Skip to main content

Azərbaycan: Saxta Narkotik İttihamları ilə Tənqidçilər Susdurulur

Fəallar saxlanma yerlərində döyülmələri barədə vəkillərinə bildiriblər

(Paris) – Human Rights Watch təşkilatı bu gün yaydığı bəyanatda bildirir ki, Azərbaycan hökuməti şübhəli narkotik saxlama ittihamlarından istifadə etməklə hökuməti tənqid edən siyasi fəalları susdurur. Human Rights Watch bu yaxınlarda baş vermiş dörd həbs işi üzrə araşdırma aparmışdır. Həbsolunanlardan üçü polisdə saxlandığı müddətdə pis rəftarla üzləşmişdir.

“Hökuməti tənqid edənlərin saxta narkotik ittihamları ilə üzləşməsi əslində yeni hal deyil. Amma, son vaxtlarda baş verən hallar, xüsusilə seçkilər yaxınlaşdıqca hökümətin tənqidçilərə qarşı apardığı kampaniyanın daha sürətli vüsət almasının bir tərkib hissəsidir. Bu həbslər və döyülmə halları ciddi fəaliyyətlə məşğul olmaq istəyən insanlara çox açıq xəbərdarlıq siqnalı verir,” deyə Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia bildirib.

Human Rights Watch bildirir ki, Azərbaycan hökuməti saxlanma yerlərində baş vermiş pis rəftar iddiaları ilə bağlı dərhal tərəfsiz və səmərəli araşdırmaya başlamalı və qaldırlan ittihamların həqiqiliyinin müstəqil şəkildə qiymətləndirilməsinə qədər fəallar azadlığa buraxılmalıdır.

2013-cü ilin mart və may ayları arasında dörd fəalın həbs olunması ölkədə vətəndaş cəmiyyətinə qarşı Ərəb Baharı sonrasından başlayan hücumun bir hissəsidir və bu proses oktyabrda keçirələcək prezident seçkiləri yaxınlaşdıqca daha da intensivləşmişdir.

Son iki il ərzində Azərbaycan hökuməti onlarla fəalı, jurnalisti və hüquq müdafiəçisini şübhəli ittihamlarla və ya ortalıqda heç bir dəlil olmadan həbs etmişdir. Onlara qarşı narkotik, silah saxlama, xuliqanlıq və ya ictimai asayişi pozmaq kimi müxtəlif ittihamlar irəli sürmüşdür. 2011-ci ilin avqustundan 2012-ci ilin may ayı arasındakı dövrdə polis ən azı 5 jurnalist və hüquq müdafiəçisinə qarşı saxta narkotik saxlama ittihamları irəli sürərərək həbs etmişdir.

Human Rights Watch təşkilatı bu yaxınlarda həbs olunmuş dörd fəalın işi üzrə onların vəkillərindən və qohumlarından müsahibələr alaraq ətraflı məlumat toplamışdır.

  • 9 may tarixində həbs olunaraq və  sonra pis rəftara məruz qalan 31 yaşlı tanınmış bloqqer, Facebook və digər sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid edən Rəşad Ramazanov(Rəşad Həqiqət Ağaəddin).
  • Oxuğu xütbədə Azərbaycan hökumətini və xüsusilə Prezident İlham Əliyevi kəskin tənqid edəndən az sonra 31 mart tarixində həbs olunan və sonradan pis rəftara məruz qalan 29 yaşlı ilahiyyatçı və fəal Taleh Bağırov;
  • 26 mart tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyasının 22 yaşlı fəali Daşqın Məlikov Facebook və digər sosial şəbəkələrdə hökuməti tənqid edən yazılarından sonra həbs olunmuşdur.  
  • NİDA gənclər hərəkatının 21 yaşlı fəalı Məhəmməd Əzizov mart ayının 7-də həbs olunmuş və sonradan pis rəftara məruz qalmışdır.

Bu dörd fəal saxlanıldıqlarından sonra polis onların üzərində az miqdarda narkotik tapdığını iddia edərək onlara qarşı narkotik saxlama ittiham irəli sürmüşdür. Polisin bildirdiyinə görə həbsolunanların üzərində polis idarəsində aparılan axtarışda narkotik vasitə onların ciblərində və ya portmanatlarından (pul qabı) və ya həbsolunan Əzizovun işində isə onun evində aparılan axtarış zamanı aşkar edilmişdir. Bu axtarışların heç birində həbsolunanların vəkilləri orada olmayıb və hətta həbsdən sonra da bir neçə gün hüquqlarını müdafiə etdikləri bu şəxslərlə vəkilləri görüşə bilməmişdirlər.

Həbsolunan üç şəxsin vəkillərinin Human Rights Watch-a bildirdiyinə görə istintaq dövründə müdafiə etdikləri şəxslərin heç birinə narkotik saxlamaqla bağlı sual verilməmişdir. Müstəntiqlər, həbsolunan Əzizov və Bağırovu onların siyasi fəaliyyəti ilə bağlı sorğu-sual etmişdir. Vəkilinin dediyinə görə istintaq zamanı Bağırova onun ictimai çıxışları ilə bağlı sullar verilmiş və onun son çıxışını kimin sifariş etdiyini və bu çıxışa görə Bağırova nə qədər pul ödənildiyi ilə bağlı suallar verilib.

Vəkillər qeyd edir, müdafiə etdikləri şəxslərin heç biri narkotik istifadəçisi deyil. Narkotikdən istifadə edib-etmədiyi ilə həbsolunanlardan birinin üzərində keçirilən tibbi ekspertiza həmin şəxsin narkotik istifadəsi olduğunu sübüt edən heç nə müəyyən etməmişdir. Digər bir həbsolunanla bağlı tibbi ekspertizanın rəyi hələ elan edilməyib.

Ramazanov, Bağırov və Əzizovun vəkillərinin Human Rights Watch-a bildirdiyinə görə müdafiə etdikləri şəxslərlə saxlanma yerlərində görüşərkən onlar vəkillərə polisin onları döymələriylə bağlı məlumatlar vermişdir. Görüş zamanı vəkillər onların sifətində açıq yaralar və qançır izləri müşahidə etmişdir.

Məhkəmənin qərarı ilə həbsolunan bu dörd şəxs istintaq təcridxanasına göndəriliblər. Əzizov, Bağırov və  Məlikovun barələrində iki aylıq, Ramazanovda isə üç ay həbs qəti imkan tədbiri seçilib. Sonradan məhkəmə Əzizovun həbs müddətini 2 ay, Bağırovda isə bir ay əlavə uzadılmışdır. Hökumət orqanları həbsolunanların özlərinin seçdikləri vəkillərinin məhkəmədə iştirak etməsinə imkan yaratmayıblar. Ona görə də, dövlət tərəfindən təhkim olunmuş vəkillər məhkəmə proseslərində iştirak ediblər.

Günahlandırılan şəxsin özünün seçdiyi vəkil ilə əlaqə qurmasına imkan yaradılmaması  Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın (14.3 Maddə) və İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasının (Maddə6.3 (c)) müvafiq maddələrinin birbaşa pozulmasıdır. Azərbaycan hər iki bu beynəlxalq müqavilələrin tərəfdaşıdır. Saxlanma yerlərində pis rəftara məruz qalma həm bu iki beynəlxalq sənədə və həm də beynəlxalq hüquqi adətə əsasən birmənalı şəkildə qadağan edilir.

“Həbsolunan bu şəxslərin saxlandıqları təcridxanada açıq-aydın daha pis rəftarla üzləşəcəyi riski vardır. Hökumət, həbsolunan şəxslərin pis rəftara məruz qalmalarıyla bağlı iddiaları dərhal araşdırmalı, onların öz vəkilləri ilə və eləcədə də müstəqil həkimlər ilə maneəsiz görüşlərinə imkan yaratmalıdır,”deyə Gogia bildirib.

Hadisələrin Ətraflı Təsviri

Həbsolunanların işi ilə bağlı aşağıda təsvir olunan məlumatlar Human Rights Watch təşkilatının tədqiqatçılarının 2013-cü ilin aprel-may aylarında apardığı araşdırma və müsahibələrə əsaslanır. Məlumatların toplanması üçün Əzizov, Bağırov və Məlikovun vəkilləriylə şəxsən müsahibələr aparılıb, Ramazanovun vəkili ilə isə telefonla əlaqə saxlanılıb. Hər iş üzrə son məlumatları öyrənmək üçün biz vəkillərlə mütəmadi olaraq əlaqə saxlamışıq. Həmçinin, Məlikovun işi ilə onun atası və həmkarlarından bir nəfəri;  Əzizovun məsələsi ilə əlaqədar NİDA hərəkatının digər üzvlərini;  və Ramazanovun məsələsi ilə bağlı tanınmış vəkil Aslan İsmayılovla əlaqə saxlanılıb.

Rəşad Həqiqət Ağaəddin
9 may 2013 tarixində, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin mülki geyimli əməkdaşları 31 yaşlı tanınmış bloqqer, Facebook və digər sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid edən Rəşad Ramazanovu həbs etmişdir. Ramazanov yazılarını  Rəşad Həqiqət Ağaəddin imzası ilə yazırdı.

Ramazanovun vəkili Rövşən Şirəliyevin vəkilinin Human Rights Watch-a bildirdiyinə görə həbs olunandan dərhal sonra Ramazanov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirilib və orada onun üzərində axtarış aparılarkən şalvarının cibindən 9.05 qram miqdarında heroin narkotik vasitəsi aşkarlandığını polis iddia etmişdir. Ramazanovun həbsindən sonra onun vəkili ilə görüşməsinə imkan verilməyib və onun həyat yoldaşının da Ramazanovun harada saxlanılmasıyla bağlı məlumatı olmamışdır.

10 May tarixində Nərimanov rayon Məhkəməsinin qərarı ilə Ramazanov Cinayət Məcəlləsinin 234.4.3 maddəsi üzrə qanunsuz olaraq çoxlu miqdarda narkotik vasitə almaq, saxlamaq və satmaqda günahlandırılaraq barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Azərbaycan Cinayət-Prosessual Məcəlləsinə görə məhkəmənin qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlanma yerində 24 saatdan artıq saxlanıla bilinməz və bu müddət ərzində istintaq təcridxanasına köçürülməlidir. Lakin, qanunun bu tələbi pozularaq Ramazanov may ayının 20-dək Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılıb.

Vəkilin Human Rights Watch-a bildirdiyinə görə saxlandığı idarədə Ramazanova fiziki təzyiqlər göstərilib. Çoxsaylı cəhdlərinə baxmayaraq, vəkili Ramazanovla may ayının 17-də görüşə bilib. Vəkil bunları qeyd edib:

Mənim Rəşad Ramazanovlagörüşümdə müstəntiq də iştirak edirdi. Ramazanovun alın nahiyəsində təxminəm 3 sm boyunda açıq yara izi vardı. Rəşadın bildirdiyinə görə bu döyülmənin nəticəsində olmuşdu. Onun boğaz nahiyəsində və üzündə qançırlar var idi. Əllərinə sərt bağlanmış qandalın nəticəsində qollarında qızartılar vardı. Rəşad döyülməsi ilə bağlı mənə qısa şəkildə danışdı və bədənində qançırların olduğu haqda mənə bildirdi.

Rəşaq dedi ki, o, idarəyə tutulub gətirilərkən maşında döyülüb və həbsinin ilk üç günündəki istintaq dövründə döyülmələrə məruz qalıb. Rəşad həmçinin bildirib ki, döyülmələrin məqsədi ondan hər hansı bir ifadəni zorla almaq deyil, sadəcə onu cəzalandırmaq və alçaltmaq üçün olub.

Ramazanovun məruz qaldığı fiziki təzyiqlərə barədə məlumatlar onun vəkili tərəfindən ictimailəşdirildikdən sonra Daxili İşlər Nazirliyinin sözçüsü mətbuata müsahibə verərərək bu iddiaları təkzib edərək bildirib ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi nazirliyin birbaşa nəzarətindədir və idarədə Ramazanovun pis rəftarla üzləşməsi ilə bağlı məlumatlar tam yalandır.

Taleh Bağırov
31 mart tarixində ilahiyyatçı və fəal Taleh Bağırov öz xütbəsində Azərbaycan hökumətini və xüsusilə Prezident İlham Əliyevi tənqid etdikdən az sonra polis tərəfindən həbs olunmuşdur.

Sabunçu rayon polis idarəsinə aparılan Bağırovun üzərində polisin keçirdiyi axtarış zamanı onun pencəyinin cibindən bir qram miqdarında heroin narkotik vasitəsi tapıldığı iddia edilmişdir.

Onun vəkili Anar Qasimlı Human Rights Watch-a bildirib ki, müdafiə etdiyi şəxslə ancaq bir həftədən sonra görüşə bilib və Bağırov iddia edib ki, polis onu döyərək təzyiq göstərib. Vəkil bunları qeyd edib:

Mən Bağırovla görüşəndə, onun sifətində, gözlərində və əllərində qançırlar var idi. O, mənə bildirdi ki, 3 barmağını hərəkət etdirə bilmir. Biz təcili tibbi yoxlama tələb etdik, lakin müstəntiq bu tələbimizi cavabsız qoydu. Hakim isə o dövrdə istirahətdə olduğundan biz heç bir cavab ala bilmədik.

Bağırov, Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci Maddəsi üzrə satmaq məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə almaq və saxlamaqda günahlandırılmışdır. Ancaq, istintaq müddətində isə Bağırov yalnız onun ictimai bəyanatları haqqında dindirilmiş və onun son xütbə çıxışını kimin sifariş verdiyini və kimin pul odədiyi ilə bağlı suallar soruşulmuşdur. Müstəntiqlər Bağırovun narkotik istifadəçisi olub olmasıyla bağlı tibbi ekspertiza tələb etməyib və onun evində aparılan axtarışda heç bir günahlandırıcı dəlil tapılmamışdır.

Məhkəmənin qərarı ilə barəsində 2 ay həbs qəti imkan tədbiri seçilən Bağırovun ilkin istintaq müddəti may ayının 24-də daha bir ay artırılmışdır.

Daşqın Məlikov
2013-cü ilin 26 mart tarixində Sumqayıt səhərində mülki geyimli polis əməkdaşları  Azərbaycan Xalq Cəbhəsi Partiyasının 22 yaşlı fəali Daşqın Məlikovu həbs etmişdir. Məlikovun həbsi Facebook və digər sosial şəbəkələrdə hökuməti tənqid edən yazılarından sonra baş vermişdir.

Məlikovun üzərində aparıldığı polis idarəsində baxış keçirilmişdir. Onun vəkili Əshabəli Mustafayevin Human Rights Watch-a bildirmişdir ki, Məlikovun üzərinə baxış zamanı o, yanında olmamışdır, lakin sonradan onunla görüşə bilib. Vəkilin dediyinə görə bir polis Məlikovun portmanatına (pul qabı) baxarkən digər polis isə Məlikovun diqqəti yayındırmağa çalışıb. Və, bu zaman portmanata baxış keçirən polis oradan 1.5 qram heroin tapdığını iddia edib.

Mustafayev bildirir ki, polislər Məlikovu zorla etiraf etməyə nail olsalar da, sonradan o, etdiyi bu etirafdan imtina etmişdir. Həbsindən 2 gün sonra, Sumqayıt Şəhər Məhkəməsi ona qarşı qanunsuz narkotik vasitə almaq və ya saxlamaq ittihamıyla cinayət işi qaldıraraq barəsində 2 ay həbs qəti imkan tədbiri seçərək təcridxanaya göndərib.

Vəkilin Human Rights Watch-a bildirdiyinə görə hələ həbsindən bir neçə gün öncə polis iki dəfə Məlikovun yaşadığı evə gələrək onun siyasi partiya üzvlüyü kartını istəmiş və Məlikovun siyasi fəaliyyətinin gələcəkdə ona hansı problemlər yaradacağı barədə onun valideynləri ilə söhbət etmək istəmişdir. Vəkilin qənaətinə görə əgər hər hansı şəxs polisin onu izlədiyini bilə-bilə pul qabında  narkotik gəzdirərsə, bu ağlabatan hal deyil. Məlikovun tibbi vəziyyəti onu ildə iki dəfə tibbi yoxlamadan keçməyi tələb edir və bu yoxlamalar onun əvvəllər narkotik istifadəçi olmadığını təsdiq edir. Polisin tələbi ilə keçirilən tibbi ekspertizanın rəyində də bildirilir ki, Məlikovun narkotik asılılığını göstərən heç bir dəlil yoxdur.

Məhəmməd Əzizov
2013-cü ilin 7 mart tarixində NİDA gənclər hərəkatının fəalı 21 yaşlı Məhəmməd Əzizov və  təşkilatın digər iki üzvü Bəxtiyar Quliyev və Şahin Novruzlu həbs ediliblər.

Əzizovun vəkili Fariz Namazlının Human Rights Watch-a bildiryinə görə polislər Əzizovu Bakının mərkəzində Fontanlar Meydanı adlanan ərazidə həbs edərək onu öz evinə gətiriblər. Evdə aparılan axtarış zamanı polislər orada 174 qram marixuana tapdıqlarını iddia ediblər. Əzizov bildirib ki, tapılan narkotik vasitənin ona heç bir aidiyyatı yoxdur.

9 Mart tarixində Nəsimi Rayon Məhkəməsi onu qanunsuz narkotik vasitə almaq və ya saxlamaq ittihamıyla günahlandıraraq barəsində 2 ay həbs qəti imkan tədbiri seçmişdir. Həbs edilən digər iki fəal isə qanunsuz silah saxlamaqda günahlandırılmışdır.

Həbsindən 10 gün keçməsinə baxmayaraq Əzizovun özünün seçdiyi vəkil ilə görüşməsinə imkan verilməmişdir.

Həbsdən iki gün sonra, Azərbaycanın televiziya kanalları tutulan fəallardan ikisinin - Quliyev və Əzizovun - polisə müqavimət göstərmək və vəziyyəti gərginləşdirmək məqsədi ilə 10 mart aksiyası zamanı Molotov kokteylindən istifadə etməyi planlaşdırdıqları haqda etiraflarını yaymışdır. Əzizov həm də sonradan həbs olunan NİDA hərəkatının digər bir fəalı Rəşad Həsənov barəsində etirafedici ifadə etsə də polisdəki sonrakı istintaq proseslərində bu etirafları rədd edərək bildirib ki, etdiyi etirafları təzyiq altında verib.

Vəkil həm də bildirib ki, istintaq müddətində Əzizova yalnız onun siyasi fəaliyyəti və aksiyaya hazırlıqlarla bağlı sullar verilib və ona narkotik ittihamıyla bağlı heç bir sual verilməyib. Müstəntiqlər onun narkotik istifadəçisi olub olmamasıyla bağlı tibbi ekspertiza tələb etsələr də, hələlik ekspertizanın nəticəsi elan edilməyib.

Əzizov vəkiliylə görüşündə bildirib ki, etdiyi etirafı geri götürdükdən sonra onun saxlandığı Milli Təhlükəsizlik Nazirliyində həmin idarənin əməkdaşları tərəfindən döyülmüş, dəyənəklə başına və ayaqlarına vurulmuşdur. Döyülmənin təsirindən Əzizov 4 gün yeriyə bilməmiş və sol qulağında eşitmə qabiliyyətini itirmişdir.

2 may tarixində məhkəmənin qərarı ilə Əzizovun istintaq müddəti daha iki ay uzadılmışdır.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country