(Vaşinqton) – Human Rights Watch təşkilatının bu gün açıqladığı 2017 Dünya üzrə Hesabat-da bildirilir ki, Azərbaycan hökuməti 2016-cı ildə bir sıra fəalları həbs etməklə və müstəqil təşkilatların işini əngəlləyən qanunlar qəbul etməklə, ölkədə müxalifətə qarşı təzyiqləri davam etdirib.   

Ötən il hökumət siyasi motivlərlə həbs olunmuş, insan hüquqları müdafiəçiləri, jurnalistlər və siyasi aktivistlərdən ibarət 17 fəalı həbsdən azad edib. Lakin hökuməti tənqid etdiyinə görə həbs olunan ən azı 24 nəfər hələ də həbsdə saxlanılır. Onların içərisində 2016-cı ildə həbs olunmuş siyasi aktivistlər və bloqçular da var. Məhdudlaşdırıcı xarakterli qanunlar ölkədə müstəqil qrupların sərbəst şəkildə fəaliyyətini məhdudlaşdırmağa davam edir.

Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia bildirib: “Hökumətin apardığı təzyiq kampanyası Azərbaycanda müstəqil aktivizmin mövcudluğuna ciddi əngəl yaradır. İfadə azadlığının təmin olunması üçün təkcə bir neçə aktivistin azad olunması yetərli sayıla bilməz. Hökumət onu tənqid edənlərə qarşı hücumları davam etdirir.”

Human Rights Watch təşkilatı özünün 27-ci nəşri olan 687 səhifəlik Dünya Hesabatında 90-dan çox ölkədə insan hüquqlarının vəziyyətini müşahidə edib. Təşkilatın İcraçı Direktoru Kenneth Roth öz giriş məqaləsində qeyd edir ki, avtoritar populistlərin yeni nəsli insan hüquqlarının müdafiəsi konseptini məhv etməyə çəhd edərək, əksəriyyətin iradəsinə qarşı olaraq insan hüquqlarını təhlükəli duruma salırlar.  Qlobal iqtisadi geriləmədən və getdikcə zorakı cinayətkarlıqdan qorxanlar üçün vətəndaş cəmiyyəti qrupları, media və ictimaiyyət demokratiyanın əsasını təşkil edən hüquqlara hörmətlə yanaşan dəyərlərin təlqin olunmasında aparıcı rol oynaya bilər.    

Hələ də barmaqlıqlar arasında olanların içərisində demokratiya yönümlü müxalif hərəkat olan Respublikaçı Alternativ (REAL) hərəkatının lideri İlqar Məmmədov da var. Onun azad olunmasını tələb edən  Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına və Avropa Şurasının təkrar tələblərinə baxmayaraq, İlqar Məmmədov hələ də həbsdədir. Digər həbsdə olanların sırasına gənç fəal İlkin Rüstəmzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Murad Adilov, jurnalist Seymur Həzi və bloqçu Abdul Adilov da daxildir.

Təkcə avqust ayında hakimiyyət səkkiz nəfər siyasi fəalı müxtəlif siyasi motivli ittihamlarla həbs edib. Onlardan dördü inzibati məsuliyyətə cəlb olunduqdan sonra azad olunub və digər dörd nəfər isə cinayətdə ittiham olunaraq barələrində həbs qəti imkan tədbiri seçilib. Onlardan üçü hələ də təcridxanada saxlanılır.

Hakimiyyət həmçinin AXCP-nin fəallarını hədəfə alıb. Azı 12 nəfər AXCP-i fəalı 2016-cı ildə ya məhkəmə qaydasında işinə baxılıb, ya da onlar həbs cəzası çəkiblər.

Azad edilən fəalların məhkumluğu götürülməyib və bəzi keçmiş məhbusların hələ də ölkəni tərk etmək və eləcədə də iş imkanları məhdudlaşdırılıb. İşlərini davam etdirəcəkləri təqdirdə onları yenidən həbs təhlükəsi gözləyir. Bəziləri qapadılmış olan təşkilatlarına rəhbərlik etməyə davam ediblər.

2014 və 2015-ci illərdə qəbul olunan və müstəqil təşkilatlar üçün həddən artıq məhdudlaşdırıcı və ciddi cəzalar müəyyən edən normaların qəbul olunması, həmin qrupların maliyyələşdirilməsini və onların öz fəaliyyətini həyata keçirməsini mümkünsüz edir. Baxmayaraq ki, bir sıra qruplara qarşı həyata keçirilən geniş istintaq hərəkətləri 2016-cı ildə dayandırılıb, insan hüquqları və hakimiyyətin öhdəlikləri ilə bağlı fəaliyyət göstərən çoxsaylı təşkilatların bank hesabları hələ də dondurulub. Bu qruplar ya işlərini dayandırıblar, ya da ölkənin xaricində fəaliyyət göstərirlər.

Azərbaycanın bir sıra beynəlxalq əməkdaşları bu təzyiqləri açıq şəkildə pisləsələr də, onlar hər hansı sanksiya tətbiq etməyiblər. Avropa İttifaqı yeni müfəssəl əməkdaşlıq sazişi üçün danışıqlara yaşıl işıq yandırdı və bu zaman danışıqları başlamaq üçün insan hüquqlarına dair hər hansı standart müəyyən etmədi.

Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü (MSŞT) beynəlxalq təşkilatı bu məsələdə istisna təşkil edərək Azərbaycanın bu təşkilatda tam üzvlüyünü təmin etməkdən imtina edib. Təşkilat hesab edib ki, MSŞT-nin müstəqil qrupların fəaliyyəti üçün nəzərdə tutduğu azad mühit standartlarına cavab vermək üçün Azərbaycan hökuməti qaneedici proqres nümayiş etdirməyib. MSŞT qeyri-hökumət təşkilatlarının fəaliyyəti və maliyyələşdirilməsi ilə bağlı həddən artıq məhdudlaşdırıcı xarakterli qanunlara dair islahatların həyata keçirilməsi üçün hökumətə dörd ay vaxt verib. Bu tələbləri yerinə yetirməyəcəyi təqdirdə hökumət üzvlükdən məhrum oluna bilər.

Hökumət MSŞT tərəfindən qeyd edilən islahatları həyata keçirmədiyi təqdirdə, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları emal sənayesi layihələrini maliyyələşdirməkdən çəkinməlidir. Həmçinin hökumət, müstəqil təçkilatların və şəxslərin hökumətin inkişafa dair gündəliyinin hazırlanmasında əhəmiyyətli şəkildə iştirakını və eləcədə də ictimai məsələlərdə öz fikirlərini bildirmələrini təmin etməyənə qədər, adıçəkilən qurumlar hökumətə birbaşa büdcə yardımı göstərməməlidir.