Skip to main content

Azərbaycan

2016-cı ildə baş verən hadisələr

Ədalətsiz həbs olunmuş gənc fəallara azadlıq tələb edən bir etirazçı. Bakı, Sentyabr 18, 2016. 

 

©2016 Azadliq Radiosu/ RFERL

2016-cı il boyunca hökumət fərqli fikirlərə qarşı amansız hücumlarını davam etdirmişdir. Bu basqılar nəticəsində ölkənin bir vaxtlar fəal olan vətəndaş cəmiyyəti daha da ağır duruma düşmüşdür. Hökumət saxta ittihamlarla həbs olunmuş 17 hüquq müdafiəçisini və siyasi fəalı həbsdən azad etsə də. hökuməti tənqid edən bloqqer və siyasi fəallardan ən azı 25 fəal qondarma ittihamlarla həbsdə qalmışdır. Bunlara həm də 2016-cı ildə həbs olunan fəallar da daxildir. Məhdudlaşdırıcı qanunvericilik ölkədəki qeyri-hökumət təşkilatlarının (QHT) müstəqil fəaliyyət göstərməsinə əngəllər yaratmaqda davam etmişdir.      

2016-cı il ərzində ölkədə işgəncə və pis rəftarla bağlı çoxlu sayda məlumatlar ortaya çıxmışdır.

Azərbaycanda 2016-cı ilin sentyabrında keçirilən referendumla konstitusiyaya bir sıra düzəlişlər edildi. Bu düzəlişlərə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, prezidentliyə və deputatlığa namizədlər üçün minimum yaş həddinin ləğvi və prezidentə daha geniş səlahiyyətlərin verilməsi daxildir.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (EITI) təşkilatı Azərbaycanın bu qrupdakı tam üzvlüyünü bərpa etməkdən imtina edərək, hökumətə 4 ay müddətində vətəndaş cəmiyyəti ilə bağlı məhdudlaşdırıcı qanunvericiliyi dəyişdirmək üçün vaxt verdi. Qanunvericilkdə bu islahat tədbirlərinin olmayacağı təqdirdə ölkənin bu qrupdakı statusu tam dayandırıla bilinər.

Hökuməti tənqid edənlərə qarşı təqiblər

Mart ayında prezident İlham Əliyev, ötən illərdə siyasi motivli ittihamlarla həbs olunmuş, jurnalistlər, insan hüquqları müdafiəçiləri, aktivistlər və bloqçulardan ibarət 13 nəfəri əfv edib. Onlara qarşı ittihamlar ləğv olunmayıb və bir sıra keçmiş məhbuslar ölkədən kənara səyahət etmək və işləməklə bağlı məhdudiyyətlərlə, eləcə də əgər işlərinə davam edərlərsə, yenidən həbs edilmək təhlükəsi ilə rastlaşırlar. Bir sıra aparıcı QHT-lər və onlara aid qruplar hələ də bağlı olaraq qalmaqdadır.  

Həmçinin mart ayında məhkəmələr jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyevin həbs cəzasını  sınaq müddətilə əvəz edərək onların hər ikisini azad edib. May ayında Ali Məhkəmə, oxşar qaydada, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbs müddətini sınaq müddətilə əvəz edərək onu da azad edib. Bu şəxlərin hər üçünün məhkumluğu davam edir və onların ikisinin ölkədən çıxışı məhdudlaşdırılb.  

Demokratik yönlü, müxalif Respublikaçı Alternativ (REAL) hərəkatının sədri İlqar Məmmədov, Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-ü il tarixli qərarına və Avropa Şurasının onun azad edilməsinə çağıran tələblərinə baxmayaraq, hələ də həbsdədir. Hələ də barmaqlıqlar arasında saxlanılan şəxslərin arasında gənc fəal İlkin Rüstəmzadə, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) siyasi fəalı Murad Adilov, jurnalist Seymur Həzi və bloqçu Abdul Adilov da var. 

Yeni həbslər və ittihamlar

Avqust ayında, konstitusiyaya dair referendumdan öncə, hökumət səkkiz nəfər fəalı narkotik maddə saxlama, xuliqanlıq, qanunsuz sahibkarlıq kimi saxta, siyasi motivli ittihamlarla həbs edib. Hakimiyyət həmçinin bir sıra aktivistləri, Amerika Birləşmiş Ştatlarında yaşayan, Türkiyə tərəfindən 2016-cı ilin iyul ayında hərbi çevrilişə cəhddə ittiham olunan imam Fetullah Gülənlə əlaqələndirərək, qadağan olunmuş və ya potensial olaraq qanunsuz idxal olunan materiallara sahib olmaqda ittiham edib.

Bu həbslər arasında tanınmiş sosial media fəalı, AXCP üzvü Fuad Əhmədli və aparıcı müxalifət qəzeti olan Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirov da var. Onların həbsindən sonra həyata keçirilən axtarış əməliyyatları zamanı, polis iddia edib ki, onların evində Gülənlə əlaqəli, qadağan olunmuş dini kitablar və kompakt disklər tapılıb. Lakin polis həmçinin ona qarşı digər cinayət ittihamları da irəli sürüb. Bu yazı hazırlanan zaman hər iki şəxs həbsdə olub.  

Polis həmçinin REAL hətəkatının 3 üzvünü həbs edib: partiyanın icraçı katibi, referendumu ictimai şəkildə tənqid edən Natiq Cəfərli və referenduma qarşı təşviqat aparan iki REAL üzvü. Məhkəmə sonuncu iki şəxsi, polisin təşviqat borşurlarını yaymamaq əmrinə tabe olmaqdan imtina etməyə görə bir həftəlik azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Sentyabr ayında Cəfərli azad edilib. Ona qarşı məhkəmə işi davam edir.

Hökumət AXCP-nin aparıcı və sıravi üzvlərini təqib etməyə davam edib. 2016-cı ildə onlardan ən az 12 nəfəri ya azadlıqdan məhrum edilərək həbsxanaya göndərilib ya da istintaq təcridxanasında saxlanılaraq məhkəmə prosesləri davam edib. Onların arasında məhkəmə prosesində olan, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı, 2015-ci ilin dekabr ayında hakimiyyət çevrilişinə çağırış etmə cinayəti üzrə saxta ittihamla həbs edilib. Qəhrəmanlıya qarşı bu ittihamlarin əsasına Bakının mühafizəkar şiə kəndi olan Nardaranda, dini fəallara qarşı açılan cinayət konspirasiyası və terrorizm ittihamları dayanır. Bu yazı yazılarkən Qəhrəmanlı istintaq təcridxanasında idi. Mart ayında məhkəmə AXCP sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahimi saxta xuliqanlıq cinayətində ittiham edərək üç il müddətinə azadlıqdan məhrum edib. AXCP-nin gənc fəallarından Elvin Abdullayev 2015-ci ilin yanvarından bəri həbsdədir. O, narkotik maddələrə sahib olma adlı saxta ittihamla həbs olunub. 2016-cı ilin iyun ayında Ali Məhkəmə onun həbs müddətini 6 ildən 2.5 ilə endirib.  

Media azadlığı

2016-cı il ərzində müstəqil media qurumları təzyiqlər və qapadılma problemilə üzləşiblər. Eyni zamanda, müstəqil jurnalistlər susdurulmaq məqsədi daşıyan hədə-qorxulara məruz qalıblar.

Aprel ayında hakimiyyət, Meydan TV ilə əməkdaşlıq etdiyi ehtimal olunan 15 nəfər jurnalistə qarşı vergidən yayınma və digər iqtisadi cinayətlər üzrə istintaq işi başlayıb. Meydan TV Berlində yerləşən azərbaycan dilli müstəqil media qurumu olub, insan hüquqları, korrupsiya və s. bu kimi məsələlərlə bağlı tənqidi mövqe nümayiş etdirir. Həmin jurnalistlər azadlıqdadırlar, lakin onlara qarşı cinayət işi davam edir; istintaq prosesi davam edərkən bu jurnalistlərdən ən az yeddisinin ölkədən çıxışına qadağa qoyulub. 2015-ci ilin dekabr ayında və 2016-cı ilin aprel ayında hakimiyyət, Meydan TV-nin mühacirətdə olan jurnalistlərinin üç ailə üzvünü saxta narkotika cinayətlərində ittiham edib və 2016-cı ilin aprel ayında, bu şəxslər bir ildən az müddətə həbsdə qaldıqdan sonra, onlar əfv olunublar.

Faiq Əmirlinin həbsindən sonra, sentyabr ayında dövlət tərəfindən idarə olunan nəşriyyat evi Azadlıq qəzetinin nəşrindən imtina edib və buna səbəb kimi qəzetin şirkətə olan borcunu ödəməməsini göstərib. Nəticədə, Azadlıq öz nəşrini qeyri-müəyyən müddətə dayandırıb. 

Iyul ayında hökumət yönümlü  özəl televiziya kanalı olan ANS televiziyasının Fətullah Güləndən müsahibə almasından sonra, televiziyanın lisenziyası öncə dayandırılıb, daha sonra isə ləğv olunub. Bu yazı yazılarkən adı çəkilən televiziya kanalı hələ də bağlı olub.

Toplaşmaq azadlığı

QHT-lərlə bağlı 2014 və 2015-ci illərdə qəbul olunan və yüksək məhdudiyyətlər tətbiq edən normalar, müstəqil qrupların maliyyələşməsini və fəaliyyət göstərməsini demək olar ki, mümkünsüz edib. 2016-cı ilin fevral ayında qüvvəyə minən yeni normalar Ədliyyə Nazirliyinə QHT-lərin işlərinə müdaxilə edərək çoxsaylı əsaslarla yoxlamalar apara bilməklə bağlı geniş səlahiyyətlər verir.

Aprel ayında Baş Prokurorluq 2014-cü ildən çoxlu sayda xarici donora və onların maliyyələşdirdiyi təşkilatlara  qarşı başlanan cinayət işini dayandırıb. Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü (MSŞT)nün yerli Azərbaycan koalisiyasında təmsil olunan çoxsaylı təşkilatlar və onların rəhbərlərinə qarşı tətbiq olunan məhdudiyyətlər aradan qalxmışdır. Hakimiyyət onların dondurulmuş bank hesablarına yenidən açaraq, onların ölkədən çıxışına qoyulan qadağaları ləğv edib və Azərbaycan sərhədlərində onlara tətbiq olunan geniş və detallı yoxlamaları dayandırıb.

Bank hesablarına tətbiq olunan dondurmanın ləğv olunmasına baxmayaraq, MSŞT koalisiyasının bəzi üzv təşkilatları maliyyələşə bilmir, çünki hökumət onların qrant müqavilələrini qeydiyyata almaqdan imtina edir. Azərbaycan qanunlarına görə QHT-lər qrant maliyyəsini bankdakı hesabdan çixartmaq üçün qrant qeydiyyatı ilə bağlı rəsmi sənədi müvafiq banka təqdim etməlidirlər.

İnsan hüquqları və hökumətin öhdəliyinə dair işlər görən bor çox QHT-lərin bank hesabları hələ də qapalıdır; Bu qruplar ya işlərini dayandırıblar, ya da ölkəni tərk edərək mühacirətdə işlərini davam etdirirlər.  

İşgəncə və qeyri-insani rəftar

İşgəncə və qeydi-insani rəftarla bağlı cəzasızlıq davam edib. Avqust ayında müxalif yönümlü gənclər hərəkatının üzvü Elgiz Qəhraman polis tərəfindən həbs edilib və altı gün ərzində heç kimlə əlaqəsinə icazə verilməyib. Qəhrəman vəkilinə bildirib ki, polis onu döyərək cinsi zorlama ilə hədələyib və saxta narkotika cinayətini etiraf etməyə məcbur edib. Hakimiyyət bu iddia ilə bağlı səmərəli araşdırma aparmayıb. Bu yazı yazılarkən Qəhrəman həbsdə olub.   

May ayında Qiyas İbrahimov və Bayram Məmmədov keçmiş president Heydər Əliyevin heykəlinə qraffiti çəkdiklərinə görə polis tərəfindən həbs olunublar və onlardan kamera qarşısında üzr istəmək tələb olunub. Onlar imtina etdikdə isə polis onları döyüb və dubinka ilə zorlamaqla hədələyərək narkotika cinayətini etiraf etməyə məcbur edib. Hökumət qeyri-insani rəftarla bağlı ittihamlara dair səmərəli araşdırma aparmayıb. Oktyabr ayında İbrahimov on il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib; Bu yazı yazılarkən Məmmədovun məhkəmə prosesi davam edib. 

Iyul ayında, terrorizm kimi ağır cinayətlərdə ittiham olunan 68 təqsirləndirilən şəxsdən 18 nəfəri bildirib ki, polis cinayəti etiraf etdirmək üçün onları dəfələrlə döyüb. Bu işdə hakimiyyət iddia edir ki, daha əvvəl də siyasi motivli cinayətdə ittiham olunaraq həbs edilmiş dini fəal Taleh Bağırzadə digərlərilə birləşərək dövlət çevrilişinə cəhd edib.

2015-ci ilin noyabr ayında Bakının Nardaran kəndində polisin Bağırzadəni həbs etmək üçün keçirdiyi əməliyyat tədbiri qeyri-müəyyən və mübahisə olunan şəraitdə baş verib və nəticədə iki polis və yeddi mülki şəxs qətlə yetirilib. Bağırzadə məhkəmədə bildirib ki, dövlət nümayəndələri onu döyərək iki müxalif siyasi liderə qarşı ifadə verməyə məcbur etməyə çalışıblar. Hakimiyyət ittihamları rədd edib və ittihamlarla bağlı səmərəli araşdırma aparmayıb.

Əsas Beynəlxalq Qurumlar

Amerika Birləşmiş Ştatları, Avropa Parlamenti və Azərbaycanın digər beynəlxalq parntyorları bir sıra fəalın həbsdən azad olunmasını müsbət qiymətləndirsələr də ölkədə  hüquq pozuntuları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində hökumətə hələ də təzyiq tətbiq etməyə nail olmayıblar.

Təbii resursların inkişafında hökumətlərin şəffaflığını təşviq edən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (EİTİ) təşkilatı 2016-ci ilin oktyabr ayında Azərbaycanın bu qrupdakı tam üzvlüyünü bərpa etməkdən imtina edərək, hökumətə 4 ay müddətində vətəndaş cəmiyyəti ilə bağlı məhdudlaşdırıcı qanunvericiliyi dəyişdirmək üçün vaxt verdi. Qanunvericilkdə bu islahat tədbirlərinin olmayacağı təqdirdə ölkənin bu beynəlxalq təşkilatdakı statusu tam dayandırıla bilinər.

2016-cı ilin may ayında Azərbaycana səfər edən Birləşmiş Millətlər Təşkilatının Qanunsuz Saxlanma üzrə İşçi Qrupu bildirmişdir ki, onlar saxlanma məntəqələrində “işgəncə və pis rəftar halları ilə bağlı çoxlu sayda sübutlar” əldə ediblər. İşçi Qrupu həm də qeyd etdi ki, “ qadın məhbuslar üçün müəssisələrdə böyük laqeydlik və ağır şəraitin olmasını” müşahidə ediblər. Həmçinin, bir müəssisədə “yümşaq” elektroşoka ehtiyacı olan uşaqlara kimyəvi tərkibli sakitləşdirici dərmandan istifadə olunmasıyla bağlı narahatlıqlarını bildiriblər.

BMT-nin hüquq müdafiəçiləri üzrə məruzəçisi Michel Forst sentyabr ayında Azərbaycana səfər etmişdir. O, Azərbaycan hökumətinə müraciət edərək ölkədəki hüquq müdafiəçilərinin qeyri-zorakı və qanuni fəaliyyətlərinə qarşı cinayət təqibinə son qoymağa, həbs olunmuş fəalların azad olunmasına və onlara və ailələrinə qarşı cinayət və inzibati cəzalardan əl çəkməyə çağırmışdır.

BMT-nin İnan Hüquqları Komitəsinin oktybr ayında Azərbaycanla bağlı son qiymətləndirməsində Azərbaycan hökumətinə “ictimai təşkilatlara qarşı hücumlara son verməyə və onların sərbəst və heç bir qorxu hiss etmədən öz legitim fəaliyyətlərinin davam etdirməsinə imkan yaratmağa” səsləyib.

2015-ci ilin sonunda Avropa Şurasının Baş katibi Thorbjorn Jagland Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi qərarlarının yerinə yetirməməsi üzrə rəsmi araşdırmanın başlanılması prosedurunu start verib. Bu prosedur üzrə Jaglandın xüsüsi nümayəndəsi 2016-cı il ərzində Azərbaycan səfər edə bilməmişdir. Buna səbəb kimi Azərbaycan tərəfinin bu prosedurla bağlı Avropa Şurası ilə əməkdaşlıq etməməsi ehtimal edilir.   

2015-ci ilin dekabr ayında, ABŞ-ın Nümayəndələr Palatası Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb edən qanun layihəsi hazırlamışdır. Bu sənəddə bildirilir ki, ABŞ Azərbaycanda insan haqlarını pozan yüksək ranqlı rəsmilərə viza qadağası və digər sanksiyalar tətbiq etməlidir.

Mart ayında Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federica Mogherini Azərbaycana işgüzar səfər etmişdir. Avropa Birliyinin məqsədinin Azərbaycanla yeni əməkdaşlıq sazişi üzrə danışıqların davam etdirilməsini bildirən Mogherini özünün ictimai çıxışlarında Azərbaycandakı ciddi insan hüquqları böhranlı duruma az diqqət yetirmişdir.

Ölkədə insan hüquqları sahəsində pisləşən vəziyyətə baxmayaraq, 2016-cı ildə beynəlxalq maliyyə institutları mədən sənayesi də daxil olmaqla Azərbaycan hökumətinə maliyyə ayrılmasını davam etdirmiş və ya maliyyəni daha da artırmışdır.