Skip to main content

2015 Dünya üzrə Hesabat: Azərbaycan

2014

Azərbaycan hökuməti öz tənqidçilərinə qarşı apardığı repressiyanı daha da gücləndirərək ölkədə insan hüquqları ilə bağlı acınacaqlı durumu daha da ağırlaşmışdır. İl ərzində hökumət ən azı 33 hüquq müdafiəçisini, siyasi və ictimai fəalı, jurnalisti və bloqqeri siyasi motivli ittihamlar əsasında həbs etmis və ya azadlıqdan məhrum etmişdir. Bəzi fəallar ölkəni tərk etməyə və ya gizlənməyə məcbur olmuşdur.

Hökumət müstəqil vətəndaş cəmiyyəti qruplarının və onların rəhbərlərinin bank hesablarını dondurmuş, xaricdən verilən qrantları qeydiyyata almaqdan imtina edərək

onların işinə ciddi maneələr yaratmışdır. Bəzi təşkilat rəhbərlərinin ölkədən çıxışına qadağa qoyulmuşdur. Polis məntəqələrində saxlanılan şəxslər onlara qarşı pis rəftar edilməsi ilə bağlı şikayətlər etmişdir. Ölkənin əsas aparıcı hüquq müdafiə təşkilatları da daxil olmaqla bir sıra qruplar fəaliyyətlərini tamamilə dayandırmağa və qapadılmağa məcbur olublar.

Ölkədə repressiya dalğası may ayında Azərbaycanın 6 aylıq rotasiya qaydasında Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başladığı dövrdə də davam etmişdir.  Azərbaycanın beynəlxalq tərəfdaşları ölkədə vətəndaş cəmiyyətinə qarşı edilən təzyiqlərə görə hökuməti tənqid etsələr də, Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqələrini insan haqlarının yaxşılaşdırılılması üçün şərtləndirə bilmədilər.

Hökuməti tənqid edənlərin təqib edilməsi

Hökuməti tənqid edən siyasi fəalları həbs etmək üçün həmin fəallara qarşı narkotik və silah saxlama, xuliqanlıq, dini-siyasi-irqi ayriseçkilik salma və hətta vətənə xəyanət kimi müxtəlif saxta ittihamlardan hökumət geniş istifadə etmişdir. Həbs olunanların sırasına ölkənin tanınmış hüquq müdafiəçiləri, o cümlədən iyul ayında həbs olunan Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, avqust ayında həbs olunan Arif Yunus da daxildir. Onlara qarşı vətənə xəyanət, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlar irəli sürülüb. Vətəndaş cəmiyyətinin həbs olunan digər tanınmış nümayəndələri İnsan Hüquqları Klubunun direktoru Rəsul Cəfərov və Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevdir. Onların hər ikisi vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifədən sui-istifadə etmək maddələri üzrə günahlandırılır. Bu hesabat hazırlandığı dövrdə bu fəalların hamısı istintaq təcridxanasında saxlanılırdı.

May ayında müxalifyönümlü gənclər hərəkatının səkkiz üzvü 6 ildən 8 ilə qədər müddətə azadlıqdan məhrum olunmuşdur. 2013-cü ilin mart və aprel aylarında həbs olunmuş bu gənclərə qarşı narkotik saxlama və digər ittihamlar irəli sürülmüşdü. Hökumətin iddiasına görə, guya bu gənclər Bakı şəhərində keçiriləcək dinc bir aksiyada zorakılıq törətməklə bağlı planları var imiş. Əfv üçün müraciət etdikdən sonra oktyabr ayında prezidentin fərmanıyla onlardan ikisi həbsdən azad edilib. Məhkəmə prosesi zaman bu gənclərdən ən az üç nəfəri bildirmişdir ki, onlar polisdə saxlanıldıqları vaxt döyülməyə məruz qalıblar. Prokurorluq bu iddiaların heç birinin səmərəli  araşdırmasını aparmamışdır.

Mart ayında tanınmış politoloq, REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini, Yeni Müsavat qəzetinin əməkdaşı Tofiq Yaqublu müvafiq olaraq 7 və 5 il azadlıqdan məhrum edilmişdir. Onların hər ikisi iğtişaşları qızışdırmaqda və zor tətbiq etməkdə təqsirli bilinib. May ayında Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun məsələsi ilə bağlı verdiyi qərarında bildirib ki, hökumət Məmmədovu həbs etməklə “onu  hakimiyyəti tənqid etdiyinə görə susdurmaq və cəzalandırmaq istəyib.”

Yanvar ayında Müsavat partiyası başqanının müşaviri Yadigar Sadıqov xuliqanlıq maddəsi üzrə günahkar bilinərək 6 il azadlıqdan məhrum edilmişdir. Sonradan Appelyasiya Məhkəməsi həbsin müddətini dörd ilə endirmişdir. Avqust ayında Xalq Cəbhəsi Partiyasının fəalı Murad Adilov saxta narkotik ittihamı əsasında həbs olunub. Vəkilinin bildirdiyinə görə Adilov polisdə saxlanıldığı müddətdə döyülməyə məruz qalıb, lakin bu iddialar hüquq-mühafizə orqanları tərəfindən səmərəli araşdırılmayıb. Avqust ayında həmçinin Müsavat partiyasının fəalı Xəqani Məmməd xuliqanlıqda təqsirli bilinərək həsb olunub. O, tanımadığı iki qadın tərəfdən hücuma məruz qalmasıyla polisə şikayət etdikdən sonra həbs edilib. Bu hesabat hazırlandığı müddətdə  Murad Adilov və Xəqani Məmməd istintaq təcridxanasında saxlanılırdı.

Media Azadlığı

2014-cü ildə ən azı 10 jurnalist, bloqqer və sosial media fəallı tənqidçi və araşdırmaçı jurnalistika ilə məşğul olduğuna görə saxta ittihamlarla günahlandırılaraq ya həbs olunmuş ya da azadlıqdan məhrum edilmişdir.

Aprel ayında tanınmış tənqidçı jurnalist, Ayna və Zerkalo qəzetlərinin müxbiri Rauf Mirqədirov Türkiyədən qanunsuz deportasiya olunduqdan sonra Bakı hava limanında həbs edilib. Mirqədirovun dövlətə xəyanətdə ittiham olunmasına səbəb onun Azərbaycan –Ermənistan arasında xalq diplomatiyası çərçivəsində tədbirlərdə iştirak etməsi ilə bağlıdır. O, hazırda istintaq təcridxanasında saxlanılır.

May ayında Bizim Yol qəzetinin əməkdaşı, bir informasiya portalının rəhbəri olan Pərviz Həşimli qaçaqmalçılıq və qanunsuz silah saxlama ittihamları üzrə günahkar bilinərək səkkiz il azadlıqdan məhrum edilmişdir.

Avqust ayında Azadlıq qəzetinin köşə yazarı Seymur Həzi öz evinin yaxınlığında tanımadığı bir şəxs tərəfindən hücüma məruz qaldıqdan  sonra polis onu saxta ittihamla – xuliqanlıqda günahlandıraraq həbs etmişdir. Barəsində həbs qəti imkan tədbiri seçilən Seymur Həzi hazırda istintaq təcridaxanasında  saxlanılır.

2014-cü ildə azı altı Facebook və digər sosial media fəallarına qarşı saxta narkotik ittihamı irəli sürülərək, onlar ya həbs olunmuş ya da azadlıqdan məhrum edilmişdir. Bunların sırasına Əbdül Əbilov, Ömər Məmmədov, Elsəvər Mürsəlli, Ilham Muradov, və Fərəc və Sirac Kərimlidir. Sosial mediada şoxlu izləyicisi olan bu fəallar hökuməti tənqid edən müxtəlif Facebook səhifələrinin adminləri olublar.

Məhkəmənin qərarı ilə Əbilov, Məmmədov və Mürsəlli beş və beş il yarım müddətə azdlıqdan məhrum edilərkən, digərləri bu yazı çapa gedərkən hələ də istintaq təcridxanasında saxlanılırdı. Bu fəalların heç biri nə polis məntəqəsində saxlanılarkən, nə də məhkəmədə barələrində həbs qəti imkan tədbiri seçilərkən özlərinin istədikləri vəkil ilə təmin olunmalarına imkan verilməmişdir. Onlardan üç nəfəri polis məntəqəsində pis rəftara məruz qalmaları haqda şikayət etsələr də, rəsmi orqanlar bununla bağlı səmərəli araşdırmanı təmin etməmişdir. Mürsəlli əfv ərizəsi yazdıqdan sonra Appelyasiya Məhkəməsi onun həbs müddətini 2 ilə endirmişdir. Oktyabr ayında Prezidentin imzaladığı əfv fərmanı ilə o, həbsdən azad edilib.    

Hakim ailənin biznes maraqları da daxil olmaqla, hökumətin korrupsiyalaşması barədə geniş araşdırmaları ilə tanınan məşhur jurnalist Xədicə İsmayılova dövlət sirlərinin sızdırılması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən bir neçə dəfə istintaqa şahid qismində dindirlmişdir. Oktyabr ayında, İsmayılovanın ölkədən çıxışına məhdudiyyət qoyulsa da bu qərarın hüquqi əsasları açıqlanmamışdır. Ismayılovaya qarşı hökumətyönümlü mediada 2012-ci ildən başlayan qaralama kampaniyası 2014-cü il boyunca davam etmişdir.

İl ərzində müxalifyönümlü gündəlik Azadlıq qəzetinin maliyyə çətinlikəri davam etmişdir. Bu maliyyə çətinliklərinə səbəb qəzetə qarşı bəzi hökumət rəsmiləri tərəfindən qaldırılan defamasiya iddiları ilə bağlı məhkəmə işləri, qəzetin bank hesabının dondurulması və qəzetin yayımına hökumət tərəfindən tətbiq olunan məhdudiyyətlər olmuşdur.

Birləşmə Azadlığı

Qanunvericiliyə edilən dəyişikliklərin fevral ayında Prezident İlham Əliyev tərəfindən imzalanması ilə qeyri-hokumət təşkilatları (QHT) üzərinə əlavə məhdudiyyətlər və tələblər qoyulmuşdur. Edilən bir çox düzəlişlərin balaca olmasına baxmayaraq bütün bunlar QHT-lərə qarşı cərimə və rəsmi xəbərdarlıqları nəzərdə tutur və nəticədə QHT-lər müvəqqəti və ya həmişəlik qapadılmaya məruz qala bilər.     

Həmçinin qəbul edilən bu dəyişikliklərə əsasən kiçik pozuntulara görə yeni inzibati xəta və daha yüksək maliyyə və cinayət cəzaları nəzərdə tutulub. Bütün bunlar hökumətə hər hansı yerli və beynəlxalq təşkilatın qeydiyyatından imtina etmək, müvəqqəti və ya həmişəlik qapatmaq imkanı verir.

Noyabr ayında Prezident Əliyevin imzaladığı daha bir sıra məhdudlaşdırıcı dəyışikliklər bütün xarici donorların hökumətlə sazış imzalamasını və hər bir layihənin müvafiq hakimiyyət orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutur.

Bir sıra xarici donor və təşkilata qarşı aparılan cinayət işi istintaqının bir tərkib hissəsi olaraq prokurorluqlarun göndərdiyi təqdimatlara əsaən məhkəmələr ən azı 50 təşkilatın və bəzən də həmin təşkilatın işçilərinin bank hesablarına həbs qoymuşdur. Vergi müfəttişləri bu təşkilatların bir çoxunu audit yoxlamasına cəlb etmiş, prokurorluq isə bu təşkilatların işçilərini dəfələrlə dindirmişdir. Bütun bu tədbirlərin nəticəsi olaraq azı 3 təşkilat tamamilə bağlanmağa məcbur olub və  bank əməliyyatları apara bilmədiklərinə görə çoxlu sayda təşkilat fəaliyyətlərini dondurmuşdur. Bu problemlər həm də təbii resurslar üzrə beynəlxalq şəffaflıq təşəbbüslərinə cəlb olunmuş təşkilatların fəaliyyətlərini dayandırmasına səbəb olmuşdur.

Avqust ayında ölkənin tanınmış media monitorinqi təşkilatı olan  Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ) ofisində axtarış aparan polis oradakı bilgisayar və hesabatları müsadirə edərək ofisin qapısını möhürləmişdir. Hökumət bu təşkilatın əməkdaşlarını dəfələrlə prokurorluqda dindirilməyə cəlb etmiş və onun rəhbəri Emin Hüseynovun olkədən çixmasına qadağa qoymuşdur. Bu hesabat çapa hazırlanarkən Emin Hüseynov hələ də gizlənirdi.

Avqust ayında hökumət həmçinin Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində bilgisayar və sənədləri müsadirə etdikdın sonra qapısını möhürləmişdir. Hüquqşunas İntiqam Əliyevin rəhbərlik etdiyi bu təşkilat Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycanla bağlı hüquq pozuntuları barədə çoxlu sayda şikayətlər göndərmişdir. Prokurorluq həm də Leyla Yunusun rəhbərlik etdiyi təşkilatın qapısını möhürləyərək qapatmışdır.

İşgəncə və Pis Rəftar

İşgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir. Sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr üzrə Alt Komitəsi nümayəndələrinin Azərbaycandakı saxlama məntəqələrində müşahidə aparmasına ölkənin rəsmiləri tərəfindən maneə yaradıldığına görə səfərlərini yarıda dayandırmışdır. May ayında,    NİDA-çı gənclərə hökm oxunan gün müxalifət fəalı Kəmalə Bənəniyarlı polis tərəfindən həbs olunmuşdur. O, bildirmişdir ki, polis idarəsində ilkin dindirilmə zamanı polislər bir neçə dəfə onun başına vurublar. Onun vəkilinin bildirdiyinə görə başından döyüldüyü səbəbindən Bənənyarlının baş nahiyəsində bir neçə şiş əmələ gəlmişdir və bu da nəticədə başağrısına və qusmaya səbəb olur. Daxili İşlər Nazirliyi bu iddiaları rədd edərək,  tədqiqat aparmamışdır.

2014-cü ildə həbs edilən gənc fəallar polisdəki saxlanma məntəqələrində döyülməyə, təhdidə və məcburi şəkildə cinayəti boynuna alması kimi zorakılıq hallarına məruz qalmaları haqda şikayətlər etmişdirlər. Onlar həm də özlərinin istədikləri vəkillə təmin olunmamaları ilə bağlı şikayət etmişdir. Məsələn, bloqqer Əbdül Əbilov bildirmişdir ki, o, 2013-cü ilin noyabr ayında polisdə saxlanıldığından yalnız 6 gün sonra vəkillə təmin olunub. O, həm də bildirib ki, o, cinayəti boynuna alana qədər döyülməyə, təhqirlərər və təhdidlərər məruz qalmışdır. Hökumət tərəfindən bu iddialarla bağlı heç bir səmərəli araşdırmalar aparılmamışdır.

Hüquq Müdafiəçiləri

Yuxarıda sadalanan hallardan əlavə, mart ayında polis Gəncə şəhərində müstəqil bir təşkilatın rəhbəri, sosial hüquqların müdafiəçisi Həsən Hüseynli tanımadığı bir şəxsin hücumuna məruz qaldıqdan az sonra xulanlıq ittihamı üzrə saxlanılmışdır. İyul ayında, o, 6 il azadlıqdan məhrum edilmişdir. Həbsindən bir neçə ay əvvəl, polis və yerli məmurlar Hüseynliyə xəbərdarlıq etmişdirlər ki, xarici donorlarla əməkdaşlığını dayandırsın. Oktyabr ayında prezidentin imzaladığı əfv fərmanı ilə Hüseynli həbsdən azad olunmuşdur.  

Azərbaycanda seçkilərin müstəqil monitorinqini keçirən quruma rəhbərlik edən hüquq müdafiəçisi Anar Məmmədli vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifədən sui-istifadə etmək ittihamlarında günahlandırılaraq may ayında beş il yarım azadlıqdan məhrum edilmişdir. Anar Məmmədlidən əlavə, həm də təşkilatın icraçı direktoru Bəşir Süleymanlı üç il altı ay azadlıqdam məhrum edilərkən, tərəfdaş təşkilatın rəhbəri Elnur Məmmədov isə 2 il şərti cəza almışdır.

Aprel və may aylarında ölkənin cənub-şərq bölgəsində müstəqil bir təşkilatın rəhbəri Emil Məmmədli və üzvü Tofiq Qasımov polis tərəfindən həbs olunmuşdur. Bölgədəki yerli hökumətdə korrupsiya halları ilə bağlı iddialar ortaya qoyandan sonra onların hər ikisinə qarşı zorla pul tələb etmə cinayət işi başlanmışdır. Sentyabr ayında onların hər ikisinə şərti cəza verilərək azad olunublar.

Avqust ayında jurnalist və Naxçıvanda yeganə müstəqil qeyri-hökumət təşkilatının  - Demokratiyaya Dəstək Resurs Mərkəzinin hüquq müdafiəçisi olan əməkdaşı Ilqar Nəsibov tanımadığı adamların hücumuna məruz qalmışdır. Nəsibov huşunu itirənə qədər döyülüb və təşkilatın yerləşdiyi ofisi dağıdılıb. Aldığı zərbələrdən Nəsibovun bir neçə qabırğası sınmış, beyin silkələnməsi keşirmiş və bir gözündə müvəqqəti görmə çətinliyi yaşamışdır. Polis iddia edib ki, Nəsibov öz dostu Fərid Əsgərov ilə dava edərkən yaralanıb, lakin Nəsibov polisin bu iddiasının əsassız olduğunu bildirmişdir. Polis özünü sonradan məhkəmədə günahkar olduğunu bildirdiyi Əsgərovu həbs etmişdir. Nəsibov bildirmişdir ki ona hücum edənlər bir neçə nəfər olmuşdur. Nəsibov Əsgərovu bağışladığını və barışığa gedəndən sonra məhkəmə noyabr ayında bu iki şəxsə qarşı cinayət işinə xitam vermişdir.

2014-cü ilin yanvar ayında Azad LGBT təşkilatının keçmiş sədri İsa Şahmarlı özünü təşkilatın göy qurşağı rəngli bayrağı ilə asmışdır. Son olaraq yazdığı qeyddə bildirib ki,  Azərbaycan cəmiyyəti “onun üçün deyil.”  

Əsas Beynəlxalq Güclər

Avropa İttifaqi, Amerika Birləsmiş Ştatları və digər beynəlxalq və regional institutlar və tərəfdaşlar siyasi motivli həbslərə görə Azərbaycan hökumətini tənqid etsələr də, hüquq pozuntuları ilə bağlı kəskinləşən vəziyyətin yaxşılaşdırılması məqsədi ilə hökumətə təzyiq tətbiq etmədilər.

Ölkənin tanınmış hüquq müdafiəçilərinin həbsindən sonra BMT-nin insan hüquqları üzrə 3 eksperti birgə bəyanatla çıxış edərək bu həbsləri ciddi tənqid etmiş və hökuməti “qətiyyət nümayiş etdirməyə və repressiya dalğasını son verməyə çağırmışdır.” Baş verən həbslərlə bağlı həmçinin Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Catherine Ashton və qurumun komissarı Ştefan Füle verdikləri birgə bəyanatlarda rəsmi Bakını “sistematik olaraq ölkədə ictimai fəaliyyəti və vətəndaş cəmiyyəti üçün məkanı daratdığına” görə tənqid etmişdir. Avropa Parlamentinin 2014-cü ilin sentyabr ayında qəbul etdiyi qətnamədə vurğulamışdır ki, AB-nin Azərbaycanla yaxın əməkdaşlıq qurmasının əsas şərti kimi həbsdə olan hüquq müdafiəçilərinin azad edilməsi olmalıdır. Qətnamədə həm də ilə “QHT-ləri qarşı təhdid və repressiyalara son qoymaq üçün” hakimiyyətə çağırış edilmişdir.

ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəsi, Avropa Şurasının Baş katibi və İnsan Hüquqları üzrə Komissarı həbslərlə bağlı ciddi narahatçılıqlarını dilə gətirmişdir. Verdiyi bəyanatda Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı hökumətə müraciət edərək bildirmişdir ki, “ifadə etdikləri fikirlərə görə həbs olunanların hamısı” həbsdən azad olunsun. İyun ayında, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbusların məsələsi üzrə məruzəçi təyin etmişdir.

Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü (MSŞT) verdiyi qərarda bildirmişdir ki, 2015-ci ilin yanvar ayından etibarən Azərbaycanın bu beynəlxalq şəffaflıq qurumuna üzvlük öhdəliklərini necə yerinə yetirməsinin erkən monitorinqini aparacaq. MSŞT - şirkətlər, hökumətlər və QHT-ləri bir araya gətirməklə təbii sərvətlərlə zəngin ölkələrdə neft, qaz və mədən gəlirlərinin necə istifadəsi olunması məqsədiylə açıq ictimai debatları gücləndirmək üçün yaradılan koalisiyadır.

ABŞ Dövlət Departamenti və ABŞ-ın Azərbaycandakı səfirliyi 2014-cü il ərzində çoxlu sayda bəyanatlar verərək, xüsusilə ölkədə ifadə və toplaşma azadlıqlarına qoyulan məhdudiyyətlər və siyasi motivli həbslərlə bağlı narahatçılıqlarını dilə gətirmişdir.