Skip to main content

Azərbaycan

2017-ci ildə baş verənlərin xülasəsi

Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanaraq zorla Azərbaycana  gətiriləndən sonra barəsində həbs-qəti imkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilir.  31 May, 2017. 

© 2017 Azadlıq Radiosu / RFERL

2017-ci il boyunca Azərbaycan hökuməti onu tənqid edənlərə qarşı təzyiqlərini davam etdirib. Məhkəmələr ən azı 25 jurnalisti, siyasi və gənc fəalı siyasi motivli ittihamlar və ədalətsiz məhkəmə qərarları nəticəsində uzun müddətli həbsə məhkum edib. Çoxlu sayda digər fəallar saxlanılıb və ya cinayət işi üzrə istintaqa cəlb edilib, təzyiqlərə məruz qalıb, ölkədən çıxışına qadağa qoyulub və ya məcburi olaraq ölkəni tərk edib. Sərt qanun və qaydalar nəticəsində müstəqil qrupların fəaliyyəti və maliyyəyə çatımlılığı məhdudlaşdırılıb. Həbsxana və saxlanma məntəqlərində işgəncə və pis rəftar hallari davam edib. Homoseksual və transgenderlərə qarşı zorakı kampanya nəticəsində polis çoxlu sayda insanı həbs edib və ya onlara qarşı pis rəftar edib.

Təbii resursların inkişafında hökumətlərin şəffaflığını təşviq edən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (MSŞT) adlı beynəlxalq koalisiya bir neçə xəbərlıqdan və aparılan monitorinqdən sonra Azərbaycanın bu qrupda üzvlük statusunu tam dayandırdı. Buna səbəb kimi ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı halların ortadan qaldırılmaması göstərilib.

Hökuməti tənqid edənlərin təqib edilməsi

Hökumət onu tənqid edənləri cəzalandırmaq məqsədiylə müxtəlif cinayət və inzibati həbslərə əl atıb.

Yanvar ayında, tanınmış dini alim Taleh Bağırzadə da daxil olmaqla 18 nəfər uzun müddətə azadlıqdan məhrum edildi. Məhkəmə prosesində onlar bildirib ki, saxlanıldıqları müddətdə onlar işgəncə və pis rəftara məruz qalıblar. Bu şəxslər 2015-ci ilin noyabr ayında hökumətin siyasətinə müxalifliyi ilə bilinən, dini mühafizəkar Nardaran kəndində polisin reydi nəticəsində həbs olunublar. Onlara qarşı adam öldürmə, terrorçuluq, o cümlədən dini nifrəti təhrik etmək, kütləvi iğtişaşlar təşkil etmək və qanunsuz silah saxlamaq kimi ittihamlar irəli sürülmüşdür.

Həmçinin yanvar ayında, məhkəmə gənc fəal Elgiz Qəhrəmanı narkotik saxlamaq adlı saxta ittihamla günahlandıraraq beş il yarım azadlıqdan məhrum edib. 2016-cı ilin avqust ayında həbs edilən Elgiz Qəhrəmanın ailəsinə onun harada saxlanılması ilə bağlı məlumat verməmiş və vəkilə Elgiz Qəhrəmanla görüşmısinə bir neşə gün icazə verməmişdir. Məhkəmə proseslərində Elgiz Qəhrəman bildirib ki, polis onu döyərək cinsi zorlama ilə hədələyib və narkotik saxlama cinayətini etiraf etməyə məcbur edib. Hakimiyyət bu iddialar ilə bağlı səmərəli araşdırma aparmayıb.

İl ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü azadlıqdan məhrum edilib və ən azı 9 digər üzvü isə siyasi motivlə həbs olunaraq barmaqlıqlar arxasında saxlanılıb. İyul ayında, hazırda qapadılmış olan müxalif Azadlıq qəzetinin maliyyə direktoru və AXCP üzvü Faiq Əmirli dini ədavət yaratmaq və vergidən yayınmaq adlı saxta ittihamlar üzrə günahkar bilinərək azadlıqdan məhrum edib. Sonra o, şərti azadlığa buraxılıb. AXCP-nin digər üzvü və sosial media fəalı Fuad Əhmədli isə iyun ayında 4 il azadlıqdan məhrum edilib. O,  çalışdığı müəssisədə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürməsi adlı saxta ittihamda günahkar bilinib. 2017-ci ilin yanvarında AXCP-nin daha bir üzvü, Fuad Qəhrəmanlını dini ədavəti qızışdırmaqda günahkar bilinərək 10 il azadlıqdan məhrum edilib. Qəhrəmanlı yazdığı Facebook statuslarında hökuməti kəskin tənqid etməsi ilə tanınıb.

May ayında, AXCP-nin sədr müavini Gözəl Bayramlı Azərbaycanın Gürcüstanla sərhəd məntəqəsindəki gömrüyündə həbs olunub. Qaçaqmalçılıqda ittiham olunan Bayramlı hazırda istintaq təcridxanasında saxlanılır.

Siyasi motivli ittihamlarla azadlıqdan məhrum edilmiş çoxlu sayda jurnalist və fəallar hələ də dəmir baqmaqlıqlar arxasında saxlanılır. Məsələn, demokratik yönlü, müxalif Respublikaçı Alternativ (REAL) hərəkatının sədri İlqar Məmmədov, Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-ü il tarixli qərarına və Avropa Şurasının onun azad edilməsinə çağıran tələblərinə baxmayaraq, hələ də həbsdədir. 2017-ci ilin noyabr ayında Avropa Məhkəməsi İlqar Məmmədovun azad məhkəmə hüququnun pozulması  barədə daha bir qərar verib. Hələ də həbsdə saxlanılanların arasına həmçinin jurnalist Seymur Həzi və Nicat Əliyev, gənc fəallardan İlkin Rüstəmzadə, Bayram Məmmədov və Murad Adilov və siyasi fəallardan Məmməd İbrahim və Asif Yusifli də daxildir.

Son iki ildə həbsdən buraxılan fəalların və jurnalistlərin heç birinin üzərindən məhkumluq götürülməyib və bəzilərinin, o cümlədən 2016-cı ildə həbsdə azad olunmuş araşdırmaçı jurnalist Xədicə İsmayılovanın və insan hüquqları vəkili İntiqam Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Hökumət həmçinin məcburən ölkəni tərk etmiş fəalların Azərbaycanda qalan qohumlarına təzyiq göstərib. Məsələn, fevral ayında polis Hollandiyada yaşayan video bloqqer və sosial media fəalı Orduxan Teymurxanın iki yaşlı bacısı uşağı da daxil olmaqla 12 qohumunu saxlayıb. Teymurxanla telefonda danışan polis əməkdaşı onu qohumlarının həbsində səbəbkar olmasını bildirib. Teymurxan bu telefon danışığında polisin səs yazısını qeyd edərək ictimaiyyətlə paylaşıb. Növbəti gün Teymurxanın qohumları azadlığa buraxılsa da, onun böyük qardaşı və qardaşı oğlu guya polisin əmrlərinə tabe olmadıqları ittihamı üzrə günahkar bilinərək 30 gün həbs cəzasına məhkum ediliblər.

İyun ayında Gürcüstanda yaşayan və Azərbaycan hökumətini tənqid edən Vidadi İsgəndərli bidirib ki, hökumət onu cəzalandırmaq üçün onun beş qohumuna təzyiq edərək iş yerlərindən çıxartdırıb.

Oktyabr ayında, vəkillik fəaliyyəti ilə bağlı qanuna etdiyi düzəlişlər nəticəsində Vəkillər Kollegiyasına üzv olmayan vəkillərin nümayəndə kimi məhkəmədə təmsilçiliyinə qadağa qoyulub. Belə bir hal, ölkədə siyasi motivli həbslərdə vəkil kimi çıxış edənlərin sayını daha da azaldacaq. Müşahidəçilər hesab edir ki, Vəkillər Kollegiyası müstəqil fəaliyyət göstərmir və həmçinin yeni üzvlərin qəbulundan imtina üçün arbitrar (özbaşına qərarlara yol açan) səlahiyyətlərdən istifadə edir.

Mətbuat Azadlığı

Hökumət qondarma ittihamlarla, o cümlədən vergidən yayınma və digər saxta cinayət ittihamlardan istifadə edərək jurnalist və bloqqerləri həbs edib. Ən azından 10 jurnalist hazırda həbsdədir. Mart ayında, tanınmış bloqqer Mehman Huseynov guya polis idarəsinin əməkdaşlarına böhtan atmaqda günahkar bilinərək iki il azadlıqdan məhrum edildi. Hüseynov yanvar ayında polis tərəfindən necə saxlanılması və döyülməyi barədə məlumatları ictimailəşdirmişdı.

Yanvar ayında AzelTv internet xəbər saytının rəhbəri Əfqan Sadıqov saxta xuliqanlıq ittihamı üzrə günahkar bilinərək Cəlilabad rayon məhkəməsi tərindən iki il yarım azadlıqdan məhrum edildi. Sadıqov öz yazılarında rayondakı yerli məmurlar tərəfindən sosial yardımların necə mənimsənilməsi haqda mütəmadi yazıları ilə tanınırdı.

May ayında, jurnalist və siyasi fəal Əfqan Muxtarlı naməlum şəxslər tərəfindən Tbilisidən oğurlanaraq qanunsuz olaraq Azərbaycana gətirildi. Azərbaycanda ona qarşı qaçaqmalçılıq, qanunsuz sərhədi keçmə və hökumət məmuruna müqavimət göstərmə ittihamları irəli sürülərək həbs edildi. Muxtarlı 2015-ci ildən təhlükəsizlik səbəbindən Azərbaycanı tərk edərək mühacirətdə yaşayırdı. O, hazırda istintaq təcridxanasında saxlanılır.

May ayında həmçinin polis Kanal 13 onlayn televiziyasının rəhbəri Əziz Orucovu guya polisə müqavimət göstərməkdə günahlandıraraq 30 günlük inzibati qaydada azadlıqdan məhrum etdi. Həbsi müddətində ona qarşı vergidən yayınmaqla bağlı cinayət ittihamları irəli sürüldü. Hazırda Orucov istintaq təcridxanasında saxlanılır.

Avqust ayında ölkənin ilk media orqanlarından biri olan Turan İnformasiya Agentliyinin direktoru Mehman  Əliyevə qarşı saxta cinayət işi irəli sürüldü. Noyabr ayında bu cinayət işi qapadıldı.

May ayında, ölkənin milli təhlükəsizliyinə təhlükə yaratdıqlarını əsas gətirərək bir sıra müxalif və müstəqil media orqanının internet səhifəsinə Azərbaycandan girişinə həmişəlik qadağa qoyuldu. Bu qadağa Azadlıq Radiosunun Azərbaycan Xidmətinin, Azadlıq qazetinin, Meydan TV-nin və digər tanınmış orqanların internet səhifələrinə tətbiq edildi. Mart ayında qəbul edilən yeni qanunlarla mediaya hökumətin nəzarətini daha da artıran parlament iyun ayında qəbul etdiyi daha bir qanunla prezidentin şərəf və ləyaqətini ləkələməyə görə maksimum cəza həddinin 5 il azadlıqdan məhrum etmək olduğunu təyin etdi.  

Toplaşma Azadlığı

Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı ciddi məhdudlaşdırıcı və cəzalandırıcı qaydalar qüvvədə qalır. Bu qaydalar QHTlərin müstəqil fəaliyyətini və maliyyəyə çıxışını demək olar mümkünsüz edir. Yanvar ayında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (MSŞT) qrupunun təzyiqi ilə Nazirlər Kabineti beynəlxalq donorların maliyyə verməsi və və qrant müqavilələrinin qeydiyyatı ilə bağlı qaydalara düzəlişlər etdi. Lakin bu dəyişikliklər, ümumilikdə qrantların qeydiyyatına və ya QHT-lərin fəaliyyətinə tətbiq olunmuş hüquqi bareyerleri oratadan qaldırmadı.

İnsan hüquqları və hökumətin hesabatlılığı ilə bağlı fəaliyyt göstərən QHT-lərin bank hesablarının hökumət tərəfindən dondurulması 2017-ci ildə davam etdi. QHT-lər ölkə daxilində fəaliyyətini dayandırmağa məcbur oldu və ya ölkədən xaricdə işləməyə başladı. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri koalisiyasında təmsil olunan bəzi yerli qrupların daha əvvəl bloklanmış hesablarına yenidən giriş əldə etdilər. Bir sıra QHT rəhbərləri ölkədən çıxışa qadağa, zorakılıq və istintaqa cəlb olunma kimi hallara məruz qaldılar.

Həbsxana və saxlanma məntəqələrində pis rəftar halları

İşgəncə və qeyri-insani rəftarla bağlı cəzasızlıq il boyunca davam edib. 2015-ci ildə Nardaranda həbs olunan 17 nəfərin işi üzrə 2017-ci ilin yanvar ayında keçirilən məhkəmə prosesində müttəhimlər iddia edib ki, saxlanıldıqları dövrdə onlar digərlərinə qarşı ifadə vermək və məcburi etiraflar etmələri üçün işgəncə və pis rəftara məruz qalıblar. Həbs olunanlar bildiriblər ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (MCQMİ) başlarına torba keçirilmiş, qolları bağlanmış, onları cinsiyyət orqanları da daxil ayaqlarının altına vurmaqla dəyənəklərlə döymüşlər. Bəzi məhkumlar bildiriblər ki, onlara qarşı elektroşokdan istifadə edilib və onlara arvadlarının və bacılarının zorlanacağı ilə hədələyiblər. Həbsolunanlar həm də iddia ediblər ki, MCQMİ-yə aparıldıqları maşında çoxlu sayda polis onları döymüş və tapdalamışdır. Hökumət bu iddiaların heç biri ilə bağlı səmərəli araşdırma aparmamışdır.

Yanvar ayında, bir neçə mülki geyimli polis Bakının mərkəzində jurnalist Mehman Hüseynova hücum etmişdir. Onlar Mehmanın gözlərini və ağzını bağlayaraq, başına torba keçırdib və buduna elektroşok tətbiq edərək döymüşdür. Növbəti gün məhkəmə Mehman Hüseynovu guya polisə tabe olmamaqda günahkar bilərək cərimə etmişdir. Hüseynov onun döyülməsi haqda məlumatı ictimailəşdirəndən sonra məhkəmə onu böhtan ittihamı üzrə 2 il azadlıqdan məhrum edib.

2016-cı ilin may ayında çəkdiyi siyasi qraffitiyə görə 10 il azadlıqdan məhrum olunan Qiyas İbrahimov 2017-ci ildə vəkili vasitəsiylə ictimailəşdirdiyi açıq məktubunda iddia edib ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları iyun ayında onun qolunu arxadan bağlayaraq, onu döymüş,  təhqir etmiş və 15 günlük karsa salmışdır. Bu döyülmə iddiası ilə rəsmilər bağlı heç bir səmərəli araşdırma aparmayıb.

Seksual Orientasiya və Gender Kimliyi 

Sentyabr ayında, homoseksual və ya biseksual və transgender qadın hesab olunan çoxlu sayda şəxsi polisə tabe olmama adlı saxta ittiham üzrə günahlandıraraq saxlamışdır. Polis bu saxlanılanlara qarşı pis rəftar edərək onlardan pul tələb edib və həmçinin məcbur edib ki, digər homoseksual şəxslər haqda informasiya versinlər.  Ədalətsiz məhkəmə proseslərindən sonra onların bəziləri 30 günə qədər azadlıqdan məhrum edilib, bəziləri də pul cəriməsi ödədikdən sonra azad ediliblər. Bu şəxslər məruz qaldıqları işgəncə və pis rəftar barədə appelyasiya məhkəməsi proseslərində iddialar səsləndirsələr də, səlahiyyətli orqanlar bu iddialarla bağlı heç bir  araşdırma aparmayıb. 

Əsas Beynəlxalq Qurumlar

Amerika Birləşmiş Ştatları, Avropa Parlamenti və Azərbaycanın digər ikitrəfli və beynəlxalq parntyorları ölkədə müxaliflərin hədəfə alınmasını tənqid etsələr də,  hüquq pozuntuları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinə təzyiq etməyə nail olmayıblar.

Fevral ayında Prezident İlham Əliyev Avropa Birliyi  və Azərbaycan arasında siyasi və iqtisadi əlaqələri genişləndirməyi nəzərdə tutan yeni əməkdaşlıq sazişi üzrə danışıqlara start vermək üçün Brusselə rəsmi səfər edib. Avropa İttifaqı bu danışıqlar prosesini hazırda əsassız yerə həbsdə olan jurnalist və fəalın azad olunması və QHT-lər üzərində məhdudiyyətlərin ortadan qaldırılması ilə şərtləndirməmişdir.

İyun ayında Avropa Parlamentinin verdiyi qətnamədə jurnalist Əfqan Muxtarlının oğurlanması pislənilib və Azərbaycan hökumətindən tələb edilib ki, onu və siyasi motivlə həbs olunan digər şəxsləri həbsdən azad etsin.

Mart ayında, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (MSŞT) təşkilatı Azərbaycanın bu qrupdakı üzvlüyünü dayandırdı. Bu qərara reaksiya olaraq  Azərbaycan hökuməti özünün bu qrupdan çıxdığını bəyan etdi. Dünya Bankı kimi beynəlxalq maliyyə qurumları MSŞT-yə dəstəklərini bəyan etsələr də, hökumətin MHŞT tərəfindən tələb olunan islahatların həyata keçirilməməsinə baxmayaraq, bu maliyyə institutları Azərbaycanda hasilat layihələrini maliyyələşdirməyə davam etdilər.

İyun ayında, Amerika Dövlər Departamenti jurnalist Əfqan Muxtarlının və AXCP-nin sədr müavini  Gözəl Bayramlının həbsi ilə bağlı narahatlığını bildirib və hökumətə çağırış edərək “fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsolunanların hamısının” azad etməyə çağırıb.

Oktyabr ayında Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarının icra edilməməsinə görə Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə prosedurundan istifadəyə qərar verdi. Avropa Şurasının tarixində hələ heç bir üzv ölkəyə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. 

Həmçinin oktyabr ayında,  Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı iki tənqidi qətnamə qəbul etdi. Bu qətnamələrdə Azərbaycan hökumətindən tələb olunub ki, ölkədə hökuməti tənqid edənlərə qarşı hücumları dayandırsın.

İyun ayında,  hökumətlərdə şəffaflığı və hesabatlılığı təşviq edən könüllü beynəlxalq təşəbbüs qrupu olan Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsləri (Open Government Partnership)  “Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şəraitin pis olması səbəbindən” ölkənin statusunu daha bir il müddətinə qeyri-aktiv saxlamağa qərara verdi.