Azərbaycanda insan hüquqları sahəsində uzun müddətdən bəri davam edən acınacaqlı durum 2018-ci ildə də yaxşılığa doğru dəyişməyib. Aprel ayında keçirilən növbədənkənar seçkilərdə İlham Əliyev dördüncü müddətə ölkə prezidenti seçilib. Beynəlxalq müşahidəçilər bu seçkilərin ümümilikdə “fundamental hüquq və azadlıqların məhdudlaşdırıldığı, rəqabətin olmadığı və məhdud siyasi şəraitdə keçirildiyini” bəyan ediblər.

Əsassız olaraq həbs olunan ən azı 43 nəfər insan haqları müdafiəçisi, jurnalist, siyasi və dini fəal il ərzində dəmir barmaqlıqlar arxasında qalarkən, çoxlu sayda digər fəallar saxlanılıb və ya cinayət işi üzrə istintaqa cəlb edilib. Təzyiqlərə məruz qalan bir çox fəalın ölkədən çıxışına qadağa qoyulub və ya onlar məcburi olaraq ölkəni tərk edib. Tətbiq edilən məhdudlaşdırıcı qanun və qaydalar qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyət göstərməsinə ciddi əngəllər yaradıb. Sistemli şəkildə tətbiq edilən işgəncələr, vəkillərin fəaliyyətinə hədsiz müdaxilələr və mətbuat azadlığına məhdudiyyətlər il ərzində baş verən və davam edən ciddi hüquq pozuntularındandır.

Azərbaycanın beynəlxalq tərəfdaşları ölkədə hüquq pozuntuları ilə bağlı Azərbaycan hökumətini tənqid etsələr də, insan hüquqlari ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını Azərbaycanla qarşılıqlı əlaqələrində şərt kimi irəli sürməyiblər.

Hökuməti Tənqid Edənlərin Təqiblərə Məruz Qalması

Hökumət bəzi siyasi fəalları azad etsə də, başqa tənqidçiləri siyasi motivli ittihamlarla həbsə atmaqda davam edib.

Tanınmış siyasi fəal İlqar Məmmədov beş il qanunsuz həbsdə saxlanıldıqdan sonra 2018-ci ilin avqust ayında iki illik sınaq müddəti ilə şərti azadlığa buraxıldı. Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovla bağlı verdiyi qərarlarında bildirmişdi ki, onun  həbsi qanunsuzdur və bu həbsin məqsədi onu siyasi fəaliyyətinə görə cəzalandırmaq olub. 2017-ci ilin dekabr ayında Avropa Şurasının Nazirlər Komitəsi Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarını icra etməməsinə görə Azərbaycana qarşı indiyədək tətbiq edilməmiş bir hüquqi prosedurdan istifadəyə qərar verdi.

Müxalifət partiyası üzvü, qondarma narkotik ittihamı ilə həbs edilmiş Elnur Fərəcova həbsxanada saxlanıldığı müddətdə ona lazımi səviyyəli tibbi yardım göstərilməkdən imtina edilmişdi. O, prezidentin əfv sərəncamı ilə azad edildikdən az sonra xərçəng xəstəliyindən vəfat etdi.

Hökumət müxalif siyasi partiyaların rəhbərlərini və sıravi üzvlərini hədəfə almaqda davam edib. Yanvarda məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXC) sədr müavini Gözəl Bayramlını qaçaqmalçılıq barədə saxta ittihamla üç illik azadlıqdan məhrum etdi. Sentyabrda da başqa bir fəal, AXCP üzvü Orxan Baxışlını məhkəmə narkotik saxlamaqla bağlı saxta ittihamla 6 illik azadlıqdan məhrum etdi. Sentyabrda həmçinin AXCP sədrinin müşaviri Məmməd İbrahim xuliqanlıq saxta ittihamı ilə məhkum edildiyi üç illik həbsinin başa çatdığı gün ona qarşı yeni qurama ittiham irəli sürüldü. Həbsxana rəsmiləri iddia etdilər ki, onun saxlandığı barakda yoxlama zamanı guya onun yastığının altından bıçaq tapılıb. Bu ittiham üzrə onu daha 6 ay həbs cəzası gözləyir.

Hələ də həbsdə saxlanılan digər  doqquz nəfər AXCP üzvü arasında Fuad Əhmədli, Fuad Qəhrəmanlı və Murad Ədilov də var.

Dövlət qeydiyyatına alınmamış mühafizəkar şiə hərəkatı - Müsəlman Birliyinin rəhbərliyində olan üzvlərindən Əhsən Nuruzadə mart ayında narkotik saxlama adlı qurama ittihamla yeddi il azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Müsəlman Birliyinin azı 17 nəfər digər üzvü də başqa şübhədoğuran ittihamlarla - ekstremizmdə və digər cinayətlərə dair ittihamlarla məhbəsdə saxlanmaqda davam etdirilir.

May ayında müxalif Müsavat Partiyasının fəal üzvü Əlikram Xurşidov xuliqanlıqda təqsirləndirilərək, beş il azadlıqdan məhrum edildi. Avqust ayında keçirilən apellyasiya məhkəməsində onun həbs müddəti altı ay qısaldıldı. Xurşidov sosial mediada hökumətin korrupsiyalaşmasını çox tənqid edirdi.

Siyasi motivli ittihamlarla azadlıqdan uzunmüddətliyə məhrum edilən çoxlu sayda fəallar hələ də məhbəsdə saxlanılır. Onların sırasına gənc fəallardan İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, Qiyas İbrahimov və Bayram Məmmədov daxildir.

2018-ci il boyunca bir çox tənqidçi həm də müxtəlif saxta xırda hüquq pozuntuları üzrə keçirilən proformal məhkəmə prosesləri nəticəsində 30 günədək müddətə həbs edilib. Məsələn, may ayında Bakıda Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dinc yürüşü təşkil edəndən sonra REAL müxalif partiyasının 6 üzvü inzibati qaydada azadlıqdan məhrum edildi.

Məhkəmə-hüquq sistemi təzyiq altında

İnsan hüquqları ilə əlaqədar işləri aparan vəkillərə qarşı təzyiqlər 2018-ci il ərzində daha da artmışdır.

Aprel ayında hökumətə yaxın bağlılığı olan Azərbaycan Vəkillər Kollegiyası siyasi təqiblərlə bağlı işlərdə müdafiəyə çıxan vəkillər Əsabəli Mustafayev və Nemət Kərimlinin fəaliyyətini (lisenziyasını) bir illik müddətə dayandırdı. Bu dayandırma həmin vəkillərin apardıqları siyasi motivli işlərlə bağlı mətbuata verdikləri açıqlamalardan ölkə prokurorluğunun verdiyi şikayətlər əsasında baş tutub. Yanvar ayında da, bənzəri şikayətlə Vəkillər Kollegiyası başqa bir vəkilin, Fəxrəddin Mehdiyevin də fəaliyyətini bir illik müddətə dayandırıb.

İyunda vəkil İradə Cavadova müdafiə etdiyi şəxsin şikayəti əsasında Kolegiyanın qərarı ilə vəkillik fəaliyyətinə xitam verildi. İddia olunur ki, hökumət qurumları həmin şəxsə təzyiq ediblər ki, vəkilə qarşı şikayət yazsın.

2017-ci ilin noyabrında vəkil Yalçın İmanov öz müvəkkilinin həbsdə işgəncə görməsi məsələsini ictimailəşdirdiyinə görə o da Vəkillər Kolegiyası üzvlüyündən çıxarılaraq vəkillik fəaliyyətinə xitam verildi.

Qanunlara 2017-ci ilin dekabrında edilən dəyişikliklərindən sonra, Kollegiya üzvü olmayan hüquqşünasların öz müştərilərini mülki və ya inzibati məhkəmə işlərində təmsilçi kimi çıxış etməsinə qadağa qoyuldu. Bununla da siyasi motivli işlərə çıxan azsaylı vəkillərin fəaliyyət imkanı daha da məhdudlaşdırılmış oldu.

İyul ayında bir sıra tanınmış siyasi məhbusun vəkili olmuş Fuad Ağayevin guya cəzaçəkmə müəssisəsi işçisini təhqir etməsi barədə saxta bir şikayətə əsaslanaraq Vəkillər Kollegiyası ona töhmət verilməsi barədə qərar verdi.

Mətbuat Azadlığı

2018-ci il  ərzində əsas media qurumları hökumətin sərt nəzarəti altında qalmaqda davam edib. Defamasiya cinayət qanunu ilə cəzalanır. Hökuməti açıq şəkildə tənqid edənlər həbs və hədə-qorxularla üzləşirlər; azı 10 belə adam hələ də dəmir barmaqlıqlar arxasındadır.

Yanvarda məhkəmə jurnalist Əfqan Muxtarlını qaçaqmalçılıq barədə saxta ittihamlarla 6 il müddətə azadlıqdan məhrum etdi. O, özünün təhlükəsizliyi üçün mühacirət edib sığındığı Gürcüstandan 2017-ci ilin may ayında oğurlanaraq qanunsuz şəkildə Azərbaycana təhvil verilib.

Hökuməti tənqid edən jurnalist Seymur Həzi, satirik şair Tofiq Həsənli və tanınmış blogger Mehman Hüseynov saxta ittihamlarla hələ də həbsə saxlanılır.

İyun ayında Rabitə Nazirliyi üç müxtəlif xəbər saytını birdəfəlik blokladı. Buna səbəb, Baş Prokurorluğun bu saytlara qarşı müxtəlif ittihamlar sürməsi, o cümlədən vəzifəli şəxsinin həyatına sui-qəsd cəhdini “qeyri-düzgün” işıqlandırmaq və kütləvi iğtişaşların təşkilinə çağırış etməklə “terrorçuluğa dəstək nümayiş etdirmək” olub.

Avqustda isə Bakıdakı məhkəmə vəzifəli şəxslərinin qaldırdığı defamasiya ittihamları əsasında üç yerli saytın az24saat.org, xural.commonitortv.info saytlarının bloklanmasına qərar verdi.

Berlində yerləşən Meydan TV ilə Azərbaycandan işləyərək əməkdaşlıq edən 15 jurnalist hələ də istintaq altında qalmaqdadırlar. Bu onlara qarşı 2016-cı ildən qaldırılmış olan vergidən yayınma üzrə cinayət işi ilə bağlıdır. Bu jurnalistlərdən səkkizinə qoyulmuş ölkədən çıxışa qadağa məhdudiyyəti hələ də qüvvədə qalmaqdadır. Hakimiyyət orqanları Meydan TV-nin saytının bloklanmasını 2018-ci il boyunca davam etdirib.

Həbsdə və saxlanma yerlərində işgəncə və qeyri-insani rəftar

İyul ayında Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsi 2004-2017-ci illər ərzində Azərbaycana etdiyi 6 səfərinin hesabatını açıqlayıb. Bu beynəlxalq qurum müəyyən edib ki, Azərbaycanda polis və digər hüquq-mühafizə orqanları tərəfindən tətbiq edilən işgəncə və digər qeyri-insani rəftar və buna görə cəzasızlıq mühiti sistematik və endemik (ölkəyə xas) olaraq qalır. Həbs edilən və saxlanılanlar öz seçdikləri vəkillərə çatımlıq hüququndan bir çox hallarda məhrum edilirlər.

Mühacirətdə yaşayan tanınmış bir tənqidçi fəalın qardaşı Elgiz Sadıqlı 2018-ci ilin fevral ayında oğurlanaraq dörd gün polis təcridxanasında “inkommunikado” (ünsiyyət imkanında məhrum edilməklə) saxlanıb. Onun dediyinə görə, təcridxanada qaldığı müddətdə polislər onu döyərək, elektrik şoku ilə işgəncə veriblər. Bütün bunlar ona qardaşının fəaliyyətinə görə cəzalandırmaq, qisas almaq məqsədi daşıyıb. O, hokumət nümayəndəsinə itaətsizlik adı altında 30 günlük inzibati həbs cəzasına məhkum edilib. Dövlət orqanları onun işgəncəyə məruz qalması barədə iddialarının effektiv araşdırılmasını təmin etməyiblər.

2017-ci ildə həbsxanada şübhəli şəkildə ölmüş blogger Mehman Qələndərovun işi üzrə aparılan istintaqda hələ də heç bir irəliləyiş əldə olunmayıb. Hökumət rəsmiləri bildirmişdi ki, onlar mərhumu təcridxanasındakı otağında asılı vəziyyətdə tapıblar. Rəsmilər o zaman onu tələm-tələsik, şahidsiz və gizlicə dəfn etmişdilər.

Əsas Beynəlxalq Qurumlar

Beynəlxalq maliyyə institutları öz prinsiplərinə məhəl qoymadan Azərbaycan hökumətinin enerji layihələrini maliyyələşdirdilər. Həmin institutların mandatlarına əsasən, bu tip əməkdaşlıqda onların layihələr üzrə tərəfdaşları plüralizm və şəffaflıq prinsiplərinə hörmət edəcəklərinə təminat verməlidirlər.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Azərbaycanın digər ikitərəfli və beynəlxalq tərəfdaşları Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının təqib olunmasına görə hökumətə ünvanladıqları tənqidlərini davam etdiriblər.

2018-ci ilin martında Avropa İnvestisiya Bankı (AİB) Azərbaycan təbii qazını Türkiyədən keçməklə Qərbi Avropaya daşıyacaq Trans-Anadolu Təbii Qaz Xətti (TANAP) layihəsinin tikintisi üçün 932 milyon avro məbləğində krediti təsdiq etdi. Xəttin 58%-lə tərəfdaşı Azərbaycan dövlət şirkəti olan SOCAR (ARDNŞ) şirkətidir. AİB bu kreditin verilməsini Azərbaycanın insan hüquqları sahəsində inkişaf dəyişikliləri etməsi ilə qətiyyən şərtləndirmədi. Halbuki, AİB-in Avropa İttifaqının İnsan hüquqları Xartiyası üzrə öhdəlikləri tələb edirdi ki, bank insan hüquqlarının pozuntularına dəstək və rəvac verən layihələri maliyyələşdirməkdən çəkinməlidir.

2017-ci ilin oktyabrında TANAP-a Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da 500 milyon ABŞ dolları həcmində kredit ayırdı. Bu krediti ayırarkən AYİB özünün şəffaflıqla bağlı öhdəliklərinə və Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (MSŞT) təşkilatındakı üzvlüyünün dayandırılmasını nəzərə almayıb.

May ayında Azərbaycan hökumətinin BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi üzrə üçüncü dövri məruzəsi keçirildi. Bu müzakirələrdə Azərbaycan tərəfi insan hüquqları sahəsində pozuntuları inkar etdi. Bir sıra ölkələr bu müzakirələrdə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı tətbiq olunan məhdudiyyətlərdən narahatlıqlarını ifadə etdi.

Aprel ayında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Müstəqil İstintaq Qurumunun korrupsiya ilə bağlı hesabatı açıqlandı. Bu hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti ölkədə insan hüquqlarına durumuna qarşı edilən tənqidləri minimallaşdırmaq üçün AŞPA-nın üzv deputatlarına qanunsuz təsirgöstərmə tədbirləri həyata keçirib. Hesabat təsbit edib ki, bu qanunsuz müdaxilə və təsirlərin nəticəsində, Azərbaycanda siyasi məhbuslar haqqında AŞPA məruzəçisinin hazırladığı hesabat səsvermədən keçməmişdir. 2018-ci ilin iyun ayında AŞPA Azərbaycanda siyasi məhbuslarla bağlı yeni məruzəçi təyin etdi.

İyul ayında Avropa Parlamenti qəbul etdiyi qənamədə 2017-ci ildən bəri Avropa İttifaqı-Azərbaycan arasında müzakirə olunan əməkdaşlıq sazişini ratifikasiya etməməyə çağırıb. Qətnamədə qeyd edilib ki, Azərbaycanda siyasi məhbuslar azad edilmədiyi və eləcə də qeyri-hökumət təşkilatları və vəkillərin fəaliyyətinə hökumət tərəfindən əsassız müdaxilələrə son qoyulmadığı təqdirdə bu saziş təsdiqlənməməlidir.

Avqust ayında Avropa İttifaqı İlqar Məmmədovun şərti azad olunmasını alqışladı və eyni zamanda hökumətə çağırış edərək həbsdə saxlanılan digər siyasi məhbusların da azad edilməsini və reabilitiasiyasını tələb etdi.

Avqust ayında Azərbaycana ilk rəsmi səfəri zamanı Almaniya Kansleri Angela Merkel insan hüquqlarına dair məsələləri Prezident İlham Əliyev qarşısında qaldıraraq bildirdi ki, “güclü vətəndaş cəmiyyəti açıq və sekulyar cəmiyyətin bir tərkib hissəsini təşkil etməlidir”.  Dəstək nümayişi olaraq da, Merkel həm də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirib.

Avqust ayında Birləşmiş Ştatlar administrasiyası İlqar Məmmədovun azad edilməsini alqışlamaqla yanaşı rəsmi Bakını “öz təməl azadlıqlarından istifadə etdiyinə görə həbs olunmuş digər bütün şəxsləri” azad etməyə çağırdı.

Avqustda hökumət onlayn xəbər saytlarını bloklayandan sonra, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) Mətbuat Azadlığı üzrə Nümayəndəsi Harlem Desir ölkədə mediaya mənfi təsir göstərən qanun və qaydaları bağlı islahatlar həyata keçirtmək üçün Azərbaycan hökumətinə  çağırış etdi. O, həmçinin hökumətə ölkədə ictimai əhəmiyyətli məsələlər barədə istər onlayn istər oflayn formatda plüralist debatlara imkan yaratmağa çağırıb.