Hökumətin müstəqil mediaya, siyasi müxaliflərə və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri artırdığı, müxalifəti susdurduğu və qorxu mühitini daha da gücləndirdiyi dövrdə Azərbaycanın insan hüquqları ilə bağlı ağır olan vəziyyəti daha da pisləşməyə davam edib. Hakimiyyət orqanları həmçinin xaricdəki bloqçulara və jurnalistlərə qarşı saxta cinayət ittihamları irəli sürərək onları qiyabi olaraq məhkum edib. Hökumət həm də vətəndaş cəmiyyətini iflic edən qanunları qəbul edib və onları əsassız olaraq tətbiq etməyə davam edib. Saxlanma yerlərində isə işgəncə və pis rəftara görə cəzasızlıq mühiti qalmaqdadır.
Beynəlxalq hesabatlılıq mexanizmlərinə saymazlıq nümayişinin davamı kimi, Azərbaycan BMT İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatına bağlı qurumların ya fəaliyyətini dayandırıb, ya da onları ölkədən çıxarıb. Ölkə rəhbərliyi həmçinin yerdə qalan beynəlxalq media qurumlarının akkreditasiyasını ləğv edib.
Ermənistan və Azərbaycan avqust ayında ABŞ-ın vasitəçiliyi ilə Vaşinqton Bəyannaməsini imzaladılar. Bu Bəyannamə onilliklərdir davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymaq, diplomatik münasibətlər qurmaq və regional əməkdaşlığı təşviq etmək məqsədi daşıyan hərtərəfli sülhün siyasi çərçivəsini müəyyən edir. Saziş ABŞ-a Ermənistan ərazisindən keçən, Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək 42 kilometrlik ticarət marşrutunun yaradılması üçün müstəsna hüquqlar verir. Saziş həmçinin münaqişənin həlli formatı kimi ABŞ, Rusiya və Fransanın başçılıq etdiyi ATƏT-in Minsk Qrupunun ləğvinə gətirib çıxardı. Bəyan edilmiş öhdəliklərinə baxmayaraq, Azərbaycan 2023-cü ilin sentyabrında Dağlıq Qarabağı tərk edən etnik ermənilərin təhlükəsiz və ləyaqətli qayıdış hüququnu təmin etmək və ya onların mülkiyyət hüquqlarını bərpa etmək üçün heç bir əhəmiyyətli addım atmayıb.
İfadə Azadlığı və Media
Hökumət müstəqil mediaya qarşı 2023-cü ilin sonlarında başlatdığı basqıları davam etdirərək, ən azı üç müstəqil media platformasını – Meydan TV, Abzas Media və Toplum TV-ni hədəf alıb. 2024-cü ilin dekabrında prokurorluq Azərbaycanın ən böyük mühacir müstəqil media orqanı, ölkədə işçi heyəti olan Meydan TV-yə qarşı cinayət işi açdı. 2025-ci ilin avqust ayına qədər hüquq mühafizə orqanları frilanserlər də daxil olmaqla qurumla əlaqəli ən azı 12 jurnalisti saxta qaçaqmalçılıq ittihamları ilə həbs etdilər. Daha sonra ittihamları genişləndirərək, "qanunsuz sahibkarlıq", "çirkli pulların yuyulması", "vergidən yayınma" və "sənədlərin saxtalaşdırılması"-nı da əlavə etdilər. Avqustda baş tutan son həbsdə hüquq mühafizə orqanları Meydan TV ilə əlaqəli fotojurnalist Əhməd Muxtarı da saxlayaraq haqqında həbs qəti-imkan tədbiri seçdi və onu hələ də həbsdə saxlayır.
İyun ayında məhkəmə Abzas Media-nın yeddi jurnalistini, o cümlədən Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və Məhəmməd Kekalovu oxşar ittihamlarla təqsirli bildi və onlara yeddi ildən doqquz ilə qədər həbs cəzası verdi.
Hakimiyyət orqanları həmçinin Toplum TV jurnalistləri və əməkdaşlarını saxta istintaqa cəlb ediblər. Buna səhhətindəki problemlərə görə sonradan ev dustaqlığına buraxılan Şahnaz Bəylərqızı və hazırda həbsdə saxlanılan jurnalist Fərid İsmayılov da daxildir.
Ölkə rəhbərliyi BBC Azərbaycan, Amerikanın Səsi Azərbaycan və Bloomberg xidmətlərinin yayım lisenziyalarını dayandırdı və jurnalistlərinin akkreditasiyasını ləğv etdi. Fevralda tanınmış onlayn media Turan Xəbər Agentliyi maliyyə çətinliklərini əsas gətirərək faəliyyətini dayandırdığını elan etdi.
Martda hüquq mühafizə orqanları mühacirətdə olan bir neçə bloqçuya qarşı dələduzluq, terrorizm, kütləvi iğtişaşlara çağırış və dövlət çevrilişinə cəhd kimi müxtəlif ittihamlarla cinayət işi açdı. İyunda rayon məhkəmələri İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan (Bəbirov) Temirxan və keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev də daxil olmaqla mühacir jurnalistlər və fəallar barəsində qiyabi həbs qərarı verdi. Onların hamısı Azərbaycan hakimiyyətinə qarşı açıq onlayn tənqidləri ilə tanınır.
İyulda Bakıda məhkəmə Məmmədov və Əlimanovu konstitusiya quruluşuna qarşı cinayətlərlə bağlı bir neçə ittihamla qiyabi mühakimə edərək müvafiq olaraq 16 və 7 il həbs cəzasına məhkum etdi. Sentyabr ayında məhkəmə Mirzəlini oxşar ittihamlarla qiyabi olaraq altı il yarım müddətinə azadlıqdan məhrum etdi.
Qanunvericiliyə avqust ayında təsdiqlənmiş dəyişikliklər ölkə rəhbərliyinə media və qeyri-hökumət təşkilatlarına (QHT) nəzarət etmək üçün daha geniş səlahiyyətlər verdi. Dəyişikliklər dövlət tərəfindən idarə olunan Media İnkişaf Agentliyinə başqa səlahiyyətlərlə yanaşı rəsmi media reyestrində qeydiyyatı olmayan media qurumlarının fəaliyyətini qadağan etmək ixtiyarı verdi. Qanunlar həmçinin QHT-lərin xaricdən maliyyələşməsinə əlavə ağır məhdudiyyətlər gətirdi: xidmət müqavilələri və ya xarici maliyyə yardımının digər formaları üçün əvvəlcədən rəsmi təsdiq tələb edilməyə başladı. Qanunlara tabe olmamağa görə cəzalara fiziki şəxslər üçün təxminən 3000 ABŞ dollarına, hüquqi şəxslər üçün 9000 ABŞ dollarına qədər cərimələr daxildir.
Hökumət Tənqidçilərinə Qarşı Təqiblər
Hakimiyyət orqanları müxalifəti sıradan çıxarmaq üçün tənqidçiləri əsassız həbs etməyə və məhkəməyə cəlb etməyə davam etdi. Yanvarda məhkəmə siyasi fəal Bəxtiyar Hacıyevi mənimsəmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq və digər iqtisadi əsaslı saxta ittihamlarla təqsirli bildi və 10 il həbs cəzasına məhkum etdi. Hacıyevin həmkarı Rail Abbasov dələduzluq ittihamları ilə altı il yarım müddətinə azadlıqdan məhrum edildi.
İdarəçilər əmək hüquqları fəalları Afiyəddin Məmmədov və Möhyəddin Orucovu saxta xuliqanlıq və narkotik dövriyyəsi ittihamları ilə müvafiq olaraq səkkiz və üç il müddətinə azadlıqdan məhrum etdi.
Mart ayında məhkəmə transgender fəal Rauf Heydərovu həbsdə olan qadın jurnalistlərin plakatı ilə Beynəlxalq Qadınlar Günü etiraz aksiyasına qoşulduğu üçün xırda xuliqanlıq və polisə tabe olmamaqda ittiham edərək 30 günlük həbs cəzasına məhkum etdi. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin ayda müxalifət lideri Tofiq Yaqublunu sənədləri saxtalaşdırmaq və dələduzluq ittihamları ilə doqquz il həbs cəzasına məhkum etdi.
Apreldə məhkəmə keçmiş diplomat Emin İbrahimovu ağır fiziki xəsarət yetirməkdə ittiham edərək yeddi il həbs cəzasına məhkum etdi.
İyul ayında məhkəmə reper Epini (Əkbər Novruzlu) performansı zamanı siyasi mövzulara toxunduğuna görə narkotik saxlamaq və xırda xuliqanlıq ittihamları ilə 30 günlük həbsə göndərdi.
Hökumət həmçinin mühacir tənqidçilərin ailələrini də hədəfə alıb. Aprel ayında polis mühacir bloqçu Tural Sadıqlının əmisi Elmir Sadıqovu silah saxlamaq saxta ittihamları ilə həbs etdi. Oktyabrda məhkəmə onu iki il yarım müddətinə azadlıqdan məhrum etdi. Yanvar ayında hüquq mühafizə orqanları insan hüquqları müdafiəçisi Rüfət Səfərovun anasına qısa müddət səyahət qadağası qoydu.
Baş Prokurorluğun açdığı cinayət işi əsasında mart ayında təcrübəli fəallar və QHT rəhbərləri Bəşir Süleymanlı, Məmməd Məmmədzadə, Asəf Əhmədov və Zamin Zəki həbs edildi. Bu iş QHT-lərə qarşı “qanunsuz sahibkarlıq” və “vergidən yayınma” ittihamları ilə bağlı əsasında qurulmuşdu. Dörd fəal hələ də həbsdə qalır.
İyunda tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov məhkəmə tərəfindən dövlətə xəyanətlə bağlı əsassız ittihamla təqsirli bilindi və qapalı iclasda o, 15 il müddətinə azadlıqdan məhrum edildi.
İyunda məhkəmə həmçinin etnik talış tədqiqatçısı İqbal Əbilovu oxşar ittihamlarla 18 il müddətinə azadlıqdan məhrum etdi.
Sərbəst Toplaşmaq Azadlığı
Ölkə rəhbərliyi sərbəst toplaşmaq azadlığını ciddi şəkildə məhdudlaşdırmağa və razılaşdırılmamış dinc etirazlar təşkil edənləri məsuliyyətə cəlb etməyə davam etdi.
Sentyabr ayında müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura üzvlərinin dinc mitinq təşkil etmək cəhdlərinin qarşısı polis tərəfindən alındı.
Avqustda məhkəmə dini mərasimdə iştirak etdikləri və Fələstin lehinə şüarlar səsləndirdikləri üçün həbs edilən altı qadın haqqında üç aylıq həbs qətimkan tədbiri seçdi. Onlara qanunsuz dini fəaliyyətlərlə bağlı ittihamlar irəli sürüldü. Məlumata görə, polis onlara həbsdə qeyri-insani rəftar göstərib.
İyunda polis 18 yaşlı tələbə Elgün İbrahimovun ölümünün ədalətli araşdırılması tələbi ilə keçirilən etiraz aksiyasında təxminən 50 nəfəri saxlayaraq, onları telefonlarını və şifrələrini verməyə məcbur edib. Hakimiyyət orqanları 13 mayda istifadəsiz yataqxananın həyətində tapılan İbrahimovun yıxılıb aldığı xəsarətlərdən həyatını itirdiyini bildirib.
Yanvarda İmişlinin cənubunda polis maşınının üç məktəblini vuraraq ölümlərinə səbəb olması yerli etirazlara gətirib çıxardı. Hüquq mühafizə orqanları etirazlar zamanı təxminən 100 sakini həbs etdi və şəhəri çevik polis qüvvələri ilə mühasirəyə aldı. Qəzaya görə məsuliyyət daşıyan polis haqqında məlumatlar gizlədilsə də, İyul ayında məhkəmə 19 etirazçını xuliqanlıq ittihamları ilə bir ildən dörd ilə qədər həbs cəzasına məhkum etdi.
İşgəncə və Pis Rəftar
Saxlanma yerlərində işgəncə və pis rəftarla bağlı məlumatlar yayğın olaraq qalır.
Fevral ayında ictimai fəal Cəlal Cavadov həbsdəki jurnalistləri dəstəkləmək üçün aksiya etdiyinə görə saxlanıldıqdan sonra işgəncəyə məruz qaldığını və sənəd imzalamağa məcbur edildiyini bildirib.
Martda məhkəmə elmi işçi Fazil Qasımovu saxta pul ittihamları ilə doqquz il müddətinə azadlıqdan məhrum etdi. Qasımov məhkəmə çıxışında bildirib ki, polis onu tanınmış antikorrupsiya fəalı və alim Qubad İbadoğlununun əleyhinə ifadə verməsi üçün başını tualetə salmaq, elektroşok və digər işgəncələrə məruz qoyub. İbadoğlu 2024-cü ilin aprel ayında ev dustaqlığına buraxılsa da, ona qarşı saxta pul hazırlamaqla bağlı əsassız ittihamların istintaqı hələ bitməyib.
Mayda polis əməkdaşlarının jurnalist Ülviyyə Əlini və ictimai fəal Əhməd Məmmədlini saxlanma yerində döydükləri bildirilir. Hakimiyyət orqanları bu məsələ ilə bağlı heç bir araşdırma aparmayıb.
İyul ayında Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı 2015-ci ildə həbs edilmiş və uzunmüddətli həbs cəzasına məhkum edilmiş dini fəal Taleh Bağırzadə və jurnalist Fikrət İbişbəylinin işgəncə iddialarını əsaslı şəkildə araşdırmadığına görə Avropa Konvensiyasının 3-cü maddəsini pozmaqda təqsirli bilib.