Skip to main content

Azərbaycan

2019-ci ildə baş verənlərin xülasəsi

Oktyabr ayında paytaxt Bakıda keçirilən etiraz aksiyaları zamanı 60-a yaxın adam həbs edildi.

© 2019 REUTERS/Aziz Karimov

2019-cu il boyunca Azərbaycan hakimiyyəti birləşmə, ifadə və sərbəst toplaşma azadlıqlarını daha da məhdudlaşdırmaqla ölkədə sərt nəzarəti davam etdirib. Hökumət 50-dən çox insan hüquqları müdafiəçisini, jurnalisti, müxalifət fəalını, dindarı və siyasi motivli ittihamlarla həbs olunan digər tanınmış tənqidçiləri həbsdən azad edib. Amma, ən azı 30 nəfər hələ də qondarma ittihamlarla və haqsız yerə həbsxanalarda saxlanılır. Hökumət onu tənqid edənlərə və fərqli fikirlər bildirənlərə qarşı il boyunca mütəmadi olaraq amansız hücumlarını davam etdirib.

Ölkədə baş verən digər ciddi insan hüquqları pozuntularına misal olaraq saxlanma məntəqələrində işgəncə və pis rəftar halları, sərbəst toplaşma azadlığının pozulması, vəkillərin işinə yersiz müdaxilələr və media azadlığının məhdudlaşdırılmasını göstərmək olar.

Hökuməti Tənqid Edənlərə Qarşı Təqiblər

Mart ayında prezident İlham Əliyev, ötən illərdə siyasi motivli ittihamlarla həbs olunmuş jurnalist, bloqqer, müxalif partiya üzvlərindən ibarət 50-dən çox şəxsi əfv edib. Azad olunsalar da, onlara qarşı ittihamlar ləğv olunmayıb və bir sıra keçmiş məhbuslara ölkədən kənara çıxmamaq məhdudiyyəti tətbiq edilib. Siyasi baxışlarına görə təqibdən yaxa qurtarmaq üçün bəzi fəallar ölkəni tərk etmək məcburiyyətində qalıblar.  

Əfv olunanlar arasında müxalif yönümlü gənclər hərəkatının fəalı Bayram Məmmədov da var idi. Lakin, əfvdən iki həftə sonra, Məmmədov mətbuata verdiyi müsahibədə siyasi fəalliyyətini davam etdirəcəyini elan etdikdən sonra polis onu yenidən həbs etdi. Məhkəmə, polisə müqavimət adlı saxta ittiham ilə onu 30 sutka həbs cəzasına məhkum etdi. Bundan əlavə, polis həm də əfv edilmiş digər bir neçə fəalı söhbət üçün polis idarələrinə çağıraraq, onlara xəbərdarlıq edib ki, hökumətə qarşı hər hansı fəaliyyətdə, o cümlədən etiraz aksiyalarında iştirak və sosial mediada tənqidi fəaliyyətlərlə məşğul olmasınlar.

Mart ayında, bloqqer Mehman Hüseynov əsassız böhtan ittihamı ilə iki illik həbs cəzasını tam çəkdikdən sonra sərbəst buraxıldı. 2018-ci ilin dekabrında, Hüseynovun həbs müddətinin bitməsinə iki ay qalmış, guya onun həbsxana rəsmisinə fiziki zor tətbiq etdiyini iddia edərək hökumət ona qarşı yeni saxta ittihamlar irəli sürdü. Yerli və beynəlxalq etirazların ardından 2019-cu ilin yanvarında hökumət bu ittihamları ləğv etməyə məcbur oldu.

Fevral ayında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) müşaviri Məmməd İbrahim həbsxanadan azad edildi. 2016-cı ildə xuliqanlıq saxta ittihamı əsasında həbs olunan Məmməd İbrahim cəzasını tam çəkərək azad olunmasına iki gün qalmış, hökumət ona qarşı yeni bir saxta ittiham irəli sürərək onu əlavə beş aylıq həbs cəzasına məhkum etdi.

AXCP-nin tanınmış 3 üzvü - Orxan Baxışlı narkotik saxlama, Fuad Əhmədli şəxsi məlumatdan sui-istifadə  və Asif Yusifli sənəd saxtakarlığı kimi qondarma ittihamlar əsasında - həbsdə qaldılar. İyun ayında məhkəmə Orxan Baxışlının həbs müddətini altı ildən üç ilə endirdi.

Oktyabr ayında müxalifətin keçirəcəyi icazəsiz mitinqdən bir neçə gün əvvəl AXCP üzvü Paşa Umudov saxta narkotik ittihamı ilə həbs olunaraq istintaq təcridxanasına göndərildi. Hökumət çoxlu sayda müxalif siyasi partiya fəallarına və digər tənqidçilərə qarşı xuliqanlıq, ictimai yerdə söyüş söymə və digər saxta ittihamlar irəli sürərək cəzalandırdı. Təkcə avqust ayında məhkəmələr ən az altı AXCP üzvü saxta ittihamlarla inzibati qaydada 10 gündən 60 günədək həbs cəzasına məhkum edildilər.

Hökumət bir neçə fəal və jurnalistə qarşı ölkəni tərk etməməklə bağlı qoyduğu qadağanı qaldırsa da, lakin bu hal digər fəallara qarşı şamil olunmadı. Bu fəallara üzərində məhkəmə hökmləri və ya bir sıra hallarda 2014-cü ildə QHT-lərlə bağlı aparılan istintaq işlərində şahid qismində dindirildikləri əsas gətirilərək onlara ölkədən çıxmamaq qadağası hələ də qalmaqda davam edir. 2006-cı ildən xarici pasportunun istifadə müddəti bitdikdən sonra AXCP sədri Əli Kərimliyə xaricə səfər etmə qadağası tətbiq edilib. Hökumət, o zamandan indiyədək hələ də müxtəlif saxta bəhanələr uydurmaqla ona yeni pasport verilməsindən imtina edir.

Dövlət qeydiyyatına alınmayan və mühafizəkar şiə hərəkatı olan Müsəlman Birliyi qrupunun ən azı 17 üzvü ekstremizm və digər şübhədoğuran ittihamlarla həbsxanada qaldı. 2017-ciildə barələrində hökm verilmiş bu şəxslər işgəncəyə məruz qalmaları barədə müxtəlif məhkəmə proseslərində məlumat vermişdilər. İyul ayında, Müsəlman Birliyinin üzvlərindən olan Əbülfəz Bünyadov 2015-ci ildəki həbs şəraitində aldığı xəsarətə görə tibbi səbəblərdən həbsxanadan sərbəst buraxıldı.

Toplaşma Azadlığı

Azərbaycan hökuməti paytaxt Bakının mərkəzi ərazilərindəki etiraz aksiyalarının keçirilməsinə tamamilə qadağa qoyub və nümayişçilərə mitinqlər üçün ancaq şəhərin kənarındakı ucqar bir yeri təklif edir. 2019-cu ildə, ictimai yığıncaqlarla bağlı ölkənin məhdudlaşdırıcı qanun və qaydalarını pozduğuna görə inzibati cərimələr və ya qısa müddətli həbs cəzalar verilmiş insanların sayı 2018-ci ildəkindən bir neçə dəfə çox olub.

Yanvar ayında bloqqer Mehman Hüseynovun həbsdən azad edilməsini dinc etiraz aksiyaları və sosial media vasitəsilə tələb etdikləri üçün təqribən 40 -a yaxın şəxsə 10 gündən 30 günədək müddətə inzibati qaydada həbs cəzası verildi.

Oktyabr ayındaç paytaxt Bakının mərkəzi hissələrində üç icazəsiz, dinc etiraz aksiyasını polis zorakılıqla dağıdaraq bur çox aksiya iştirakçısını döydü. Etirazçılar səsləndirdikləri şüarlarda siyasi məhbuslara azadlıq və ölkədə iqtisadi ədalətsizliyə və qadınlara qarşı zorakılığa son qoymağı tələb edirdilər. Formal xarakterli məhkəmə iclaslarında bir çox etirazçıya cərimə və həbs cəzası verildi. Polis, saxlanılan şəxslərin özlərinin seçdikləri vəkilləri ilə görüşməsinə icazə vermədi. AXCP üzvü olan ən azı 35 siyasi fəal saxta ittihamlarla 60 günədək həbs cəzasına məhkum edildi. Polis tərəfindən döyülən çox sayda dinc aksiya iştirakçısı müxtəlif xəsarət, qırıq və zədələr aldı. Saxlanma məntəqəsində AXCP rəhbəri Əli Kərimli polis tərəfindən döyülərək başında, üzündə və boynunda qançır zədələri aldı. Polis, başqa bir tanınmış müxalif siyasətçi və keçmiş siyasi məhbus Tofiq Yabublunu da döyərək ona siyasi fəalliyyətini dayandırması barədə açıqlama verməsi üçün təzyiqlər etdi.

Polis, sosial mediada mitinqlərdə iştirak edəcəklərini bildirən bir çox insanların evlərinə gedərək onlara iştirak etməmələri barədə xəbərdarlıq etdi. Bir etiraz aksiyasından bir neçə gün əvvəl, polis aksiya təşkilatçılarının əksəriyyətini həbs etdi.

Vəkillərə Qarşı Təzyiqlər

Hökumətə yaxınlılığı ilə tanınan Azərbaycan Vəkillər Kollegiyası siyasi təqiblərə məruz qalanların müdafiəsini təşkil edən üç vəkilin lisenziyalarını aprel ayında bərpa etdi. Bu üç vəkilin lisenziyası Prokurorluğun onlar barədə 2018-ci ildə verdiyi şikayətdən sonra bir il müddətinə dayandırılmışdı. 2019-cu il boyunca insan hüquqları ilə əlaqədar işləri aparan vəkillərə qarşı təzyiqlər davam etmişdir.

Fevral ayında məhkəmə vəkil Yalçın İmanovun Vəkillər Kollegiya üzvlüyündən çıxarılması barədə qərarı təsdiqlədi.  2017-ci ildə müdafiə etdiyi şəxsin həbsxanada işgəncələrə məruz qalması barədə mətbuata açıqlama verdiyi üçün Kollegiya Yalçin İmanovun fəkillik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul etmişdi.

Fevral ayında həm də vəkil Elçin Sadıqova öz müvəkkili Yunis Səfərova işgəncə iddiası ilə bağlı məsləhət verdiyinə görə Vəkillər Kollegiyası tərəfindən töhmət verildi. Yunis Səfərov hazırda həbsdədir və 2018-ci il Gəncə şəhər İcra Hakimiyyəti başçısına sui-qəsd törətməkdə ittiham olunur. Vəkilə töhmət verilməsinə səbəb Yunis Səfərovun işgəncəyə məruz qalması haqda iddiaların Prokurorluq tərəfindən rədd edilməsi və vəkillə bağlı tədbir görülməsi üçün Prokurorluğun Vəkillər Kolegiyasına şikayət göndərməsi olub. Həmin şikayətdə qeyd olunub ki, vəkil Sadiqov müvəkkili Səfərovu işgəncəyə məruz qalması barədə iddia qaldırmağa qanunsuz olaraq sövq edib. Prokurorluğun şikayətində Səfərovun vəkil Sadıqov tərəfindən guya təzyiq edildiyi ilə əlaqədar həbsdə imzaladığı ifadəyə və ikisi arasındakı konfidensial söhbətə istinad edilib.

İfadə Azadlığı

2019-ci il  ərzində əsas media qurumları hökumətin sərt nəzarəti altında qalmaqda davam edib. Defamasiya cinayət qanunu ilə cəzalanır.

Jurnalist Seymur Həzi, siyasi motivli xuliqanlıq ittihamı ilə 5 illik cəzasını tam çəkdikdən sonra avqust ayında həbsdən azad edildi.

İyun ayında "Xəbərman" və "Press-az" adlı müstəqil xəbər saytlarının redaktoru Polad Aslanov dövlətə xəyanət ittihamı ilə həbs edildi. Aslanov iddia edib ki, onun həbsinə səbəb dövlət məmurlarını tənqid etməyi və Milli Təhlükəsizlik Nazirliyində baş vermis korrupsiya ilə bağlı apardığı araşdırmalar olub.  Vəkilinin bildirdiyinə görə Aslanov jurnalist fəaliyyətinə görə əvvəlki illərdə də hökumətin təzyiqinə məruz qalıb.

Gəncə şəhərinin icra başçısına qarşı sui-qəsd cəhdi və həmçinin ölkə ərazisinin böyük hissəsində elektrik enerjisinin kəsilməsi ilə bağlı hadisələri işıqlandırdığına görə fevral və mart aylarında müvafiq olaraq məhkəmə, kiçik və müstəqil xəbər saytları rəhbərləri olan iki jurnalistə - Mustafa Hacıbəyli və Anar Məmmədova - beş il yarım şərti cəza verdi. Hacıbəyli müxalifətyönlü Bastainfo.com xəbər saytına rəhbərlik edir və bu sayt 2018-ci ilin iyul ayından bəri ölkə içində bloklanıb. Məmmədov isə Criminal.az saytının baş redaktorudur. Hər iki jurnalist öz məqalələrində Gəncənin icra başçısının sərt idarəçilik metodunu tənqid etməklə yanaşı, həm də hökuməti Gəncədə baş verən zorakılıq və qarşıdurmanın qarşısını ala bilmədiklərinə görə günahlandırmışdı. Bu jurnalistlər  dövlət əleyhinə yönələn açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı kimi saxta ittihamlar üzrə günahkar bilinib. Azadlıqda olsalar da, hər iki jurnalistə ölkəni tərk etməmək qadağası tətbiq olunub.

Hakimiyyəti açıq şəkildə tənqid edən Əfqan Muxtarlı, Ziya Əsədli, Araz Quliyev və Elçin İsmayıllı da daxil olmaqla digər jurnalistlər saxta ittihamlarla hələ də dəmir barmaqlıqlar arxasında saxlanılır.

Mühacirətdəki Tənqidçilərə Qarşı Təzyiqlər

Hökumət, mühacirətdə olan fəalları susdurmağa məqsədi ilə onların Azərbaycanda yaşayan qohumlarına təhdid və təzyiqlər edib. Azərbaycanın hüquq mühafizə orqanları Almaniya və Fransada mühacirətdə yaşayan aktivistlərin Azərbaycandakı qohumlarını dəfələrlə dindirməklə onlara xaricdəki qohumlarından imtina etmək üçün təzyiq göstərib. Polis həmçinin onları təhdid edərək bildiirb ki, əgər mühacirətdəki yaxınları fəaliyyətlərini davam etdirsələr, bu halda onların Azərbaycandakı qohumlarını həbs təhlükəsi gözləyəcək.

Aprel ayında hökumətə yaxınlığı ilə tanınan REAL TV özəl televiziya kanalı hazırda mühacirətdə yaşayan və Azərbaycanla bağlı populyar YouTube xəbər kanalını idarə edən Sevinc Osmanqızına qarşı qaralama və nifrət kampaniyasına başladı. REAL TV bir sıra verilişlərində, qanunsuz olaraq əldə edilmiş fotoşəkillər və uydurma e-poçtlardan istifadə etməklə Osmanqızını yayımını dayandırmaq üçün onu şantaj etməyə çalışdı. Bununla yanaşı, REAL TV həm də Osmanqızı ilə başqa bir müstəqil jurnalist arasında olan bir telefon söhbətini qeyri-qanuni qeydə alaraq efirdə yayımladı.

Cinsi Oriyentasiya və Gender Şəxsiyyəti

Aprelin 1-də polis qanunsuz seks işçiləri olduğu iddia olunan 14 transgender və gey fərdi saxlayıb.  Müstəqil bir qrup olan Nefes LGBT Azərbaycan Alyansının bildirdiyinə görə, bəzi hallarda kişilər seks xidmətləri göstərməsi üçün görüşmək adıyla mobil tətbiqetmələr vasitəsi ilə aldadılaraq sonra tutulublar. Polis, onların bir qismini HİV virusu və digər cinsi yolla keçən xəstəliklərlə bağlı yoxlanma üçün qanunsuz, məcburi müayinə üçün aparıb. Məhkəmələr bu saxlanılardan iki nəfərini “xuliqanlıq” maddəsi ilə cərimələyib. Polisə müqavimət göstərdiyinə görə digər üç nəfərə isə15 günə qədər həbs cəzasını verilsə də,  sonradan onların cəzalarını pul cəzası ilə əvəz edilərək appelyasiya məhkəməsi yolu ilə sərbəst buraxılıblar. Digər doqquz nəfərə qarşı tədbirlər barədə təsdiqlənmiş məlumat yoxdur.

Həbsdə və saxlanma yerlərində işgəncə və qeyri-insani rəftar

Hakimiyyət orqanları saxlanma məntəqələrində baş verən işgəncə və pis rəftar halları ilə bağlı şikayətləri adətən rədd edir. Ölkədə işgəncə verənlərin cəzasız qalma praktikası davam edir.

Fevral ayında keçirilən məhkəmə prosesində AXCP-nin üç tanınmış üzvü - Saleh Rüstəmov, Aqil Məhərrəmov və Babək Həsənov - qanunsuz sahibkarlıq, narkotik və digər ittihamlarla müvafiq olaraq yeddi, dörd və üç il müddətinə azadlıqdan məhrum edildi. İttihamlar Rüstəmovun həbsdə olan AXCP fəallarına və bu partiyanın fəaliyyətlərini dəstəkləmək üçün qanunsuz olaraq öz şirkətinin pullarını istifadə etdiyi iddialarından irəli gəlir. Polis, bu üç şəxsi 2018-ci ilin may ayında həbs edib. Saleh Rüstəmov 17 gün polis təcridxanasında “inkommunikado” (ünsiyyət imkanında məhrum edilməklə) saxlanılıb və bir ay müddətində ona vəkili ilə görüşə icazə verilməyib. Keçirilən məhkəmə prosesləri zamanı bu 3 şəxs saxlanma yerlərində məruz qaldıqları işgəncələr və məcburi etiraflar etmək üçün təzyiqə məruz qaldıqları barədə ətraflı məlumatlar verdilər. Dövlət orqanları bütün bu işgəncə iddialarının effektiv araşdırılmasını təmin etmədilər.

Mart ayında polis, yenicə əfv olunaraq həbsdən azad olunan gənc fəal Bayram Məmmədovu dəfələrlə döyərək (bu məsələ barədə ətraflı yuxarıdakı paraqraflara bax) onu təxminən 24 saat ərzində ələri qandallı, ayaqları bağlanmış və yerdə uzanılı bağlı vəziyyətdə saxlayıb. Vəkilinin bildirdiyinə görə Məmmədovun üzərində döyülmədən əmələ gəlmiş qançırlar var idi. Bu iddialarla bağlı rəsmi qurumlar heç bir səmərəli araşdırma aparmadı.

Mart ayında keçirilən bir məhkəmə prosesində Gəncədəki kütləvi iğtişaşlar və digər ittihamlarla bağlı günahlandırılan 14 müttəhim ifadələrində bildirdilər ki, polis onları məcburi etiraf və ifadə vermək üçün dəfələrlə döymüşdür. Hüquq mühafizə orqanları bu iddialarla bağlı çox səthi araşdırma apararaq məsələni qapadıb. Təqsirləndirilən şəxslərin vəkillərinin dediyinə görə, rəsmi orqanlar iddia ediblər ki, bu şəxslər üzərində sənədləşdirilmiş yara və zədə izləri guya onlar həbs olunarkən polisə müqavimət göstərdiyi vaxtda baş verib.

Əsas Beynəlxalq Qurumlar

Mart ayında verilən əfv fərmanından dərhal sonra Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) bəyanat yayaraq rəsmi Bakını siyasi motivli ittihamlarla həbsxanada saxlanılan digər fəalları da sərbəst buraxmağa çağırdı.

Avropa İttifaqı siyasi və iqtisadi əlaqələri inkişaf etdirmək üçün Azərbaycanla yeni tərəfdaşlıq sazişi barədə danışıqları il boyunca davam etdirdi. Aprel ayında, Azərbaycanın yüksək ranqlı rəsmiləri ilə görüşlərdən sonra Avropa İttifaqının Ali Nümayəndəsi Federika Mogherini bəyan etdi ki, "Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları müdafiəçiləri üçün daralmış məkan" ilə bağlı narahatlıq keçirdiyini rəsmi Bakının diqqətinə çatdırıb. Bəyanatda həmçinin qeyd olunub ki, Azərbaycanla qarşılıqlı əməkdaşlıq prosesində Avropa İttifaqı niyyəti insan hüquqları ilə məsələləri bu qarşılıqlı əməkdaşlığın vacib elementlərindən birinə çevirməkdir.

İyul ayında Bakıya etdiyi səfərdən və Prezident Əliyevlə görüşündən sonra Avropa İttifaqı Şurasının o zamankı prezidenti Donald Tusk verdiyi bəyanatında bildirib ki, Azərbaycan ilə əməkdaşlıqda Avropa İttifaqı "qanunun aliliyinə, insan hüquqlarına və fundamental azadlıqlara hörmət göstərilməsinin vacibliyinə" önəm verir. Tusk, Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının narahatlıqlarını dinləmək üçün Bakıda onlarla da görüşdü.

Yanvar ayında Avropa Parlamenti bloqqer Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul edərək bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etdi.

Sentyabr ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Bakıya səfər etdi. Bir sıra vətəndaş cəmiyyəti nümayəndələri, həbsdə olan dörd siyasi məhbus və digərləri ilə görüşən məruzəçi bəyan edib ki, Azərbaycanla bağlı hesabatı 2019-cu ilin sonunda hazır olacaq.

İyul ayında Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı xanım Dunja Miyatovic Bakıya rəsmi səfər etdi. Azərbaycanda, hökuməti tənqid edənlərin qanunsuz olaraq həbs edilməsi və ölkədə cinayət qanunundan sui-istifadə halları ilə bağlı narahatlıqları ifadə edən Komissar "söylədikləri fikirlərə görə həbsdə olan bütün şəxslərin" sərbəst buraxılmasının vacibliyini vurğuladı. O, həmçinin hökumətə müraciət edərək məcburi köçkünlər üçün daha yaxşı yaşayış imkanları yaratmağa çağırdı.

Avropa İttifaqı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və Avropa Şurasının  Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri bəyanat yayaraq, Bakıda oktyabr ayında keçirilmiş etiraz aksiyalarının zorakılıqla dağılmasından narahatlıqlarını ifadə etdilər. Onlar, həmçinin baş verənlərlə bağlı effektiv araşdırmanın təmin edilməsini və bütün saxlanılan etirazçıların sərbəst buraxılmasını hökumətdən tələb etdilər.