(Berlin, 15 İyun, 2012) Human Rights Watch təşkilatının bu gün yaydığı bəyanatda bildirilir ki, 2012-ci ilin may ayında Azərbaycanın Eurovision Musiqi Yarışmasına hazırılıqları ərəfəsində polis zorakılıqlarını ifşa edən və şəkillərini çəkən fotoqraf və sosial media fəalı saxlanılmış və ona qarşı saxta xuliqanlıq ittihamı irəli sürülmüşdür.

23 yaşlı Mehman Hüseynov 13 iyun axşamı şərti azadlığa buraxılsa da, ona qarşı qaldırılan cinayət işi üzrə istintaq davam edir. Human Rights Watch təşkilatı bildirir ki, hökumət Hüseynova qarşı qaldırılan saxta ittihamları ləğv etməli və Hüseynovun öz ifadə azadlığı hüquququndan istifadə etməsi üçün şərait yaratmalıdır.

Bir çox müxtəlif yerli və beynəlxalq kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edən Hüseynov, həm də 22—26 May tarixlərində Azərbaycanın ev sahibliyi etdiyi Eurovison Musiqi Yarışması hazırlıqları ərəfəsində insan hüquqları pozuntularını ifşa edilməsi və bu sahədə vəziyyətin yaxşılaşması məqsədiylə vətəndaş cəmiyyəti üzvləri tərəfindən aparılan Demokratiya Üçün Oxu kampanyasında çox fəal iştirak etmişdir. Hüseynovun müəllifi olduğu fotoşəkillər sosial mediada geniş yayılmış və yerli və xarici mətbuat və eləcə də digər təşkilatlar tərəfindən istifadə edilmişdir. Ölkədəki bir çox fəallar ehtiyat edirdilər ki, musiqi yarışmasının bitməsinin və beynəlxalq diqqətin Azərbaycandan çəkilməsinin ardından Azərbaycan hökuməti fəallara və tənqidçilərə qarşı hücuma başlayacaq.

“Məntiqli bir müşahidəçi üçün, Hüseynova qarşı sürülən ittihamlar onun Eurovision kampanyası çərçivəsində gördüyü çoxlu işlərə qarşı bir qisas əməlidir,” deyə Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia bildirib. “Hakimiyyət dərhal ona qarşı qaldırılan ittihamları ləğv etməli və Azərbaycanın beynəlxalq tərəfdaşları baş vermiş bu olayı mümkün geniş hücüm işarəsi kimi nəzərə almalıdırlar.”

Bloqqer və eyni zamanda da media monitorinqi üzrə mütəxəssisləşmiş yerli qeyri-hökumət təşkilatı Reportyorların Azadlığı və Təhlükəsiziliyi İnstitutunda fotoqraf kimi fəaliyyət göstərən Mehman Hüseynov iyun ayının 12-də Səbayel rayon polis idarəsinə dəvət edilmişdir. 3 saat sürən dindirilmədən sonra ittihamın irəli sürülməsini gözləməsi üçün polis onu saxlanma kamerasına yerləşdirmişdir. 24 saatdan sonra polis onu Cinayət Məcəlləsinin 221.2.2 maddəsi əsasında “hökumət məmuruna qarşı fiziki zor tətbiq etmə” (xuliqanlıq) üzrə günahlandırıb. Mühakimə ediləcəyi təqdirdə onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorun Hüseynov haqqında həbs qəti imkan tədbiri seçilməsi ilə bağlı göndərdiyi təqdimatı Səbayel rayon məhkəməsi qəbul etməyib. Məhkəmə iyun ayının 13-də Hüseynovu sərbəst buraxsa da istintaq davam edir və istintaq müddətində ona Bakı şəhərini tərk etməsinə icazə verilməyib.

Hüseynovun vəkili Elçın Sadıqovun Human Rights Watch təşkilatına bildirdiyinə görə, Hüseynova qarşı ittiham Eurovision Musiqi Yarışmasından üç gün sonra, May ayının 29-da beş polis əməkdaşının şikayəti əsasında başlamışdır. Polislərin dediklərinə görə Hüseynov may ayının 21-də Bakı şəhərinin mərkəzində müxalifətin keçirdiyi icazəsiz mitinqdə polislərə qarşı zor tətbiq edərək onları təhqir etmişdir. Hüseynovun ilkin dindirilməsi zamanı onun etiraz aksiyasında bir polis nəfəri ilə mübahisə etdiyini gostərən video lentin polisin ona göstərdiyi bildirilir.

Həmin icazəsiz aksiyanı müşahidə edən Human Rights Watch təşkilatının nümayəndəsi polisin siyasi fəalları dağıtmaq üçün onlara qarşı zor tətbiq etdiyini, sürüklədiyini və maşına zorla basdığını qeydə almışdır. Reportyorların Azadlığı və Təhlükəsiziliyi İnstitutu adından Hüseynov polis zorakılığı da daxil olmaqla bu aksiyadan müxtəlif şəkillər çəkmiş və video lentə almışdır.

Hüseynovun Human Rights Watch təşkilatına bildirdiyinə görə polis onun kamerasını qəsdən qıraraq və kameranın sabit diskinə zərər yetirdiyinə görə o, polislə mübahisə etmişdir. Onun dediyinə görə polislə onun arasındakı olan mübahisə sadəcə bir neçə saniyə çəkmişdir və bu müddətdə onların arasında heç bir fiziki gücdən istifadə halı baş verməmişdir. Azərbaycan qanunvericiliyinə əsasən, zordan istifadə edildiyi təqdirdə xuliqanlıq cinayət təqibi xarakteri daşıyır. İnternetdə geniş şəkildə yayılan həmin video çarxda görsənir ki, Hüseynovun heç bir zorakı aktda iştirak etmir.

Human Rights Watch təşkilatı bildirir ki, Hüseynova qarşı sürülən ittihamlar həddən ziyadə, mənfi sifarişli xarakter daşıyır və eyni zamanda da bu ittihamların sübüta yetirilməsi üçün az dəlil olduğu açıqca görünür. Ittihama aktından bəlli olur ki, məqsəd Hüseynovu öz fəallığına görə qorxutmaq, cəzalandırmaq və eyni zamanda da digər fəallara xəbərdarlıq siqnalı göndərməkdir.

Human Rights Watch təşkilatı Azərbaycanın beynəlxalq tərəfdaşlarına və Eurovision Musiqi Yarışmasının təşkilatçısı olan Avropa Yayım Birliyinə müraciət edərək onları Hüseynovun həbsi və ona qarşı sürülən ittihamı tənqid etməyi və eyni zamanda da hüquq müdafiəçilərinə qarşı bundan sonra baş verə biləcək zorakılıq hallarının qarşısının alınması məqsədiylə cəhdlər gostərməyə çağırmışdır.