(Berlin) – Human Rights Watch təşkilatının bu gün yaydığı brifinq sənədində bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə keçirilən İnternet İdarəçiliyi Forumu’na ev sahibliyi edən Azərbaycanda 8 jurnalist və 3 hüquq müdafiəçisi həbsdədir və ifadə azadlığı kəskin məhdudlaşdırılmışdır. Azərbaycan hökuməti bu imkandan yararlanaraq həbsdə olan jurnalist və fəalları azad etməli, böhtana görə cinayət təqibini ləğv etməlivə müxalifətin paytaxt Bakının mərkəzində keçirtmək istədiyi aksiyalara qarşı tətbiq edilən qadağanı ortadan qaldırmalıdır.
İnternet İdarəçiliyi Forumu 6-9 noyabr ayı tarixlərində Bakı şəhərində keçiriləcək. BMT-nin Baş Katibinin çağırışıyla keçirilən bu illik toplantı internetlə bağlı dövlət siyasəti məsələlərini müzakirə etmək üçün hökumətləri, vətəndaş cəmiyyəti institutlarını və digər bərabər tərəfdaşları bir araya gətirir. Bu ilki toplantı inkişafa təşviqdə internet idarəçiliyinin rolu ilə baglı məsələlərin müzakirəsinə həsr olunacaqdır.
“İnternet İdarəçiliyi Forumu ideya olaraq insan inkişafına imkan yaradılmasında internet texnologiyalarının rolunu qəbul edir. Lakin, bu potensialı bütünlükdə reallaşdırmaq üçün Azərbaycan hökuməti öz vətəndaşlarına fikirlərini heç bir qisas qorxusu olmadan onlayn və oflayn ifadə etməsi üçün şərait yaratmalı və qorumalıdır”, deyə Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia bildirib.
10 səhifədən ibarət olan brifinq sənədində Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi müxalif fəalların bir çox hallarda tədqiqatçı jurnalistika və fəal siyasətlə məşğul olduqlarına görə qisas xarakterli saxta ittihamlarla həbs olunması hallarından bəhs olunur.
Human Rights Watch təşkilatı bildirir ki, İnternet İdarəçiliyi Forumu’nun rəsmi çağırışçısı kimi BMT-nin Baş Katibi Ban Ki-moon Azərbaycan hökumətinə insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri xatırlatmalıdır. Human Rights Watch təşkilatı tədbirdə iştirak edən müxtəlif hökumətlərin nümayəndələrinə müraciət edərək bildirir ki, onlar Azərbaycanda ifadə azadlığı ilə bağlı narahatçılıqları birbaşa Azərbaycan rəsmilərinə bildirsinlər.
“Keçirilən bu forumun mandatına internet idarəçiliyində vətəndaş iştirakının gücləndirilməsi məsələsi daxildir. Buna nail olmağın ən uğurlu yolu ölkədə insan hüquqlarının yaxşılaşdırılmasıdır”, deyə Gogia bildirib.
Hazırda həbsdə olan jurnalistlərdən biri hökumət rəsmilərinə qarşı sərt tənqidi ilə tanınan Xural qəzetinin baş redaktoru Əvəz Zeynallıdır. O, apardığı jurnalist araşdırması ilə hakim partiyadan olan bir parlament üzvünün də daxil olduğu korrupsiya qalmaqalını ifşa edəndən sonra həmin deputat tərəfindən şantaj etmə adlı şübhəli ittiham əsasında günahlandırılmışdır. Ayrı bir korrupsiya skandalı ilə bağlı olaraq həmin deputat bu yaxınlarda deputat mandatından istefa vermişdir. 2011-ci ilin oktyabr ayında həbs olunan Zeynallının məhkəməsi hazırda davam edir.
Həbsdə olan hüquq müdafiəçilərindən biri ixtisasca hüquqşunas olan və 2011-ci ilin avqust ayında 3 il həbsə məhkum olunan Vidadi İsgəndərovdur. 2010-cu ildə keçirilən parlament seçkisində namizəd kimi iştirak edən İsgəndərov öz seçki dairəsində qeydə aldığı saxtakarlıqlarla bağlı rəsmi orqanlara şikayət etmişdir. Saxtakarlıq hallarını video və digər materiallarla sübut etməsinə baxmayaraq, rəsmi orqanlar bu iddialar üzərində araşdırma aparmamışdır. Əvəzində, məmurlar İsgəndərlinin özünə qarşı ittihamlar irəli sürərək onu seçkiyə müdaxilə etməkdə günahlandırıb həbs etdilər.
“Zeynallı və İsgəndərova qarşı edilən bu hallar mətbuatda, o cümlədən sosial mediada, hökumətin fəaliyyəti ilə bağlı narazılıqlarını ifadə edən jurnalist və hüquq müdafiəçilərinə göndərilən mənfi bir xəbərdarlıqdır. İnternet İdarəçiliyi Forumu’nun insan inkişafı məsələsinə diqqətinə həmrəylik nümayiş etdirərək, Azərbaycan hökuməti Zeynallı, İsgəndərov və öz fikirlərini ifadə etməkdən savayı heç nə etməyən, lakin bunun qarşılığında həbs olunan digər şəxsləri azad etməlidir”, deyə Gogia qeyd etmişdir.
Azərbaycan hökuməti jurnalistlərə qarşı hücüm edən və zorakılıq törədən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməmişdir. Brifinq sənədində Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun əməkdaşı jurnalist İdrak Abbasovun mülk söküntüləri ilə bağlı çəkiliş apardığı zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təhlükəsizlik əməkdaşları tərəfindən günorta vaxtı necə hücuma məruz qalmasından bəhs olunur. Döyülən Abbasov müvəqqəti olaraq huşunu itirmiş və xəstəxanaya coxlu əzik və hematoma diaqnozu ilə yerləşdirilmişdir. ARDNŞ Abbasovu iğtişaşları qızışdırmaqda günahlandırıb və ölkənin rəsmi orqanları isə bu döyülmə faktı ilə bağlı heç kimi məsuliyyətə cəlb etməmişdir.
Human Rights Watch təşkilatı bildirir ki, jurnalistlərə qarşı törədilən zorakılıq, basqı, təhdid və hədə-qorxu halları ilə bağlı Azərbaycan hökuməti dərhal hərtərəfli və şəffaf təhqiqat aparmalıdır. Bu istintaq araşdırmaları törədilən bu əməllərdə əli olan şəxslərin məsuliyyətə cəlb olunması ilə nəticələnməlidir.
Azərbaycan hökuməti ifadə azadlığını digər yollarla, o cümlədən dinc aksiyaları bir çox hallarda zorakı üsullarla dağıtmaqla, aksiya təşkilatçılarını və ya iştirakçılarını həbs etməklə məhdudlaşdırır. Fəallar qeyri-zorakı aksiyaları təşkil etmək üçün sosial mediadan geniş istifadə edirlər. 2006-cı ilin əvvəlindən başlayaraq hökumət heç bir zaman müxalifətin şəhər mərkəzində aksiya keçirməyinə icazə verməmişdir. Hökumət bütün aksiyaların şəhər kənarında xüsusi ayrılmış ərazilərdə keçirilməsini tələb edir.
Bu yaxınlarda,12 Oktyabr 2012-ci ildə, polis Bakı şəhərinin mərkəzində keçirilən icazəsiz aksiyada onlarla etirazçıya qarşı zorakılıq tətbiq etmiş və onları zorla polis maşınlarına və avtobuslara doldurmağa cəhd göstərmişdir. Aksiyanın bir çox iştirakçısı cərimə olunaraq sərbəst buraxılsa da, ən azı 13 fəala qarşı inzibati qaydanı pozmaqda günahlandırılaraq 10 sutka həbsə məhkum edilmişlər.
Human Rights Watch təşkilatı bildirir ki, Bakı şəhərinin mərkəzində toplaşmağa qarşı tam qadağanın tətbiq olunması Azərbaycanın toplaşma və ifadə azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Hökumət bu qadağanı dərhal ortadan qaldırmalı və hökumətin lüzumsuz müdaxiləsi olmadan dinc etiraz aksiyalarının keçirilməsinə icazə verməlidir.
“Bu ilin may ayında 2012 Eurovision Mahnı Müsabiqəsi’nə ev sahibliyi edən Azərbaycan son altı ayda ikinci dəfə daha bir önəmli beynəlxalq tədbiri - İnternet İdarəçiliyi Forumu’nu paytaxt Bakıda keçirilməsini təmin edir. Hökumət sadəcə öz ictimai imicini yaxşılaşdırmaq üçün bu tədbirlərdən istifadə etməməlidir. Hökumət bu tədbirlərin əsasını təşkil edən dəyərlərə hörmət etməli və qorumalıdır”, deyə Gogia bildirib.