rəmziyə Quliyevanı ayağından yaralayıb. Məmmədovun sözlərinə görə, o ayağını tərpədə bilməyib, dializ aparatları yararsız hala gəlib, şüşələr dağılaraq 22 xəstəyə və xəstəxananın heyətinə xəsarət yetirib.

Human Rights Watch xəstəxanaya, o cümlədən Dövlət Miqrasiya Xidməti ofisinə dəymiş ziyanı, habelə idman kompleksinin pəncərə və beton divarlarına dəyən zərəri əraziyə düşmüş partlayıcı silahlarla uyğun şəkildə araşdırıb. Xəstəxananın heyəti 9 noyabr tarixində Human Rights Watch araşdırmacılarına hücumdan sonra xəstəxananın ərazisindən topladıqlarını söylədikləri partlayışa və dağıntıya səbəb olan Smerç kaset bombalı raketlərin qalıqlarını göstərib. Görünüşə görə, hücum Human Rights Watch-un əvvəllər sənədləşdirdiyi 21 mülki şəxsin öldüyü və 70 nəfərin yaralandığı 28 oktyabr saat 01.30-da açılmış Smerç adlanan kaset başlıqlı raket sisteminin bir parçası olub.

Oktyabrın 29-da yerli Dağlıq Qarabağ Müdafiə Ordusu yerləşmə koordinatlarını açıqlamadan Bərdədə altı hərbi hədəfin siyahısını açıqlayıb.

7 noyabr tarixində Əyricə kəndinə edilmiş hücum
Noyabrın 7-də Ermənistan hərbi qüvvələri Əyricə kəndi yaxınlığındakı əkin sahəsinə raket atıb və uşaqlarla oynayan 16 yaşlı Şahmalı Rəhimov öldürülüb. Başqa heç bir uşaq xəsarət almayıb. ANAMA atılmış silahı partlama və parçalanma effekti yaradan döyüş başlığı daşıyan 9M528 Smerç raketi olaraq müəyyənləşdirib.

Human Rights Watch zərbə sahəsindən təqribən 100 metr məsafədə olan Şahmalının qohumlarının onun öldürüldüyü dediyi ərazini ziyarət edib. Əmiləri - 65 yaşlı İsa Rəhimov və 58 yaşlı Gülmalı Rəhimov başqalarının yaralanmadığını və bunun Əyricəyə edilmiş yeganə hücum olduğunu deyib. Human Rights Watch bu kiçik kənd yaşayış məntəqəsini hücumdan iki gün sonra ziyarət edib; araşdırmacılar ərazidə heç bir hərbi obyektə rast gəlməyib.

Ərazidə hər hansı bir hərbi hədəf olsaydı belə, mülki və mülki infrastrukturla hərbi hədəfləri ayırd edə bilməyən silahlardan istifadə edilmiş hücumlar qanunsuz və hədəfsiz hucumlardır.   

Goranboy rayonu

28 oktyabr tarixində Tapqaraqoyunlu kəndinə edilmiş hücum
Oktyabrın 4-də təqribən axşam saat 3.30-da başlamış artilleriya hücumu 52 yaşlı Gümüş Qarayevanı yaralayıb. “Birdən dalğa məni qaldırdı və divara çırpdı,” o deyib. “Otağı toz-duman bürüdü. Mən heç nə görə bilmədim. Sol ayağım qanayırdı.”

Oktyabrın 28-də təxminən axşam saat 05.00-da Ermənistan hərbi qüvvələri atəş açaraq evdə tək olan mülki şəxs 63 yaşlı Flora Zahidovanın ölümünə səbəb olub, kənd nümayəndəsi Abbas Alaverdiyev bildirib. Alaverdiyev onun cəsədini ağır baş yarası və ayağ sınığı ilə evinin arxasındakı həyətdən tapdığını deyib. Human Rights Watch 9 noyabr tarixində Zahidovanın evindəki dağıntıların şahidi olub. Alaverdiyev 650 ailənin yaşadığı kəndin 170 evinə hücumlar nəticəsində müxtəlif dərəcədə ziyan dəydiyini deyib.

Tapqaraqoyunluda olarkən Human Rights Watch böyük bir hərbi baza və çoxsaylı hərbi yük maşınları da daxil olmaqla Azərbaycanın ərazidə əhəmiyyətli şəkildə hərbi mövcudluğunun şahidi olub. Human Rights Watch araşdırılan iki hücumun qanuniliyini müəyyənləşdirə bilməyib.

Oktyabrın 1-də Ağdam rayonunun Hacıməmmədli kəndinə edilmiş hücum

Sakinlərin və yerli media platformalarının verdiyi məlumatlara görə, Ermənistan hərbi qüvvələri oktyabrın 1-i saat 11 radələrində Hacıməmmədli kəndininin əkin ərazilərini atəşə tutub. İki mülki vətəndaş - 54 yaşlı Mürşüd Məmmədov və oğlu 24 yaşlı Samir Məmmədov evlərinin həyətində öldürülüb. Mürşüdün əmisi oğlu 42 yaşlı Əhliyət Məmmədov Mürşüdün arvadı, daha iki uşağı və atasının hücum zamanı başqa yerdə olduqlarını deyib.

“Orada sadəcə ikisi olub,” Əhliyət Məmmədov deyib. “Mən yaxınlıqdakı bomba sığınacağındaydım. Partlayışdan beş dəqiqə sonra ora qaçdım və cəsədləri gördüm.” O, bunun kəndə edilən tək hücum olduğunu əlavə edib. Baş prokurorluq hücumun iri kalibrli artilleriya ilə həyata keçirildiyini deyib.

Human Rights Watch noyabrın 10-da hücuma məruz qalmış ərazini gəzərkən hər hansı bir hərbi obyektə rast gəlməyib.

5 oktyabr tarixində Fizuli rayonunun Babi kəndinə edilmiş hücum

Oktyabr ayının 5-də səhər saat 01.45-də Ermənistan hərbi qüvvələri Babidən 500 metr aralıda yerləşən əkin sahəsini atəşə tutub, sakinlər bildirib. Təqribən 1200 sakini olan kənd Fizuli rayonuna aid Horadiz şəhərindən 5 kilometr məsafədə yerləşir.

Hücum zamanı həyat yoldaşı və 8 yaşlı oğlu ilə evdə olan Asudə Əliyeva deyib: “Biz güclü səsə oyandıq. İşıqlar kəsilmişdi. Qapı və pəncərələr, tavan yattığımız yerdə başımıza tökülmüşdü. Mən bilmirəm olanları necə təsvir edim. Biz çox qorxmuşduq.”

Human Rights Watch 10 noyabr tarixində ərazidə olub və hücumun zərbəsindən yaranmış kraterin ətrafında istifadə edilmiş silahın qalıqlarını müşahidə edib. ANAMA silahı Scud-B ballistik raket olaraq müəyyən edib və yaranmış kraterin diametrinin 15 metr olduğunu bildirib.

ANAMA rəsmisi qeyd edib ki, hücum zamanı yaxınlıqdakı Azərbaycan hərbi məntəqəsi yeddi kilometr məsafədə Cəbrayıl rayonunun Cocuk Mərcanlı kəndində olub. Human Rights Watch hücumun hədəfini müəyyənləşdirə bilməyib.

Müvafiq beynəlxalq humanitar hüquq standartları

Azərbaycanla Ermənistan arasındakı beynəlxalq silahlı qarşıdurmaya tətbiq edilə bilən beynəlxalq humanitar hüquq və ya müharibə qanunları mülki şəxslərə edilən məqsədli hücumları və ya mülki şəxslərlə hərbi hədəfləri ayırd etməyən, yaxud sivillərə qarşı qeyri-mütənasib hücumları qadağan edir. Müharibə edən tərəflər əhalinin sıx məskunlaşdığı ərazilərə hərbi qüvvələri yerləşdirməkdən çəkinmək də daxil olmaqla mülki zərərin qarşısını almaq və ya onu minimuma endirmək üçün bütün mümkün tədbirləri ələ almalıdırlar.

Dəqiq hədəfi olmayan zərbələr mülki əhaliylə hərbi obyektlər arasında fərq qoymadan edilən hücumdur. Xüsusi hərbi hədəfi olmayan bu hücumlar zamanı hərbi hədəfsiz zərbələr endirən silahlar istifadə edilir. Qadağan edilmiş məqsədli hücumlara ərazilərin bombalanması, artilleriya hücumları, habelə sivillərin məskunlaşdığı və mülki obyektlərin cəmləşdiyi ərazidə bir neçə hərbi məntəqəni tək bir hərbi hədəf olaraq bəlirləyən digər hərbi zərbələr daxildir.

Hərbi komandirlər aşkar hərbi hədəfli və mülki əhaliyə ehtiyatzıslıqdan dəyəcək olan zərəri minimuma endirməli olan hücum yolu seçməlidir. Əgər istifadə olunan silahlar mülki əhaliyə həyati təhlükə yaratmadan hərbi hədəflərə yönəldilə bilməyəcək qədər qeyri dəqiqdirsə, o zaman onlardan istifadə edilməməlidir.

Partlayıcı silahlardan əhalinin məskunlaşdığı ərazilərdə istifadəsinə dair ümumi  qadağa olmasa da, hərbi hədəflə mülki əhaliyə fərq qoymadan edilən hücumlarda istifadə edilən silahlar hərbi hədəfləri ayırd etmədən mülki şəxslərə və obyektlərə zərər vura bilər. Müharibə edən tərəflər həm hücum zamanı, həm də gələcəkdə mümkün mülki fəlakətlərin qarşısını almaq üçün geniş ərazilərə təsir etmə potensialına sahib partlayıcı silahların istifadəsindən çəkinməlidir, deyə Human Rights Watch bildirib.

Şəxslər tərəfindən müharibə qanunlarının cinayət niyyətiylə, bilərəkdən və ya bilməyərəkdən ciddi şəkildə pozulması müharibə cinayəti hesab edilir. Hökumətlər öz hərbi qüvvələri tərəfindən və ya onlara aid ərazilərdəki hərbi qüvvələr tərəfindən törədilmiş müharibə cinayətlərinə dair iddiaları araşdırmağa və məsul şəxsləri ədalətli şəkildə mühakimə etməyə borcludur.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country