(30 Yanvar, 2013) – Azərbaycan hakimiyyəti İsmayıllıda etirazlarla bağlı saxlanan hər kəsin vəkilə çıxışını təmin etməli və saxlanan heç kəslə pis davranmamalıdır. Həmçinin, İsmayıllıda baş vermiş hadisələrə etiraz etmək üçün paytaxt Bakıda keçirilən dinc aksiya zamanı saxlanılan hər kəsi hökumət azad etməli və müstəqil müşahidəçilərin İsmayıllıya maneəsiz çıxışını təmin etməlidir.
Bakıdan 200 km cənub-qərbdə yerləşən İsmayıllı şəhərində 23 yanvar 2013-cü ildə zorakılıq və qarşıdurma ilə müşaiət olunan etiraz aksiyası baş vermişdir. İlkin olaraq bu hadisə kiçik maşın qəzası kimi görsənsə də, sonradan bu olay rayonun icra başçısının istefası tələb olunan iğtişaş və kütləvi etiraz aksiyasına çevrilmişdir. Çoxsaylı media məlumatlarına görə nümayişçilər və hüquq mühafizə orqanları əməkdaşları arasında bir sıra qarşıdurma halları baş vermişdir. Polis, iğtişaşları yatırmaq və asayişi bərpa etmək məqsədiylə göz yaşardıcı qaz və rezin güllələrdən istifadə etmişdir. Qarşıdurma nəticəsində İsmayıllıda onlarla insan həbs olunsa da, ölkə rəsmilərinin yanvar ayının 30-da bildirdiyinə görə 12 nəfərə qarşı iğtişaşda iştirak etmə və özgə malını talan etmə maddələri ilə cinayət işi qaldırılıb. Bir çox saxlanılanlar cərimələnərək azad olunublar.
“Azərbaycan hakimiyyəti saxlananlarla pis rəftar etmə üzrə çox pis ad çıxarıb. Hökumət İsmayıllı iğtişaşları ilə bağlı saxlananlara qarşı pis rəftar edilməsinə imkan verməməlidir. Bunun qarşısını almaq üçün əsas təminat saxlananların vəkilləri ilə konfidensial görüşlərinə dərhal icazə verməkdir”, bunu təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogiadeyib.
Sakinlər danışmağa qorxduğu üçün informasiyanı təsdiqlətmək çətin olsa da, Human Rights Watch üç vəkillə danışıb, onlar bir neçə hüquqi proses pozuntusu sadalayıblar, bir halda isə saxlanan döyülüb.
Yanvar ayının 26-da Bakı şəhərində çoxlu sayda uniformalı və mülki geyimli polis İsmayıllıdakı insanlara həmrəylik nümayiş etdirmək üçün keçirilən dinc, lakin icazəsiz aksiyaya müdaxilə edərək onlarla insanı həbs etmişdir.
Yanvar ayının 29-da vəziyyəti monitoring etmək məqsədiylə İsmayıllıya səfər edən 20 nəfər hüquq müdafiəçisi polis tərəfindən saxlanılmışdır. Qrup üzvlərindən birinin verdiyi məlumata görə 5 hüquq müdafiəçisi sorğu-sual edilmək məqsədiylə polisə dəvət olunub. Sərbəst buraxılarkən onlara bildirilib ki, hüquq müdafiəçilərinin İsmayıllıda qalması “vəziyyəti gərginləşdirə biləcəyinə” görə şəhəri tərk etsinlər. Xəbərdarlığa baxmayaraq hüquq müdafiəçiləri İsmayıllını tərk etməmişlər.
Human Rights Watch təşkilatı bildirir ki, hökumət insan haqları müdafiəçiləri və jurnalistlərin İsmayıllıya əngəlsiz girməsinə icazə verməlidir ki, onlar yanvarın 23-də başlamış hadisələri sənədləşdirmək, eləcə də saxlananlara qarşı rəftarı, polisin iğtişaşları yatırmaq üçün aşırı gücdən yararlanmasını dəyərləndirə bilsinlər.
Bakıda baş verən zorakılıq və həbslər Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin kəskin tənqid edildiyi hesabatı qəbul etməsindəntəxminən bir həftə sonrakı dövrə təsadüf edir. Assambleyanın qəbul etdiyi qətnamədə bildirlir ki, Azərbaycan hökuməti məhkəmələrin müstəqilliyini təmin etmək; işgəncə və pis rəftar törədən hüquq mühafizə orqanları əməkdaşlarını məsuliyyətə cəlb etmək; böhtana görə cinayət məsuliyyətini dekriminalize etmək; toplaşma və ifadə azadlıqlarını təmin etmək məqsədiylə konkret addımlar atmalıdır.
Yanvar ayının 23-dən İsmayıllıda baş verən hadisələr ilkin olaraq icra başçısının qohumu iddia olunan bir otel sahibinin maşını ilə elektrik dirəyinə çırpması və yaxınlıqda öz maşınını saxlayan bir taksi sürücüsü ilə dava etməsi ilə başlamışdır. Çoxsaylı media məlumatlarına görə, onlarla insan bu davaya müdaxilə edərək taksi sürücüsünü müdafiə etmiş və qəzəblənmiş kütlə oteli və onun həyətindəki iki maşını yandırmışdır. Sonra isə icra başçısının oğluna məxsus olan evin həyətindəki iki motorsikleti və bir maşını yandırmışdır. Polisin bildirdiyinə görə təxminən 4 saata yaxın davam edən xaosu yatırmaq çətin olmuşdur.
Növbəti gün yüzlərlə etirazçı icra hakimiyyəti binasının qarşısına toplaşaraq icra başçısının istefasını tələb etmişdir. Aksiya iştirakçıları İsmayıılıdakı yoxsulluğa, geniş yayılmış işsizliyə və korrupsiyaya qarşı etirazlarını bildirmişdir. Etirazçıları dağıtmaq üçün hüquq mühafizə orqanları əməkdaşları göz yaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə etmiş və onlarla etirazçını həbs etmişdir.
Eitrazçıları dağıtmaq üçün gücdən istifadəni şərtləndirən amillərin olub-olmamasını və ya polisin gücdən istifadə etməsinin hədəyə uyğun olub-olmadığını Human Rights Watch təşkilatı qiymətləndirmək vəziyyətində deyil. Human Rights Watch hesab edir ki, Bakıda nümayəndəliyi olan və ölkədə polis treyninqi üzrə proqramlar həyata keçirən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) etirazçılara qarşı istifadə edilən gücün beynəlxalq standartlara uyğun olub-olmamasını qiymətləndirməlidir.
Human Rights Watch bildirir ki, rezin güllələrin müəyyən hallarda ölümcül gücü ola biləcəyinə görə, onlar odlu silah kimi praktiki məqsədlər üçün istifadə edilməlidir. Hüquq Mühafizə Əməkdaşlarının Güc və Odlu Silahdan İstifadəsinə dair Birləşmiş Milllətlər Təşkilatının Əsas Prinsiplərində bildirilir ki, “hüquq mühafizə əməkdaşlari ölüm və ya ciddi zədə kimi qaçılmaz təhlükələrdə özünü-müdafiə və digərlərinin müdafiəsi məqsədi istisna olmaqla digər hallarda insanlara qarşı odlu silahdan istifadə oluna bilinməz.”
“İsmayıllıda baş verənlərə dair çox suallara cavab verilməlidir. Gücdən istifadə lazım idimi? Polis etirazçıları dağıtmaq üçün qeyri-zorakı metodları tükətdimi? Belədirsə, tətbiq olunan güc hədəyə uyğun idimi? Hakimiyyət insan haqları müdafiəçilərinin bu məsələləri maneəsiz araşdırmasına icazə verməlidir”, Gogia belə deyib
Saxlanananlar və onlara qarşı pis rəftar
Polis hələlik tutulanların sayı ilə bağlı rəsmi məlumat verməmişdir. Ismayıllıda yerli fəalların Human Rights Watch-a bildiyinə görə 24-25 yanvar ayı tarixlərində ən azı 150 nəfər həbs olunmuşdur. Bəzi media orqanları əslində daha çox insanın həbs olunduğunu iddia ediblər. Saxlanılanların bir çoxu yaxınlıqdakı Göyçay, Qəbələ və Şamaxı rayonlarının və bəziləri də Bakının Nəsimi rayon polis şöbələrinə göndərilmişdir.
Saxlanılma anında və polis şöbələrində saxlanılanlara qarşı pis rəftarın olması barədə etibarlı iddialar mövcuddur. Saxlanılan bir şəxsin yaxın qohumu olan “Rüfət” (təhlükəsizlik məqsədiylə ad dəyişilmişdir) Human Rights Watch-a bildirmişdir ki, polisdə saxlanılan “Emin”-dən orada döyülərək tələb edilib ki, talanda iştirak etməsi barədə yalan etirafa imza atsın. Rüfət bildirmişdir ki, polis Eminin sinəsinə rezin dəyənəklə döydüyünə görə hələ də Eminin sinəsində ciddi ağrılar var. Emin, məhkəmənin qərarı ilə cərimə olunduqdan sonra sərbəst buraxılmışdır.
“Rəsmi orqanlar saxlanma məntəqələrində baş verdiyi iddia olunan bütün pis rəftar hallarıyla bağlı çevik, dəqiq və səmərəli araşdırmaya başlamalı və günahı olanları məsuliyyətə cəlb etməlidir.
Tələsik və tez bitən məhkəmə prosesləri
Saxlanılanlardan bir çoxu polisin göstərişlərinə müqavimət göstərməkdə və icazəsiz aksiyada iştirak etməkdə günahlandırılaraq inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Human Rights Watch-un təmasda olduğu bir neçə vəkil bildirmişdir ki, onlar hüquqlarını müdafiə etdiyi müttəhimlərlə görüşə bilmir və effektiv müdafiəni təmin edə bilmirlər. Vəkillər həmçinin məhkəmə proseslərinin qısa, tələsik və səthi keçirildiyini bildirmişlər.
Vəkillərdən birinin bildirdiyinə görə dəfələrlə müraciət etməsinə baxmayaraq ona hüquqlarını müdafiə etdiyi, 25 yanvarda həbs olunaraq hazırda Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılan şəxslə görüşünə icazə verilməyibdir. Əvvəlcə vəkilin belə bir görüş istəyinə ümumiyyətlə icazə verməyən polis sonra bildirmişdir ki, vəkilin saxlanılan şəxslə görüşü yalniz müstəntiqin də həmin görüşdə iştiraki ilə baş tuta bilər.
“Məndə olan məlumata görə müdafiə etdiyim şəxs saxlanma yerində döyülüb. Mən onunla üz-üzə görüşmək istəyirdim. Amma, polis istəyirdi ki, müstəntiq də görüşdə olsun və beləliklə də müdafiə etdiyim şəxs orada mənimlə açıq danışa bilməsin. Mən bu formada keçiriləcək bir görüşdən imtina etdim”, deyə vəkil bildirmişdir.
Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncə və pis rəftar halları ilə bağlı Human Rights Watch təşkilatı əvvəlki hesabatlarında bəhs etmişdir.
Anonimliyini qorumağı xahiş edən digər bir vəkil bildirmişdir ki, polis ona bir müttəhimin vəkili olmağını təklif etmişdir. Və, polis ona göstəriş verərək bildirmişdir ki, müttəhimə təzyiq edərək saxta etirafa imza atmasını və günahı boynuna almasını təşkil etsin. Vəkil bu təklifi rədd etmişdir.
Digər bir vəkil Human Rights Watch-a bildirmişdir ki, məhkəmə prosesləri cəmi bir neçə dəqiqə çəkib. Onun sözlərinə görə, Göyçay məhkəməsi inzibati xətapozamalarda günahlandırılan 80 adamın işinə 10 dəqiqədən az müddət ərzində baxıb.
Bütün saxlanılan şəxslərin öz seçdiyi vəkillə təmin olunması, açıq və ədalətli məhkəmə araşdırması hüququ da daxil olmaqla məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi hüququ vardır və hakimiyyət orqanları bu hüquqları təmin etməlidir.
Bir çox media məlumatlara görə, İsmayıllı şəhəri hazırda tam qapalı vəziyyətdədir. Bir neçə yerli sakinin Human Rights Watch-a dediyinə görə ərazidə zirehli texnikanın da olduğu çoxlu sayda polis müşahidə olunur. Rəsmi komendant saatının olmamasına baxmayaraq, sakinlərə bildirilib ki, axşam saat 8-dən sonra küçəyə çıxmasınlar. Məlumatlara görə, polis həvəskar kamera ilə çəkilmiş və internetdə olan onlayn video görüntülərdən istifadə edərək etiraz aksiyasında iştirak edənləri müəyyənləşdirir və onları həbs edir.
Bakıdakı dinc aksiyanınzorakılıqla dağıdılması
Yanvar ayının 26-da gənc fəallar İsmayıllıdakı insanlara həmrəylik nümayiş etdirmək məqsədilə Bakı şəhərinin mərkəzində etiraz aksiyası keçirməyə cəhd etmişdir. Səhərin erkən vaxtlarında uniformalı və mülki geyimli polislər şəhərin mərkəzinə toplaşmağa başlamışdır. Aksiya iştirakçıları meydana gəldiklərində “Azadlıq” və digər şüarlar səsləndirən kimi polis onları tutaraq yaxınlıqda gözləyən avtobus və polis maşınlarına doldurmuşdur. Çox saylı həvəskar video çəkilişlərindən, o cümlədən Azadlıq Radiosunun aksiyadan canlı görüntülərindən nümayişin dinc olduğu və aksiya iştirakçılarının heç bir müqavimət gostərmədiyi və zorakılığa əl atmadığı görsənir.
“Nümayişin icazəsiz olmasına baxmayaraq, polis heç bir təhlükə törətməyən aksiya iştirakçılarına qarşı zordan istifadə etməməli idi,” deyə Gogia bildirib.
Polis 50-dən çox iştirakçını həbs etmişdir. Onlardan bəziləri Bakının kənarına aparılaraq orada sərbəst buraxılmışlar. Polis məntəqələrinə aparılan digər aksiya iştirakçılarına qarşı icazəsiz aksiyaları təşkil etmək və iştirak etməkdə günahlandırılaraq inzibati qaydada cəzalandılmışlar. Yerli məhkəmlərin qərarı ilə məhşur bloqqer və social media fəallarından olan Emin Milli də daxil omaqla beş nəfər 13 gündən 15 günədək həbsə məhkum edilmişdir. Məhkəmələr həm də 3 fəala qarşı icazəsiz aksiyanı təşkil etmə ittihamı irəli sürərərək onları 2,500 AZN (təxminən US$3,200) cərimə etmiş və 17 aksiya içtirakçısını isə icazəsiz aksiyada iştirak etdiklərinə görə 400 AZN (təxminən $510) and 600 AZN (təxminən $760) həcmində cərimələmişdir.
2006-cı ilin əvvəlindən başlayaraq hökumət indiyədək heç bir zaman müxalifətin şəhər mərkəzində aksiya keçirməsinə icazə verməmişdir. Hökumət bütün aksiyaların şəhər kənarında xüsusi ayrılmış ərazilərdə keçirilməsini tələb edir.
Human Rights Watch təşkilatı bildirir ki, Bakı şəhərinin mərkəzində toplaşmağa qarşı tam qadağanın tətbiq olunması Azərbaycanın toplaşma və ifadə azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Avropa İnsan Hüquqları Məhkəməsinin bununla bağlı etdiyi xəbərdarlıqda deyilir: “Toplaşmaq və ifadə azadlığı boğmaq üçün preventiv xarakterli bütün tədbirlər … demokratiyaya zərbə vurur və bir çox hallarda onu təhlükəyə altına qoyur”
Bu hüquqları daha da məhdudlaşdıran bir addım ataraq, 2012-ci ilin noyabr ayında parlamentin qəbul etdiyi qanuna əsasən icazəsiz aksiyaları təşkil edənlərə və bu aksiyalarda iştirak edənlərə qarşı cərimələrin məbləği artırıldı. Yeni qanun iştirakçılara 1000 AZN ($1,274), təşkilatçılara isə 3000 AZN ($ 3,822) həcmində cərimə tətbiq edilməsini nəzərdə tutur.
Azərbaycan bir çox insan hüquqları konvensiyalarına, o cümlədən toplaşma azadlığına təmin edilməsi və etirazçılara qarşı qadağan olunmuş pis rəftar törədən bütün şərtlərdən çəkinməsi ilə bağlı hökumətin üzərinə öhdəliklər qoyan İnsan Hüquqları üzrə Avropa Konvensiyasına qoşulmuşdur. Hökumətin digər bir öhdəliyi pozuntuları araşdırmaq və onları aradan qaldırmaqdır.
Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamə toplaşma azadlığının pozulması da daxil olmaqla Azərbaycanda insan hüquqları ilə bağlı bir çox məsələlərdən narahatlılıq bildirilir. Assambleya ölkə rəsmilərinə tövsiyyə edərək bildirmişdir ki, Bakı şəhərinin mərkəzi hissənin bəzi yerlərində etiraz aksiyalarının keçirilməsinə icazə verməklə toplaşma azadlığı hüququ təmin edilməlidir. Assambleya həm də “dinc aksiya iştirakçılarına qarşı həddən ziyadə polis gücündən istifadədən çəkinməklə” bağlı hökumətə çağırış etmişdir.
“Azərbaycan Avropa Şurasının tövsiyyələrini dinləməli və dinc aksiyaları qadağan etməyə son verməlidir. Sadəcə öz fikrini ifadə etdiyinə görə saxlanılanları hökumət azad etməli və hüquq mühafizə orqanları əməkdaşlarının əməllərini təhqiq etməlidir,” deyə Gogia bildirib.