Skip to main content

Azərbaycan

2022-ci ildə baş verənlərin xülasəsi

Bakıda 8 Mart 2022-ci il Beynəlxalq Qadınlar Günündə qadınların hüquqlarını müdafiə etmək üçün keçirilən aksiyada polis əməkdaşı bir fəalı saxlayır.

© 2022 REUTERS/Əziz Kərimov

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət 2022-ci ildə də yaxşılaşmayıb. May ayında hakimiyyət siyasi motivli və saxta ittihamlarla həbs edilən 20-dən çox şəxsi azad etdi. Buna baxmayaraq, ən azı 30 nəfər haqsız olaraq həbsdə saxlanılıb və hakimiyyət öz tənqidçilərini və müxalifləri hədəf almağa davam edib.

Məhdudlaşdırıcı qanunlar qeyri-hökumət təşkilatlarının (QHT-lər) müstəqil fəaliyyətinə göstərməsinə mane olmağa davam edib. Ölkədə davam etmiş digər insan hüquqları problemlərinə saxlanma yerlərində sistemli işgəncə və pis rəftar, eləcə də media azadlıqlarının sıxışdırılması daxildir.

İyul ayında Rusiyanın Ukrayna ərazisinə işğalçı hücumu və özünün karbohidrogen ixracı ilə manipulyasiyası nəticəsində yaranan enerji böhranı fonunda Avropa İttifaqı (Aİ) Azərbaycanla qaz ixracını artırmaq məqsədi ilə müqavilə imzaladı. Lakin, Aİ geniş ikitərəfli saziş üzrə davam edən danışıqlardan Azərbaycanda insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılmasını təmin etmək üçün istifadə etməyib.

Azərbaycan sentyabrın ortalarında Ermənistan ərazisinə müdaxilələr edərkən, Ermənistan qüvvələri ilə Azərbaycan arasında döyüşlər baş verdi. Həmin döyüşlər Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə imzalanmış - həll olunmamış Dağlıq Qarabağ konflikti ilə bağlı müharibəyə son qoyan - atəşkəsin pozulması hadisələrindən sadəcə biri idi.

Arabir baş tutan hərbi insidentlər Dağlıq Qarabağın kəndlərində və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayan mülki əhalinin təhlükəsizliyini və dolanışığını təhdid etməyə davam edib.

Dağlıq Qarabağ Münaqişəsinin Nəticələri

Azərbaycan sentyabrın ortalarında Ermənistan ərazisinə müdaxilələr etdikdə Ermənistan və Azərbaycan qüvvələri arasında döyüşlər baş verdi. Ermənistanda üç mülki şəxsin öldürüldüyü həmin döyüşlər Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə imzalanan - həll olunmamış Dağlıq Qarabağ konflikti ilə bağlı müharibəyə son qoyan - atəşkəsin pozulması hadisələrindən sadəcə biri idi. Arabir yaranan hərbi insidentlər Dağlıq Qarabağın kəndlərində, ətraf rayonlarda və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayan və ya işləyən mülki əhalinin təhlükəsizliyini və dolanışığını təhdid etməyə davam edərkən, üç etnik erməni mülki şəxsin ölümünə səbəb olub.

Human Rights Watch tərəfindən təsdiqlənmiş bir video həmin döyüşlər zamanı ən azı yeddi erməni əsgərinin, göründüyü qədərilə, Azərbaycan qüvvələri tərəfindən məhkəməsiz qətl edilməsini göstərdi.

Erməni hüquqşünaslara görə, 2020-ci ilin hərbi əməliyyatları ilə bağlı saxlanılan ən azı 30 erməni hərbi əsir və üç mülki şəxs 2022-ci ilin oktyabrına qədər Azərbaycanda həbsdə saxlanılıb. Azərbaycan rəhbərliyi həmin şəxslərin heç birini hərbi əsir kimi tanımır və onları terrorizm, qanunsuz silah saxlama, qanunsuz sərhəd keçmə və 1990-cı illərin müharibəsində Azərbaycanlı məhbuslara işgəncə vermə kimi cinayətlərdə ittiham edir.  

Azərbaycan Baş Prokurorluğu 2022-ci ilin oktyabrında qeyd edib ki, 2020-ci ildə imzalanmış atəşkəsdən 2022-ci il oktyabrın ortalarına qədər olan dövrdə Dağlıq Qarabağ və ətraf ərazilərdə minaların partlaması nəticəsində 34 mülki şəxs həlak olub, 80 nəfər isə yaralanıb.

Nə Azərbaycan, nə də Ermənistan piyada əleyhinə minaları qadağan edən beynəlxalq razılaşmaya qoşulmayıb.

Siyasi Müxalifət və Digər Tənqidçilərə Qarşı Təqib

Prezidentin May ayındakı əfv sərəncamı ilə azad edilənlər sırasında bir neçə siyasi fəallar olub. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tanınmış üzvləri, 2019-cu ildə çirkli pulların yuyulması ilə bağlı əsassız ittihamlar ilə 7 il müddətinə azadlıqdan məhrum edilən Saleh Rüstəmli və 2020-ci ildə saxta narkotik ittihamı ilə 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilən Paşa Umudov da azad edilənlər arasında idi.

May ayında, həm də, AXCP fəalı, Rüstəmli ilə birgə çirkli pulların yuyulmasında əsassız olaraq ittiham olunan Aqil Məhərrəmov 4 il həbs cəzasını bitirdikdən sonra azadlığa çıxdı. AXCP siyasətçisi, 2020-ci ildə diffamasiya ittihamı ilə məhkum edilmiş Əlizamin Salayev yanvar ayında amnistiyaya düşərək azadlığa buraxıldı.

Hakimiyyət ona qarşı tənqidi mövqedə olan siyasi fəalları həbs etmək üçün saxta narkotik ittihamlarından istifadə etməyə davam edib. Bir çox hallarda saxlanılanlar polis nəzarətində pis rəftara məruz qaldıqlarını bildiriblər, ancaq bu iddialar ölkə rəhbərliyi tərəfindən rədd edilib.

May ayında hakimiyyət blogger və keçmiş siyasi məhbus Rəşad Ramazanovu həbs edib, barəsində saxta narkotik ittihamı ilə həbs qətimkan tədbiri seçdi. Məlumatlara görə, polis Ramazanovu saxlanma məntəqəsində olarkən döyüb və onu narkotik saxlama ittihamını qəbul etmək üçün məcbur etməyə cəhd edib. Döyülmə ilə bağlı nəticəsi olan araşdırma aparılmayıb. Ramazanov öncələr saxta narkotik ittihamı ilə altı ilini həbsdə keçirmişdi və 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Ramazanov sosial şəbəkələrdə polis özbaşınalığını və hökumət səviyyəsindəki korrupsiyanı aktiv olaraq tənqid edirdi.

May ayında hakimiyyət AXCP üzvü Razi Alışovu saxta narkotik ittihamı ilə saxlayaraq barəsində həbs qətimkan tədbiri seçdi. Səlahiyyətli şəxslər Alışovun polis nəzarətində işgəncələrə məruz qalması ilə bağlı iddialarını effektiv şəkildə araşdırmayıb.

Mart ayında məhkəmə AXCP fəalı Şahin Hacıyevi narkotik dövriyyəsi ilə bağlı saxta ittiham ilə 6 il müddətinə azadlıqdan məhrum edib. 2021-ci ilin noyabrından bəri məhkum olan Hacıyev həbsindən öncə Facebookda hökuməti tez-tez tənqid edirdi. O, həbsdə olarkən polisə qarşı zorakılıq iddiaları irəli sürüb. Polis Hacıyevə təzyiq edərək müstəntiqlərə döyülmə nəticəsində aldığı xəsarətlərin həbsindən bir neçə gün əvvəl yıxıldığına görə yarandığını söyləməsi üçün təzyiq etdikdən sonra, prokurorluq Hacıyevin zorakılıq iddialarını araşdırmaqdan imtina edib.

Azərbaycan hakimiyyəti Almaniyada sığınacaq ala bilmədiyi üçün 2021-ci ildə Azərbaycana deportasiya edilmiş və öncələr bəzi hallarda Azərbaycan rəhbərliyini açıq şəkildə tənqid edən bir neçə şəxsə qarşı saxta narkotik ittihamı irəli sürüb. 2021-ci ilin noyabrında deportasiya edilmiş və 2022-ci ilin yanvarında həbs edilmiş Pünhan Kərimli və Cəfər Mirzəyev də buna daxildir. Bənzər şəkildə, Malik Rzayev və Mütəllim Orucov da 2021-ci ildə həbs edilmişdi. Hakimiyyət iddia edib ki, həbs edilən zaman bu şəxslərin hər birinin üzərində narkotik tapılıb. Aprel ayında, Samir Aşurov evinə deportasiya edildikdən bir neçə həftə sonra, bıçaqla hücum ittihamı ilə polis tərəfindən saxlanlıb. Qeyd olunanların vəkilləri iddia ediblər ki, polis onları Almaniyadakı fəaliyyətləri ilə bağlı dindirib.

Sentyabr ayında onlayn kanal Xural TV-nin baş redaktoru, jurnalist Əvəz Zeynallı və çoxsaylı hökumət tənqidçilərinə vəkillik etmiş Elçin Sadıqov özlərinin təkzib etdiyi rüşvət ittihamı ilə dörd aylıq həbs-qətimkan tədbirinə məruz qalıb. Rəsmi ittihamlar hökumətyönlü mediada dərc olunan, Zeynallının hazırda cinayət işi üzrə həbsdə saxlanılan azərbaycanlı iş adamından barəsində tənqidi reportajlara son qoymaq müqabilində rüşvət almaqda günahlandırıldığı xəbərdən sonra irəli sürülüb. Xəbərdə iş adamın vəkili Sadıqovun vasitəçi olduğu iddia edilirdi. Məhkəmə apelyasiya şikayəti əsasında Sadıqovu ev dustaqlığına buraxıb.

Hakimiyyət həmçinin çoxsaylı hökumət tənqidçilərini saxta xuliqanlıq və ya polisin tələblərinə tabe olmama ittihamları ilə bağlı formal məhkəmə proseslərindən sonra 30 günə qədər həbsdə saxlayıb. Bunlara AXCP üzvü Elxan Əliyevin martda, müxalif Müsavat Partiyasının üzvü Əlikram Xurşidov iyulda saxlanılmaları daxildir. Hər iki şəxs sosial mediada hakimiyyəti sərt tənqid edirdi.

Toplaşmaq Azadlığı

Azərbaycan paytaxt Bakının mərkəzi yerlərində etiraz aksiyalarını tamamilə qadağan edib. May ayında bir qrup ictimai fəal, hökumət tənqidçilərinə qarşı zorakılığa görə cəzasızlığa son qoyulması tələbi ilə Bakının mərkəzində icazəsiz aksiya keçirib. Ən az 25 aksiya iştirakçısı polis tərəfindən qısa müddətlik saxlanılıb. Aksiyadan bir neçə saat əvvəl polis təşkilatçılardan üçünü saxlayıb və görünür onların aksiyada iştirakına mane olmaq üçün, bəzi hallarda Bakıdan bir neçə yüz kilometr uzağa aparıb.

İyul ayında hakimiyyət Covid-19 pandemiyasının başlanğıcından bəri bağlı qalan quru sərhədlərinin açılması tələbilə icazəsiz etiraz aksiyası keçirməyə cəhd edən 40-dan çox etirazçını qısa müddətlik saxlayıb. Müsavat Partiyası üzvü Əziz Məmiyev aksiyaya gedərkən polis tərəfindən yolda saxlanılıb və məhkəmə onunla bağlı polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs qərarı verib. Məmiyev verdiyi məlumata görə, polis onu saxlama zamanı və polis bölməsində döyüb. Digər fəal Gülmira Rəhimova Məmiyevi vuran polis işçisinin fotosunu sosial şəbəkədə yaydığına görə böhtan ittihamı ilə məhkəmə tərəfindən 460 saatlıq ictimai işlərə məhkum edilib.

İfadə Azadlığı

Bütün aparıcı media qurumları hökumətin sərt nəzarəti altında fəaliyyət göstərməyə davam edib. Hakimiyyəti açıq şəkildə tənqid edən insanlar onları susdurmağa yönəlmiş təhdidlərlə üzləşiblər.

Fevral ayında prezident İlham Əliyev medianın müstəqilliyini məhdudlaşdıran KİV haqqında qanunu imzaladı. Həmin qanun, digər məsələlərlə yanaşı, Azərbaycan vətəndaşları olmayanların mediaya sahib olmasını qadağan edir və akkreditasiyadan keçmək üçün jurnalistlərə ali təhsil, formal müqavilə və üç illik təcrübə şərti qoyur. Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç bildirib ki, qanun “medianı həddən artıq tənzimləyir... o cümlədən lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırmağa… və media şirkətlərinə və qurumlarına bir sıra məhdudiyyətlər tətbiq etməyə… hakimiyyət orqanlarına ixtiyari səlahiyyətlər verir...”.

May ayında tanınmış jurnalist Aytən Məmmədov yaşadığı binanın liftində naməlum şəxs tərəfindən bıçaqla hədələnib. Məmmədova hesab edir ki, bu hədə onun azyaşlı uşağın qətli ilə bağlı səs-küylü məhkəmə prosesi haqqında yazmağını dayandırmaq məqsədi daşıyırdı. Cinayətlə bağlı istintaq hələ də şübhəlinin kimliyini müəyyən etməyib.

Hakimiyyət tənqidçilərini susdurmaq üçün diffamasiya ittihamından istifadə edir. Müstəqil media monitorinq təşkilatı Media Hüquqları İnstitutunun (MHİ) məlumatına görə, 2022-ci ildə müstəntiqlər xüsusi ittiham qaydasında açılmış 11 diffamasiya işi üzrə həbs tələb ediblər. Məhkəmə iddiaları ən azı dörd şəxsin məhkum edilməsi ilə nəticələnib və MHİ-nin bildirdiyinə görə, onlardan bəziləri “ictimai maraq doğuran məsələlərlə bağlı fikirlərinə və ya məqalələrinə üçün hədəfə alınıb”.

Yanvar ayında məhkəmə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevi 2021-ci ilin noyabrında helikopter qəzasından sağ çıxan iki sərhədçidən birinin böhtan iddiası əsasında 5 ay həbs cəzasına məhkum etdi. Əliyev media üçün şərhində sərhədçilərin əslində sağ qalmasına şübhə etdiyini bildirmişdi. Əliyev, həmçinin, qəzanın Rusiyanın təxribatı olduğunu iddia edirdi. Aprel ayında məhkəmə ittihamçının şikayətini təmin edərək Əliyevin cəzasını daha bir ay artırdı. İyun ayında məhkəmə hakim partiyanın keçmiş rəsmisinin öncəki ilə əlaqəsiz bir şikayəti əsasında təhqir ittihamı ilə Əliyevin cəzasını bir il müddətinə qədər uzadıb.

Mart ayında rayon məhkəməsi jurnalist Cəmil Məmmədlini bölgə rəsmisi ilə bağlı korrupsiya iddiasına görə böhtan və təhqir ittihamları ilə 1 il 6 ay islah işlərinə məhkum edib.

İyun ayında rayon məhkəməsi hüquqşünas İlham Aslanoğlunu Tərtər işində məmuru işgəncədə ittiham etdiyi videoya görə təhqir ittihamı ilə altı ay həbs cəzasına məhkum edib (aşağıdakı paraqraflara bax). Bu, Aslanoğlunun bir il ərzində eyni ittihamla ikinci məhkumluğu idi.

Saxlanma Yerlərində İşgəncə və Pis Rəftar

Hakimiyyət müntəzəm olaraq saxlanma yerlərində işgəncə və pis rəftarla bağlı şikayətləri, xüsusən də hökumət tənqidçilərinin şikayətlərini rədd edir.

Məsələn, yanvar ayında prokurorluq aparıcı müxalif siyasətçi Tofiq Yaqublunun 2021-ci ilin dekabrında saxlanarkən çoxsaylı xəsarətlərlə nəticələnən amansız döyülməsi ilə bağlı istintaqa başlamaqdan boyun qaçırıb. Prokurorluq Yaqublunun “öz-özünə” xəsarət yetirdiyini iddia edərək istintaq aparmaqdan imtina edib.

Aprel ayında maskalı şəxslər tanınmış müxalif fəal Bəxtiyar Hacıyevi oğurlayaraq bilinməyən yerə aparıb, gözlərini bağlayıb, döyüb və daxili işlər nazirini açıq şəkildə tənqid etməyə davam edərsə, onu öldürməklə hədələyiblər. Hacıyev hadisəni ictimailəşdirdikdən sonra daxili işlər naziri onunla görüşüb və cinayət işi başlanıb, lakin hələ də heç bir şübhəli şəxs müəyyən edilməyib. Hacıyevin bildirdiyinə görə, müstəntiqlər adam oğurluğu zamanı cinayət yerini izləyən müşahidə kameralarının “işləmədiyiniı” iddia ediblər. Avqust ayında polis Hacıyevi qısa müddətə saxlayıb. Məlumatlara görə, yüksək rütbəli polis məmuru, Hacıyevi nazirə qarşı tənqidi davam edəcəyi təqdirdə cavab tədbiri görüləcəyi ilə hədələyib.

İşgəncələrə görə cəzasızlıq təcrübəsinə istisna olaraq, hakimiyyət 2021-ci ilin dekabrında başlayan və Ermənistana casusluqda ittiham olunan hərbçilərin 2017-ci ildə Tərtər rayonunda işgəncələrə məruz qalması ilə bağlı yeni istintaqı 2022-ci il ərzində davam etdiriblər. Yeni istintaq bu işlə bağlı ictimai etirazın ifadəsindən sonra başladı, hansı ki, 2021-ci ilin noyabrında baş hərbi prokuroru yüzdən çox hərbçinin fiziki zorakılığa məruz qaldığını açıq şəkildə etiraf etməyə vadar etmişdi. 

QHT-lərin bildirdiyinə görə, həmin işgəncələr nəticəsində 10 nəfər həyatını itirib, onlardan 4-ü ölümündən sonra bəraət alıb. Sentyabrda hakimiyyət Tərtərdə və digər iki rayonda 405 qurbanın müəyyən edildiyini, onlardan bir neçə yüzünün işgəncəyə məruz qaldığını bildirdi. Hakimiyyət zorakılıq və işgəncələrə görə 17 yüksək rütbəli hərbçi məmuru istintaqa cəlb edib. Sentyabrda prokurorluq ordu generalının və hərbi vəkilin qanunsuz həbs etmə, işgəncə və qeyri-insani rəftar, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edildiyini açıqlayıb.

Əsas Beynəlxalq Güclər

AŞ-nin İnsan Hüquqları üzrə Müvəkkili Dunya Miyatoviç yanvar ayında Prezident Əliyevə yazdığı məktubda media haqqında qanun layihəsinin ifadə azadlığı və media standartlarına uyğunlaşdırılması istiqamətində əsaslı düzəlişlər edilməsi üçün parlamentə geri göndərməyə çağırıb. İyun ayında Avropa Şurasının ekspert qurumu olan Venesiya Komissiyası o qənaətə gəlib ki, “qanun “ictimai nəzarətçi” rolunu yerinə yetirmək üçün mediaya lazımi şərait yaratmaqdansa, medianın fəaliyyətini problemli olaraq məhdudlaşdırmağa fokuslanıb.”

May ayında Böyük Britaniyanın Azərbaycandakı səfirliyi mayın 14-də keçirilən aksiya zamanı polis zorakılığı hallarını pisləyib. Azərbaycan Daxili İşlər Nazirliyi Böyük Britaniyanı öz bəyanatını təkzib etməyə çağırıb.

May ayında ABŞ hökuməti “fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş” şəxslərin əfv edilməsini alqışlayıb və hakimiyyəti “eyni hüquqlardan istifadə etdiklərinə görə” həbs edilən digər şəxsləri də azad etməyə çağırıb. Sentyabrda ABŞ-ın Dövlət Katibi Entoni Blinken Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini bir araya gətirdi. Görüş iki ölkə arasında atəşkəsin pozulması, Azərbaycanın Ermənistana müdaxiləsi və 200-dən çox hərbçinin həlak olmasından bir həftə sonra baş tutdu.

Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında danışıqlarda daha fəal iştirak edib. İyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Prezident Əliyev Azərbaycandan qaz ixracını iki dəfədən çox artırmaq haqqında anlaşma memorandumu imzalayıblar. İmzalanma mərasimindən sonra fon der Leyen Aİ-nin Azərbaycana investisiyalarını iri şəkildə artıracaq əhatəli ikitərəfli saziş üzrə danışıqlara toxunub. O özü səfəri ərzində vətəndaş cəmiyyəti təşkilatları ilə görüşmədən, “vətəndaş cəmiyyətinin, azad və müstəqil medianın daha çox cəlb olunmasının” investorların inamı üçün vacibliyini qeyd edib. Daha sonra iyul ayında Aİ-nin baş diplomatı Josep Borrell Azərbaycanda fəal vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılması üçün qəti irəliləyişin lazım olduğunu bildirib.