Skip to main content

Azərbaycan: Yazıçıya Qarşı Təzyiqlərə Son Qoyulsun

Hökumət yazıçını qorumalı və ifadə azadlığını təmin etməlidir

(Moskva) Human Rights Watch təşkilatının bu gün yaydığı bəyanatda deyilir ki, yazıçı Əkrəm Əylisliyə qarşı düşməncə aparılan qorxutma kampaniyasına Azərbaycan hökuməti dərhal son qoymalıdır. Yazıçı Əkrəm Əylislinin bu yaxınlarda çap etdirdiyi mübahisəli romanında Azərbaycanda etnik azərbaycanlılar və ermənilər arasındakı münasibətlərin təsvirindən bəhs olunur.

Xarici ölkələrin hökumətləri və Azərbaycanın üzvü olduğu hökumətlərarası təşkilatlar yazıçının təhdid olunmasına görə məsuliyyət daşıyanlar barədə dərhal təhqiqatlara başlanması üçün və ölkədə ifadə azadlığının təmin olunması məqsədiylə Azərbaycan hökumətinə çağırış etməlidir.

“Azərbaycan hökumətinin Əkrəm Əylislini qorumaq öhdəliyi vardır. Amma, bunun əksinə olaraq hökumət, yazıçını təhdid edən təşəbbüslərə başçılıq edərək, onu qeyri-etik qaralama və düşmən retorikası kampaniyaları ilə üz-üzə qoymuşdur,” deyə Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Hugh Williamson bildirmişdir.

Sovet dövründən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Əkrəm Əylisli “Daş Yuxular” adlı romanın müəllifidir. Bu roman, 1920-ci illərdə və eləcə də Sovet dövrünün sonlarına yaxın erməni və azərbaycanlılar arasında silahlı münaqışənin başladığı dövrdə etnik azərbaycanlılar tərəfindən ermənilərə qarşı törədilən zorakılıqlardan bəhs edir. Əkrəm Əylislinin Human Rights Watch təşkilatınına bildirdiyinə görə onun bu romanının məqsədi Erməni və Azərbaycan xalqları arasında dostluğa səsləmək olub. Roman Rusiyanın "Drujba narodov" adlı ədəbi  jurnalının 2012 Dekabr buraxılışında çap olunub.

Azərbaycan və Ermənistan arasında 7 ilə qədər davam edən müharibə, Azərbaycanın tərkib hissəsi olan və  əhalisinin çoxu etnik ermənilər olan Dağlıq Qarabağ bölgəsi üzərində olub. 1994-cu ildə tərəflər arasında imzalanmış atəşkəs müqaviləsinə baxmayaraq, münaqişənin siyasi həllinə hələlik nail olunmayıbdır. Münaqişənin hələlik öz həllini tapmaması fonunda, Əkrəm Əylislinin bu əsərində erməniləri müsbət xarakterize etməsi və ermənilərə qarşı törədilən zorakılıqları pisləməsi Azərbaycanda böyük səs-küyə səbəb olmuşdur. Əylisliyə qarşı nifrət retorikasına və təhdidlərə 2013-cü ilin yanvar ayının sonlarında start verilmiş və hökumətyönümlü Müasir Müsavar Partiyasının sədri Hafiz Haciyevin 11 Fevral tarixində verdiyi bəyanatla kulminasiya nöqtəsinə çatmışdır. Hacıyev açıq şəkildə bəyan etmişdir ki, Əylislinin qulağını kəsib gətirən şəxsə 10,000 AZN [US$12,700] məbləğində pul mükafatı verəcək.

“Azərbaycan hökuməti dərhal istintaqa başlamalı və yazıçını təhdid edənləri məsuliyyətə cəlb etməli və onun şəxsi təhlükəsizliyini təmin etməlidir,” deyə Williamson qeyd edib.

Yanvar ayının 29-da, hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri Əylisliyə xitabən ondan bu əsərindən imtina etməyə və xalqdan üzr istəməyə çağırıblar. Əylislinin Human Rights Watch-a bildiyinə görə bu çağırışdan iki gün sonra sayları təxminən 70-ə yaxın olan bir qrup adam onun evinin qabağına toplaşaraq “Əkrəm, ölkəni tərk et” və “Ar olsun” şüarları səsləndirib və yazıçının şəkillərini yandırmışlar. Şahidlərin Human Rights Watch-a bildirdiyinə görə aksiya keçirilən ərazidə polislər  olsa da, onlar etirazçıları dağıtmaq üçün heç bir cəhd göstərməmişlər. Əylislinin yaşadığı evə heç bir ziyan vurulmamışdır.

 Yazıçının kitabına münasibət bildirən Azərbaycan President Administrasıyasının yüksək ranqlı məmuru bunları demişdir: “Biz, Azərbaycan xalqı olaraq, belə insanlara qarşı ictimai nifrətimizi bildirməliyik. ”

Parlamentin fevral ayının 1-də keçirdiyi sessiyada çıxış edən bir sıra deputatlar Əylislini kəskin tənqid edərək, ona verilmiş “Xalq Yazıçısı” fəxri titulunun və digər orden və medallarının geri alınmasını və həmçinin DNA qan testi aparmaqla yazıçının etnik kimliyini müəyyənləşdirməyi tələb etmişlər.

Fevral ayının 7-də Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Əkrəm Əylislinin 1998-ci ildə mükafatlandırıldığı “Xalq Yazıçısı” fəxri adı ondan alınmış və 2002-ci ildən bəri 1000 AZN [US$1,270] məbləğində aldığı aylıq təqaüd də kəsilmişdir. Prezidentin bu haqda qərarını yazıçı televiziyadan eşitdiyini bildirmişdir.

İctimai qınaqların baş verdiyi ərəfədə, Əylislinin həyat yoldaşı və oğlu iş yerlərindən çıxarılıblar. Fevral ayının 4-də, Gömrük Komitəsinin bir yüksək rəsmisi yazıçının orada idarə rəisi işləyən oğlu Nəcəf Naibov-Əylisliyə “könüllü olaraq” işindən istefa vermək haqda ərizəyə qol çəkməyə məcbur etmişdir. Yazıçının Human Rights Watch-a bildirdiyinə görə onun oğlu işlədiyi son 12 ildə heç zaman işində töhmət almamışdır.

“Mənim oğlum heç bir zaman siyasətə qarışmamışdır. Hətta, mənə həmişə məsləhət görmüşdür  ki, əsərlərimdə siyasətdən yazmayım və o, heç zaman mənim siyasi baxışlarımla razılaşmayıb,” deyə yazıçı bildirib.

Fevral ayının 5-də, yazıçının həyat yoldaşı Qalina Aleksandrovna işlədiyi kitabxanada bir neçə gün əvvəl başlayan yoxlamadan sonra məcburən “könüllü” istefa ərizəsi yazaraq işdən uzaqlaşdırılmışdır.

Azərbaycanın bir sıra şəhər və rayonlarında yazıçının müxtəlif kitablarının yandırılması aksiyaları baş vermişdir. Bu aksiyaların bəziləri hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığıyla baş tutmuşdur.

“Azərbaycan hökuməti ifadə azadlığı haqda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini ələ salır.  Bu hadisənin, xüsusilə Azərbaycan rəsmilərinin ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Şurasında xəcalət çəkmədən fəxrlə danışmaq üçün keçən ay Strasburqda toplanmasından sonra baş verməsi çox sarsıdıcı bir haldır,” deyə Williamson bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi bir çox qərarlarda söz azadlığının həm də cəmiyyəti narahat edə biləcək və ya sarsıda biləcək məlumat və ideyalara da aid olduğu prinsiplər dəstəklənmişdir. Dağlıq Qarabağ münaqişəsi üzrə söz azadlığı məsələsi ilə bağlı AİHM-in Azərbaycana qarşı çıxardığı bir qərarda deyilir: “Məlumat azadlığı təkcə yaxşı qəbul olunan ideyalar və məlumatlara deyil, həm də cəmiyyətin hər hansı təbəqəsini təhqir edən, sarsıdan və ya narahat edən məlumat və ideyalara aid olunur.”

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country
Topic