Skip to main content

2014 Dünya üzrə Hesabat: Azərbaycan.

2013-cü ildə baş vermiş hadisələr.

Ordudakı qanunsuzluqlara və qeyri-döyüş şəraitində bir əsgərin ölməsinə etiraz olaraq 10 mart 2013-cü ildə Bakıda keçirilən icazəsiz dinc aksiyanı dağıtmaq üçün polis su şırnaqı vuran maşınlardan istifadə edir.

© 2013 Reuters

Azərbaycanda ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları sahəsində acınacaqlı durum 2013-cü il ərzində daha da ağırlaşmışdır. Qondarma ittihamlar əsasında hökumət çoxlu sayda siyasi fəalı və tənqidçi jurnalisti həbs etmiş, dinc aksiyaları dağıtmış və fundamental azadlıqları daha da məhdudlaşdırmaq məqsədilə qanunlara dəyişiklər tətbiq etmişdir. Hökumətin apardığı repressiv siyasət 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinin fonunda davam etmişdir. Bu seçkilərdə hazırkı Prezident İlham Əliyev üçüncü müddətə ölkəyə rəhbərlik etmək üçün səslərin 84.5 faizi ilə yenidən prezident seçilmişdir.

Paytaxt Bakı şəhərinin abadlaşdırılması kampaniyası adıyla hökumətin apardığı işlər il boyunca davam etmiş və bunun nəticəsində yüzlərlə ailə yetərli kompensasiya ilə təmin olunmadan məcburi şəkildə öz evlərindən çıxarılmışdır.

Beynəlxalq güclər Azərbaycan hökuməti ilə qarşılıqlı əməkdaşlıqlarının potensialından tam yararlana bilmədiyinə görə insan hüquqları sahəsində ölkədə durumun yaxşılaşdırılması istiqamətində hökumətə təzyiq göstərə bilməmişdir. İşgəncə və pis rəftar cəzasızlıq mühitində hələ də davam etməkdədir.

Seçkilər

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) olan beynəlxalq müşahidəçilər prezident seçkilərini tənqid edərək, onun beynəlxalq standartlara uyğun olmadığını bəyan etmişdir. Müşahidəçilərin qiymətləndirmələrinə görə müşahidə apardıqları seçki məntəqələrinin 58%-də səslərin sayılması prosesi pis və ya daha pis olmuşdur. Müşahidəçilər həmçinin qeyd etmişdir ki, müxalifət fəallarının həbsi və təhdid olunması, medianın məhdudlaşdırılması, toplaşma və birləşmə azadlıqlarının pozulması seçki kampaniyası dövrünə mənfi təsir göstərmişdir. Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentindən olan beynəlxalq seçki müşahidəçiləri isə bu seçkiləri yumşaq formada tənqid etmişdir.

Siyasi Motivli Təqiblər

2013-cü il ərzində, hökuməti tənqid edən siyasi fəalları həbs etmək üçün hökumət həmin fəallara qarşı narkotik və silah saxlama, xuliqanlıq, dini-siyasi-irqi ayriseçkilik salma və hətta vətənə xəyanət kimi müxtəlif saxta ittihamlardan geniş istifadə etmişdir. Ölkədə saxlanılan və həbs olunanların sırasına müxalifət partiyalarının yüksək ranqlı üzvləri daxildir, məsələn, iğtişaş törətməkdə günahlandırılaraq 4 fevral tarixində həbs olunan REAL Hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu; İyun ayında guya bir Qarabağ müharibəsi veteranını döyməsinə görə xuliqanlıqda ittiham olunaraq həbs olunan Müsavat partiyası başqanının müşaviri Yadigar Sadıqov; Azad Gənclik təşkilatının fəalı İlkin Rüstəmzadə əvvəlcə bir komediya səhnəsini guya çəkməkdə günahlandırılaraq ona qarşı xuliqanlıq maddəsi irəli sürülərək həbs edilsə də, sonradan o, iğtişaş törətmək adlı yeni ittihamla günahlandırılmışdır.

2013-cü ilin mart və aprel aylarında müxalifyönümlü NİDA gənclər hərəkatının 7 üzvü narkotik saxlama və digər ittihamlar əsasında həbs edilmişdir. Hökumətin iddiasına görə, guya bu gənclər keçiriləcək dinc bir aksiyada zorakılıq törətməklə bağlı planları var imiş. Bu hesabatın hazırlandığı dövrdə həmin gənclərin məhkəməsi hələ davam edirdi.

Noyabr ayında məhkəmənin qərarı ilə tanınmış bloqqer və hökumətə qarşı tənqidləri ilə tanınan Rəşad Ramazanov və ilahiyyatçı alim və fəal Taleh Bağırov narkotik saxlama adlı qondarma ittihamlar üzrə günahlandırılaraq müvafiq olaraq 9 və 2 il həbsə məhkum edilmişdirlər.

Xalq Cəbhəsi Partiyasının fəalı Daşqın Məlikov sosial mediada hökuməti tənqid etdikdən az sonra mart ayında narkotik saxlama ittihamı üzrə təqsirli bilinərək 2 il 6 ay həbs cəzası alıb.

Mart və may aylarında baş verən iki ayrı insidentdə siyasi müxalifətin rəhbərlərindən olan İbrahim İbrahimli və prezidenti açıq şəkildə tənqid edən keçmiş müdafiə naziri Rəhim Qazıyev təhlükəsizlik orqanları əməkdaşları tərəfindən saxlanılaraq, gözləri və əlləri bağlanmış və pis rəftara məruz qalmışdırlar.Onların hər ikisi bir neçə saatdan sonra sərbəst buraxılmışdır.

Media Azadlığı

2013-cü ilin may ayında Azərbaycan parlamenti böhtan və təhqirə görə cinayət təqibinin əhatəsini daha da genişləndirərək onu “kütləvi nümayiş etdirildiyi halda internet resurslarına” da şamil etmişdir.

2013-cü ildə ən azı 5 jurnalist tənqidi və araşdırmaçı jurnalistika fəaliyyəti ilə məşğul olduqlarına görə şübhəli ittihamlarla həbsə məhkum edilmişlər.

Mart ayında müxalif yönumlu Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı hədə-qorxu ilə rüşvət almaq və vergidən yayınma adlı saxta ittihamlarla günahlandırılaraq 9 il azadlıqdan məhrum edilmişdir.

Aprel ayında Xəbər44.com onlayn xəbər agentliyinin baş redaktoru Araz Quliyev qanunsuz silah saxlamaq və iğtişaşları təşkil etmək adlı saxta ittihamlar əsasında günahkar bilinərərək 8 il azadlıqdan məhrum edilmişdir.

Müxalifyönümlü Nota Bene qəzeti və PS Nota xəbər portalınınrəhbəri Sərdar Əlibəyli saxta xuliqanlıq ittihamı üzrə günahlandırılaraq 2013-cü ilin noyabr ayında 4 il həbsə məhkum edilmişdir.

Talışo Sədoqəzetinin 2012-ci ildə həbs olunmuş baş redaktoru Hilal Məmmədov 2013-cü ilin sentyabrında qanunsuz narkotik saxlama, vətənə xəyanət və digər maddələr üzrə günahlandırılaraq 5 il həbsə məhkum edilmişdir. Sentyabr ayında həmçinin Moderator.az xəbər portalının redaktoru və müxalifyönümlü Bizim Yol qəzetinin əməkdaşı jurnalist Pərviz Həşimov polis tərəfindən həbs olunmuşdur. Bu hesabat hazırlanarkən, Həşimova qarşı qaçaqmalçılıq və qanunsuz silah saxlama ittihamları üzrə məhkəmə işi davam edirdi.

Mart ayında yerli televiziya kanalı olan Xəyal TV-nin icraçı direktoru və baş redaktoru iğtişaşlarda iştirak etmək adlı maddə də daxil olmaqla bir neçə ittiham üzrə günahlandırılaraq 3 il şərti olaraq azadlıqdan məhrum edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.

Azad Avropa/Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı ölkə prezidentinin ailəsi və bu ailəyə yaxın şəxslərin biznes holdinqləri ilə bağlı araşdırmalar apardığına görə 2012-ci ildən başlayan qaralama kampaniyası 2013-cü il boyunca davam etmişdir. Hökumətyönümlü qəzet və saytlar İsmayılovaya qarşı məqalələr yazmaqla və videolar paylaşmaqla jurnalistin özü və ailə üzvlərini şəxsən hədəf almışdır. Azadlıq Radiosunun digər əməkdaşı Yafəz Həsənov təhlükəsizlik orqanları tərəfindən qaralama kampaniyası və təhdidlərə məruz qalmışdır. Həsənov Naxçıvanda bir saxlanma məntəqəsində 2012-ci ildə şübhəli şəkildə ölən bir şəxsin işi ilə bağlı apardığı jurnalist araşdırmasını dayandırmaqla bağlı xəbərdarlıqlara məhəl qoymadığına görə bu təzyiqlərə məruz qalmışdır.

Fevral ayında ölkənin tanınmış yazıçısı Əkrəm Əylisli yazdığı bir romanında Azərbaycanın müasir tarixinin tənqidi analiz etdiyi və ermənilərə qarşı edilən rəftarla bağlı bəhs etdiyi üçün hökumət tərəfindən təşkil olunan qaralama kampaniyasının hədəfinə çevrilmişdir. Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Əkrəm Əylislinin “Xalq Yazıçısı” fəxri adı ondan alınmış və o, hökumət tərəfindən verilən təqaüddən məhrum edilmişdir; onun həyat yoldaşı və oğlu da işlədikləri iş yerlərindən çıxarılmışdır.

Noyabr ayında müxalifyönümlü gündəlik Azadlıq qəzeti maliyyə çətinlikərinə görə müvəqqəti olaraq nəşrini dayandırmışdır. Maliyyə çətinliklərinin səbəbi qəzetə qarşı bəzi hökumət rəsmiləri tərəfindən qaldırılan defamasiya iddiları ilə bağlı məhkəmə işləri, qəzetin bank hesabının dondurulması və qəzetin yayımına hökumət tərəfindən tətbiq olunan məhdudiyyətlər olmuşdur.

Toplaşma Azadlığı

Hökumət dinc aksiyaları bəzən zordan istifadə edərək dağıtmış və etirazçıları həbs etmişdir. 2012-cil ilin noyabr və 2013-cü ilin may aylarında parlamentin qəbul etdiyi qanunlara əsasən icazəsiz etiraz aksiyalarında iştirak etməyə və bu aksiyaları təşkil etməyə görə qanunda nəzərdə tutan cərimənin miqdarını 100 dəfədən çox artmışdır. Edilən digər dəyişikliklərə görə həbslə nəticələnən ictimai asayiş pozuntuları üzrə maksimum həbsdə qalma müddəti 15 gündən 60 günə qədər uzadılmışdır.

Yanvar ayının 26-da polis Bakının mərkəzində 60-dan çox dinc etirazçını həbs edərək onlara qarşı həddən artıq gücdən istifadə etmişdir. Onlardan 5 nəfəri inzibati hüquqpozmada günahlandırılaraq yerli məhkəmələrin qərarı ilə 15 günədək həbsə məhkum edilərkən, 20 fəal isə icazəsiz aksiyada iştirak etdiklərinə və polisə müqavimət göstərdiklərinə görə 2,500 AZN (təxminən US$3,200) həcmində cərimələnmişdir.

Polis paytaxt Bakının mərkəzində 10 Mart 2013 tarixində keçirilən digər bir dinc aksiyanın dağıdarkən su vuran maşınlardan və göz yaşardıcı qazlardan istifadə etmişdir. Çoxlu sayda etirazçı polis tərəfindən həbs edilmişdir. 20-dən çox aksiya iştirakçısı inzibati hüquqpozma əsasında günahlandırılaraq onlardan 5 nəfəri yeddi sutkalıq həbsə məhkum edilmiş və digərləri isə 600 AZN (təxminən 760 ABŞ dolları) miqdarında cərimələnmişlər.

Birləşmə Azadlığı

2013-cü ilin fevralında qanunvericiliyə edilən dəyişikliklər nəticəsində qeydiyyatı olmayan təşkilatların qanuni şəkildə qrant və ianə alması mümkünsüz edilmişdir. Bu dəyişikliklərlə hökuməti tənqid edən fəaliyyət ilə məşğul olan və hökumətin uzun müddətdən bəri dövlət qeydiyyatına almaqdan imtina etdiyi qrupların durumu daha çətin vəziyyətə düşmüşdür. Edilən digər dəyişiklərə görə donordan maliyyə alan QHT-lərin Ədliyyə Nazirliyi ilə müvafiq qrant müqaviləsini imzalamadığı və qeydiyyatdan keçirmədiyi təqdirdə onlara tətbiq ediləcək cərimənin məbləği 5 dəfə artırılmışdır.

Hökumət 2011-ci ildən qeydiyyat üçün müraciət edən İnsan Hüquqları Klubu (İHK) təşkilatını rəsmi dövlət qeydiyyatına almaqdan imtina etmişdir.

İşgəncə və Pis Rəftar

İşgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir. Həbsxanalarda müstəqil olaraq monitorinq aparan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin verdiyi məlumata görə 2013-cü ilin ilk doqquz ayında saxlanma məntəqələrində pis rəftar iddiası ilə bağlı təşkilata 96 şikayət ərizəsi daxil olmuşdur.

Saxlanma məntəqələrində siyasi fəalların məruz qaldığı döyülmə, təhdid və digər zorakılıq halları ilə bağlı etibarlı iddiaların olmasına baxmayaraq hökumət tərəfindən bu hallarla bağlı səmərəli araşdırmalar aparılmamışdır. 2013-cü ilin mart ayında NİDA fəalı Məhəmməd Əzizov vəkilinə bildirmişdir ki, əvvəlki etiraflarından imtina etdiyinə görə saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin binasında həmin idarənin əməkdaşları onun başına və ayaq nayihələrinə dəyənəklə vuraraq döymüşdür. Döyülmələrin nəticəsi olaraq Əzizov 4 gün yeriyə bilməmiş və sol qulağında eşitmə qabiliyyətini itirmişdir.

May ayında, Rəşad Ramazanov vəkilinə bildirib ki, tutulub gətirilərkən polis maşında döyülüb və həbsinin ilk üç günündəki istintaq dövründə döyülmələrə məruz qalıb.

Evlərdən Məcburi Köçürülmələr və Qanunsuz Söküntülər

2013-ci ildə, hökumət Bakı şəhərinin yenidən qurulması ilə bağlı proqramın icrasını davam etdirmişdir. Bu proqramın icrası donəmində, hokumət çoxlu sayda mülkü, xususilə orta sinfin məskunlaşdığı ərazilərdəki bina və evləri qanunsuz olaraq məcburi şəkildə ozgəninkiləşdirmişdir. 2013-cü ilin may ayında Bakının mərkəzindəki Qış Parkının açılması ilə əlaqədar çoxlu sayda ev sahibi məcburi olaraq öz evlərindən çıxarılmışdır. Əvvəlki illərdə də yüzlərlə ev sahibi evlərindən qanunsuz olaraq məcburi şəkildə çıxarılmış və həmin ərazilərdə parklar, yollar, ticarət mərkəzi və təmtəraqlı yaşayış binaları tikmək məqsədiylə onların evləri ucurulmuşdur. Evlərindən məcburi olaraq çıxarılan insanların aldıqları kompensasiya bir çox hallarda mövcud bazar qiymətindən çox aşağı olmuşdur.

Hüquq Müdafiəçiləri

2013-cü ilin fevral ayında insan hüquqları üzrə vəkil Bəxtiyar Məmmədov böyük həcmdə zorla pul tələb etmək adlı siyasi motivli ittiham əsasında 8 il həbsə məhkum edilmişdir. Məmmədov vəkil qismində 2012 –ci ildə öz evlərindən zorla çıxarılan və evləri uçurulan bir çox sakinin hüquqlarını qoruyurdu.

2013-cü ilin may ayında həbsdə olan Rəşad Ramazanovun saxlanıldığı polis məntəqəsində döyülməyə məruz qalması ilə bağlı faktlar vəkil Aslan İsmayılov tərəfindən ictimailəşdirildikdən sonra İsmayılov polis tərəfindən qısa müddətə saxlanılıb, döyülüb və təhdid edilmişdir. Sentyabr ayında İsmayılovun vəkillər kollegiyası üzvlüyündən xaric edilməsi barəsində məhkəmə qərar vermişdir.

Əsas Beynəlxalq Güclər

Avropa İttifaqi, Amerika Birləsmiş Ştatları və digər beynəlxalq və regional institutlar insan hüquqlarının durumuna görə Azərbaycanı 2013-dü ildə tənqid etsələr də, hüquq pozuntuları ilə bağlı vəziyyətin yaxşılaşdırılması məqsədi ilə siyasi təzyiq tətbiq etmədilər.

2013-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi qətnamədə “siyasi fəallara və jurnalistlərə qarşı güman edilən saxta ittihamların irəli sürülməsi” ilə bağlı narahatlıq ifadə edilmiş və Azərbaycandan xüsusilə “həbsi əsaslı şübhələr və legitim problemlər doğuran” məhbusların azad olunması tələb edilmişdir. AŞPA məhz Azərbaycanda siyasi məhbuslar məsələsinə dair oxşar qətnaməni qəbul etmədi.

2013-cü ilin iyul ayında Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muiznieks “tənqidi fikirlər səsləndirən jurnalistlər və digər insanların əsassız və selektiv şəkildə cinayət təqibinə məruz qalması praktikasının … nəzərə çarpacaq dərəcədə artması” halları ilə bağlı ciddi narahatçılığını dilə gətirmişdir. O, həmçinin ölkədə ifadə, toplaşma, birləşmə azadlıqlarına və mülkiyyət hüquqlarına tətbiq edilən məhdudiyyətləri tənqid etmişdir.

2013-cü ilin fevralında Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Catherine Ashton və təşkilatın komissarı Ştefan Füle hakimiyyət orqanlarından İlqar Məmmədova və Tofiq Yaqubluya qarşı “ittihamların qısa müddətdə, ədalətli, şəffaf və müstəqil araşdırılması”nı tələb etmiş və “əsas hüquq və azadlıqlarından istifadə etmək istəyən jurnalistləri və siyasi fəallari gələcəkdə həbs etməkdən çəkinməyə” çağırmışdır. 2013-cü ilin iyununda Ashton və Füle böhtana görə cinayət məsuliyyətini sərtləşdirən qanunvericiliklə bağlı məyusluqlarını ifadə etmişdilər.

2013-cü ilin martında təqdim olunan Avropa Qonşuluq Siyasətinə (AQS) dair tərəqqi hesabatında Aİ qeyd etmişdir ki, Azərbaycan “AQS üzrə əldə olunmuş nəticələrə dair keçən ilki hesabatda ehtiva edilən əsas tövsiyələrin yalnız bir neçəsini yerinə yetirib”. Ölkədə ifadə, toplaşma və birləşmə azadlıqları sahəsində davam edən ciddi hüquq pozuntuları hesabatda əks olunub.

Aprel ayında, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmalı çərçivəsində Azərbaycanla bağlı müzakirələr ikinci mərhələyə keçmişdir. Azərbaycan hökuməti BMT-nin insan hüquqları məruzəçilərinə ölkəyə səfər etmələri üçün dəvətnamə təklif etmişdir. Hökumət ifadə, toplaşma və birləşmə azadlığı üzrə edilən tənqidləri qəbul etsə də ölkədəki hüquq pozuntularınının mövcudluğunu inkar etməkdə davam etmişdir.

ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəsi Dunya Miyatoviç Azərbaycanın hökumətinin ifadə azadlığını məhdudlaşdırmasını, o cümlədən böhtana görə cinayət məsuliyyətinin sahəsinin artırılmasını və Əvəz Zeynallının doqquz il müddətinə həbs edilməsi ilə bağlı məhkəmə hökmünü tənqid etmişdir. 2013-cü ilin iyul ayında Azərbaycan hökuməti ATƏT-in Bakı nümayəndəliyin tam-hüquqlu mandatının azaldılmasına nail olaraq ofisin mandatını Layihə Koordinatoru səviyyəsinə qədər azaltmışdır. Bu hesabatın hazırlandığı vaxt ATƏT-in Bakı ofisinin yeni mandatının detayları elan olunmamışdı.

Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair illik hesabatında ABŞ Dövlət Departamenti ölkədə ifadə və toplaşma azadlıqlarına qoyulan məhdudiyyətlər və siyasi motivli həbslərlə bağlı narahatçılığını bildirmişdir. ABŞ-ın Azərbaycandakı səfirliyi 2013-cü il ərzində insan hüquqları sahəsində baş verən hadisələrlə bağlı narahatlıq ifadə edən bir neçə bəyanatla çıxış etmişdir.